Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Azərbaycanın ərazi bütövlüyünün bərpası və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əlamətdar günlərdən biri olan 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ölkəmizdə böyük sevinc və qürur hissi ilə qeyd olunur. Həmin gün Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin təzahürü kimi də mühüm əhəmiyyət kəsb edir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Parlamentari bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq bu əlamətdar günün mənəvi əhəmiyyətini bir daha vurğulayıb.
"2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü qeyd olunmuşdur. Bundan üç il əvvəl Şuşa şəhərinin işğaldan azad edilməsi və düşmən ordusunun təslim olması ilə İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnmişdir. Bu hadisə xalqın 30 ildən çox davam edən mübarizə əzminin təcəssümü kimi tarixi önəm kəsb edir.
Azad olunmuş ərazilərin inkişafı və iqtisadi potensialının artırılması üçün bir sıra strateji layihələr həyata keçirilmişdir. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində “Qarabağ Universiteti” yaradılmışdır. Bu ali təhsil müəssisəsi regionda yüksəkixtisaslı kadrların hazırlanmasına, işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinə təkan verəcək bir mərkəzdir.
2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati bölgüsündə dəyişiklik edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonu yaradılmışdır. Bu addım regionun inzibati inkişafını və əhalinin rifahının yüksəldilməsini təmin edir. Qarabağ bölgəsinin azad olunmuş hissələrində idman və mədəniyyət sahəsində də əhəmiyyətli uğurlar əldə edilmişdir. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final oyununu Xankəndidə keçirmişdir. Bu, 30 illik fasilədən sonra bölgədə keçirilən ilk rəsmi futbol görüşü olaraq böyük tarixi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin azad olunmuş Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərinə səfərləri regionun inkişafına verdiyi önəmi əyani şəkildə göstərir. Xankəndidə Dövlət Bayrağının ucaldılması, yeni ali təhsil müəssisələrinin yaradılması, hotellərin açılışı və iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi bölgədə həyatın canlanmasını təmin etmişdir. Hər bir səfər və həyata keçirilmiş layihə, həmçinin azad edilmiş ərazilərin ictimai, mədəni və iqtisadi baxımdan yenidən qurulmasının göstəricisidir.
Xocavənd rayonunun Tuğ və Azıx kəndlərində bərpa işləri, tunel və yol infrastrukturunun yaradılması, Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi, fərdi evlərin və infrastrukturun bərpası, Ağdərədə yeni yaşayış komplekslərinin istifadəyə verilməsi kimi tədbirlər regionun sosial-iqtisadi inkişafının mühüm nümunələridir.
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü azad edilmiş ərazilərin gələcək inkişafının rəmzi kimi mühüm əhəmiyyət daşıyır. Həmin günün qeyd olunması, həmçinin milli həmrəyliyi gücləndirir və gələcək nəsillərə Vətən uğrunda fədakarlıq nümunələrini çatdırır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.