2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb.
Tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub.
Redaktor.az cebheinfo.az-a istinadən xəbər verir ki, Ordubad Peşə Liseyinin “Xalçaçı” ixtisasına qəbul olan 78 yaşlı Hicrət Yusifovadır:
- Hicrət xanım, sizin haqqınızda bilmək istəyərdik...
- Mən 1946-cı ildə noyabrın 19-da anadan olmuşam. Sonra 1953-cü ildə Məmmədtağı Sidqi adına 1 nömrəli məktəbin I sinifinə getmişəm. 1963-cü ildə məktəbi qurtarmışam. Sonra ailə qurmuşam və 1967-ci ildə birinci övladım dünyaya gəlib. Hazırda 5 uşağım, 12 nəvəm, 12 nəticəm var. Artıq 3 ildir ki, həyat yoldaşım vəfat edib. Doğrudur, kasıb ailə olmuşuq, ancaq mehriban olmuşuq.
-78 yaşda oxumaq necə hissdir? Bu ixtisasa maraq necə yarandı?
- Mən əvvəllər ipəkəyrici fabrikdə çalışmışam. Ordubad Peşə Məktəbinə qəbul elan olunmuşdu. Məndə nəsə xalçaçılığa maraq oyandı. Düşündüm ki, gedim öyrənim. Gənclər baxsınlar, həvəsə gəlsinlər. Öz istəyimlə bu peşəni seçmişəm.
-Ailənizdə bu peşə ilə məşğul olan olubmu?
-Xeyr. Ailəmizdə xalça toxuyan olmayıb. Bilmirəm, bəlkə də keçmişdə nənələrim bu peşəni biliblər. Ancaq mən onları görməmişəm. Ona görə də deyə bilmərəm ki, nəslimizdə olub. Ancaq qonşularımız var idi. Bizim həyət böyük idi deyə gəlib orada əl ilə xalça toxuyardılar. İndiki kimi texnika ilə deyildi. O zaman xalça toxumaq başqa cür idi. Mən də o zaman baxıb, bir az öyrənmişdim.
-Ailədə övladlarınız sizin bu ixtisası seçməyinizə, peşə məktəbində oxumağınıza necə baxır?
-Övladlarımın hərəsinin öz ailəsi, uşaqları var. Onlar mənə maneə yaratmır.
-Bu peşəni öyrənmək çətin gəlmirmi?
-Yox, çətin deyil. Əvvəldən də fabrikdə işlədiyim üçün mənə yaxın peşədir. Yəni elə də fərq yoxdur.
-Peşə məktəbi bitirdikdən sonra fəaliyyətinizi harada davam etdirəcəksiniz?
-Allah ömür verərsə, imkan olar, işləyərəm. Ümumiyyətlə, fikrim işləməkdir.
-Gələcəkdə bu peşənizi nəvələrinizə öyrətmək fikriniz varmı?
-Allah qismət edərsə, öyrədərəm.