AZ

İlahiyyatçı: "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb"

İlahiyyatçı Təyyar Hüseynli İslamda kişilərin saqqal saxlaması barədə Allah tərəfindən heç bir əmrin olmadığı, saqqala qarşı çıxılması barədə səslənən fikirlərə münasibət bildirib.

 

İlahiyyatçı Pravda.az-a açıqlamasında deyib ki, Allah yaradılışdan qadın və kişiyə aid fərqli xüsusiyyətlər verib və bunun Yaradanın hikmətindən qaynaqlanan bilmədiyimiz çox dərin səbəbləri var.

 

“İlk insan Adəm Peyğəmbər kişi idi və Həvva yaranandan sonra onların anatomiyası, fiziologiyası çox ciddi fərqləndi. Qədim ədəbiyyatlardan, ustadlardan görüb-götürdüyümə, oxuduğuma görə, Adəmlə Həvva üz görünüşündə fərqli dəyərləndirmə istədilər. Adəmin üzündə olan tüklər daha qabarıq, çox olması ilə Havvanın üzündəki tüklərdən fərqləndi. Lakin hazırda “müasirlik” dediyimiz anlayışda belə bəzən qadın və kişinin üzünü, saç düzümünü, qaş-gözünü fərqləndirmək çətinləşir. Saqqal barədə fikir bildirənlər dərindən oxusunlar. Haradasa nəsə şablon görüb oxuyublar. Məsələyə səthi yanaşmasınlar. Bu, ciddi, çox dərin fəlsəfi məsələdir. Kişinin üzündə qadına nisbətən tüklərin daha qabarıq çıxması yaradılış fəlsəfəsidir. Tibbi nöqteyi-nəzərdən də saqqalın əhəmiyyəti var. Təbii ki, gigiyenik, baxımlı saqqaldan söhbət gedir. Bəlkə, minimum bir saat saqqalın tibbi müsbət əhəmiyyətləri barədə danışa bilərəm. Saqqala qarşı çıxanlar onun sağlamlıq cəhətdən çox faydalı olmasını araşdırsınlar, görsünlər ki, tibbi nöqteyi-nəzərdən nə dərəcədə xeyirlidir. Hər gün təraş olmaq isə üzdə fəsadlar yaradır. Məsələnin milli tərəfinə gəlincə, Nizamilərə, Füzulilərə, Sabirlərə, Şirvanilərə, milli folklorumuaq, geyimlərimizə, tarixi keçmişimizə baxıb görün ki, milli baxımdan saqqalın nə dərəcədə xüsusi önəmi var. Bunu aforizmlərdə də aydın görmək olar. “Ağsaqqal”, "Saqqalım yoxdur, sözüm keçmir", "Məni yüngülsaqqal etmə" kimi ifadələr kişilərdə saqqalın önəmini göstərir. Deməli, saqqal bizə doğmadır. Dərin dini təhsili olanlar bilirlər ki, üzdə çənənin alt sümüyünün üstündə saqqal saxlamaq icazəlidir və çoxu-azı yoxdur. Dərin dini təhsili olanlardan söhbət gedir, özbaşına araşdırmaçılardan yox. Hansısa sahəni dərindən bilmir, özü üçün araşdırır, məlumat yığır. Araşdırmaçı adamların dərin dindən danışmalarını heç qəbul etmirəm, bu mövzuda görünməsələr, yaxşıdır. Gülünc görünür və cəmiyyətdə çaşqınlıq yaradır. Dərin təməlli dini təhsili olmayan dindən danışmasın. İnsanları çaşdırır, azdırır. Danışılan sözdən sonra bilinir ki, bunun titulları nə dərəcədə ciddidir. İmam Əlidən bir hədis var ki, kişinin hansı keyfiyyətdə insan olduğu danışandan sonra bəlli olur. Yəni kişi dilinin altındadır. Bir qədər üzdə tük görünməsi İslama, hədislərə əsasən icazəlidir. Hədislərə görə, peyğəmbərlərin, imamların hər birinin saqqalının olmasından, yəqin xəbəriniz var. İsa Məsihin ikonalarına, təsəvvürlə çəkilmiş rəsm işlərinə baxın. Din deyir ki, çənənin altındakı sümükdə az da olsa, tük olsun. Hədislər aforizm deyil, onların kökü İlahi göstərişə istinad edir. Bütün İslam məzhəbləri, məktəbləri deyir ki, bığ olmasa da, olar. Bığı kökündən təmizləmək icazəlidir. Yanaqlardakı tükü də təmizləyə bilərik. Alt çənədə isə tük olmalıdır. Neçə santimetr, millimetr olması məsələsi yoxdur. Bir qədər ifratı, təfriti gözləməyənlər gigiyenik, estetik normativləri pozanlar, öz ağlına görə saqqalı həqiqətən çox gülünc, qorxunc iyrənc tərzdə saxlayanlar var. İslam dininə görə isə təmiz, gözəl, baxımlı saqqal saxlamaq gözəldir. Bütün məzhəblərdə, məktəblərdə hacılar, hocalar saqqal saxlayır. Amma normativlərə görə. Saqqal ikrah hissi oyadılası, sual yaradan, nifrət formalaşdıran, gerizəkalılıq, qədim daş dövründən qalıbmış kimi təbliğ olunası məsələ deyil. "Möhtəşəm yüz il" adlı məşhur türk serialından sonra Osmanlı sultanların, paşaların saqqalını o qədər gündəmə gətirdilər ki, həmin vaxtdan bütün Azərbaycanda saqqala qarşı simpatiya formalaşdı. Mən də az-çox saqqal saxlayıram. İstəyirəm ki, estetik, gigiyenik olsun. Azərbaycanda efirə gələn ilahiyyatçıların içində sadə, qaynayıb-qarışan, hər kəsin geyindiyindən geyinən, danışdığından danışan, heç bir qabarıq fərq olmayan ilahiyyatçı-din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb. İlahiyyatçı kimi sosial-analitik layihələrə getdim. Məsciddə geyindiyim forma ilə, qəribə saqqalla, dinə aid xüsusi libaslarla efirə getsəydim, təbii ki, qəribə görünərdi. Allah Rəsulu deyib ki, geyim tərzində belə cəmiyyətdən fərqlənməyin”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 19 Sentyabr 2025, 16:52   
Seçilən
18
1
pravda.az

2Mənbələr