AZ

Paşinyanın çevriliş planı: Namizəd də tapıb

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini devirmək planını yekunlaşdırıb”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Johovurd” qəzeti belə yazıb. “Əgər bundan əvvəl o, Milli Məclisin tribunasından şura yaradaraq İncil oxumuş insanlarla mənəvi görüş üçün Eçmiədzinə getmək niyyətini bəyan edirdisə, indi bu ideya konkret proqrama çevrilib. 

“Əldə etdiyimiz məlumata görə, hakimiyyət kilsə daxilində onlara təzyiq edildiyini və müxalifətin mitinqlərində iştirak etməyə məcbur olduğunu iddia edən keşiş Aram Asatryanın sözlərindən istifadəni planlaşdırır. 

Paşinyanın planına görə, o, bu ifadələrə əsaslanaraq atdığı addımları inanclı insanların hüquqlarının qorunması kimi təqdim etməyə çalışacaq və katolikosun tabeliyində olanlara təzyiq göstərdiyi, dövlətin isə kilsəni sonunculardan qorumalı olduğuna dair tezis irəli sürəcək. 

Belə olan halda II Qaregin keşiş Aramı tənbeh etsə və ya vəzifədən kənarlaşdırmaq qərarına gəlsə, bu, Paşinyan üçün əsl “hədiyyə” olacaq. Bu, növbəti cəza tədbiri kimi qəbul ediləcək və hakimiyyət fürsətdən istifadə edərək Patriarxlığın otaqlarına hücum çəkəcək, bunu “mənəvi görüş”, “mənəvi söhbət” və s. kimi təqdim edəcək. 

Bu gün bir şey aydındır. Paşinyanın məqsədi kilsə ilə dövlətin dinc yanaşı yaşaması deyil, xalq adından Eçmiədzinin qapılarını döymək və bütün ermənilərin katolikosunu devirmək üçün hazırlanmış yeni səhnəcikdir”. 

“Johovurd” qeyd edir ki, “Vətəndaş Müqaviləsi” Partiyası keşiş Aram Asatryanı katolikos vəzifəsinin icraçısı təyin etmək niyyətindədir. Çünki o, subaydır və evli keşiş deyil. Bundan sonra isə Paşinyan bütün ermənilərin patriarxı postuna yeni seçkilər təşkil edəcək. “Johovurd” qəzetinin məqaləsi ilk növbədə Erməni Apostol Kilsəsini və Katalikos II Qareginin müdafiə məqsədi daşıyır. Göründüyü kimi, adıçəkilən nəşr Nikol Paşinyanın katalikosu devirmək siyasətinə qarşı çıxır. 

Lakin qəzetdə dərc olunan məlumat payız aylarında Paşinyan-kilsə qarşıdurmasının yenidən alovlanacağını deməyə əsas verir. Avqust ayında bu nifaq nisbətən səngisə də, Baş nazirin II Qareginə qarşı payız kampaniyasına hazırlaşdığını görmək olar. Bu da ilk növbədə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə izah oluna bilər. 

Nikol Paşinyan seçkilərə qədər hakimiyyət üçün “başağrısı”na çevrilmiş Erməni Apostol Kilsəsinin sosial bazasını nəzarətə götürməyə və müxalifətə dəstəyini dayandırmağa çalışır. Bu məqsədə nail olmaq üçün Paşinyana birinci növbədə katalikosun istefasına nail olmaq lazımdır. Baş nazir artıq katalikosun yerinə namizəd də tapıb. Əvvəlcə, Paşinyan hökuməti Erməni Apostol Kiləsinin ieromonaxı Koryun Arakelyanı katalikos II Qareginə qarşı qaldırdı. 

Arakelyan II Qareginin subaylıq andını pozduğunu və üç övladının olduğunu deyərək onun istefasını tələb etdi. Lakin Arakelyanın gözləri tutulub, səhhətində ciddi problem yaranıb. İndi isə Alagöz (Araqats) kilsəsinin rahibi Aram Asatryan katalikosa qarşı mübarizədə Paşinyanın tərəfinə keçib. Sentyabrın 16-da Ermənistan İctimai Televiziyasına müsahibə verən Asatryan EAK tərəfindən siyasi təzyiqlərə məruz qaldığını deyib. O, bildirib ki, kilsə onu Paşinyanpərəst din xadimi hesab edir. 

O, həmçinin Erməni Apostol Kilsəsinin dindarlara sevgisinin olmadığını, ruhanilər arasında qorxu mühitinin hökm sürdüyünü bildirib. Rahibin sözlərinə görə, sosial mediada bütün din xadimlərinin yazıları senzuraya məruz qalır. Hovhannavank monastrının rahibi də dindar keşişlərin kilsədən xaric edildiyini bildirib. 

Qeyd edək ki, sosial şəbəkələrdə Asatryanın indiki hakimiyyətlə əlaqəsi aktiv şəkildə müzakirə olunur və bəziləri ondan ruhanilər arasında nifaq salmaq üçün istifadə etdiklərini istisna etmirlər. O, müsahibəsində Paşinyanın həyat yoldaşı Anna Akopyanın dəvəti ilə baş nazirin iqamətgahında təqdis mərasimi keçirdiyini, həmçinin onu monastırda qəbul etdiyini də etiraf edib. Erməni Apostol Kilsəsinin Alagöz yeparxiyası isə Aram Asatryanın fikirlərini əsassız və şər-böhtan adlandırıb. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr