“Şuşa şəhərində dövlət başçılarının qarşılanması və mühüm beynəlxalq siyasi görüşlərin təşkili artıq beynəlxalq ictimaiyyətin siyasi şüurunda Şuşanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyən mühüm faktorlardan biridir. Bu cür tədbirlər təkcə diplomatik jest deyil, həm də siyasi və hüquqi mesaj daşıyır. Şuşa üzərində Azərbaycanın suverenlik hüququnun beynəlxalq aləmdə qəbul olunması, şəhərin gələcək inkişafı üçün siyasi zəmanət rolunu oynayır”.
Bunu hafta.az-a siyasi ekspert Azər Hüseynov bildirib. O, qeyd edib ki, Şuşa, tarixi baxımdan da Azərbaycan dövlətçiliyinin mərkəzlərindən biri kimi xüsusi yer tutur.
A.Hüseynov vurğulayıb ki, Qarabağ xanlığının siyasi, mədəni və iqtisadi həyatında aparıcı mövqeyə malik olmuş bu şəhər, həm də milli-mədəni kimliyin simvollarından biri hesab edilir. Onun sözlərinə görə, burada keçirilən hər bir beynəlxalq toplantı və dövlət başçılarının iştirakı ilə baş tutan rəsmi tədbir, Azərbaycan tarixinin davamlılığına və milli irsinin qorunmasına verilən önəmi nümayiş etdirir:
“Bununla yanaşı, Şuşa yalnız mədəni və tarixi paytaxt deyil, həm də dirənişin, mübarizənin rəmzidir. Otuz ilə yaxın işğal altında qalmış, lakin 2020-ci ildə azad edilmiş bu şəhər, xalqın qətiyyətini, iradəsini və milli azadlıq uğrunda apardığı mübarizənin simvoluna çevrilmişdir. Bu səbəbdən də Şuşada beynəlxalq tədbirlərin keçirilməsi, həm region xalqlarına, həm də dünyaya siyasi mesaj verir: Azərbaycanın dövlətçiliyi güclüdür, ərazi bütövlüyü bərqərardır və heç bir halda şübhə altına alına bilməz”.
Şuşanın diplomatik paytaxta çevrilməsinin yalnız siyasi baxımdan deyil, iqtisadi və strateji baxımdan da mühüm əhəmiyyət daşıdığını vurğulayan ekspert qeyd edib ki, burada keçirilən beynəlxalq görüşlər şəhərin və ümumilikdə Qarabağ bölgəsinin beynəlxalq səviyyədə tanınmasına və xarici investorlar üçün cəlbedici məkana çevrilməsinə zəmin yaradır. A.Hüseynov hesab edir ki, xarici sərmayələrin axını isə bölgənin iqtisadi inkişafını sürətləndirəcək, infrastrukturun möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə şərait yaradacaqdır:
“Digər tərəfdən, beynəlxalq səviyyədə qəbul olunmuş diplomatik mərkəz statusu Şuşanın siyasi toxunulmazlığını təmin edən ən güclü amillərdən birinə çevrilə bilər. Bu, həm regionda sabitliyin möhkəmləndirilməsi, həm də Azərbaycan üçün strateji maraqların qorunması baxımından önəmlidir. Beləliklə, Şuşa artıq təkcə tarixi-mədəni mərkəz yox, həm də diplomatik və siyasi çəkisi olan beynəlxalq görüşlərin keçirildiyi unikal məkan statusunu qazanmaqdadır”.