AZ

Azərbaycanda işsizlər bu halda dövlətdən pul ala bilərlər - RƏSMİ

Azərbaycanda işsiz şəxslər də aylıq məvacib ala bilər. Bəzi vətəndaşların bundan xəbəri olmasa da, bir çoxları artıq bu fürsətdən istifadə edir. Bəs bu məvacibi necə əldə etmək olar? Sözügedən məvacib hansı şərtlər daxilində və kimlərə şamil olunur?


Mövzu ilə bağlı Manset.az Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanlayıb. Qurumdan verilən məlumatda bildirilib ki, işsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

“Qanuna əsasən əmək münasibətlərinə qeyd olunan hallarda xitam verilmiş və ya işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, əmək müqaviləsinin müddəti qurtardıqda, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı olduqda, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə, vəzifəsinə qayıtmaq hüququndan istifadə etdikdə. Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdır”.

Qurumdan verilən məlumatda qeyd olunub ki, işsiz kimi qeydiyyata alınan şəxsin məlumatları Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə yoxlanılaraq, sığorta ödənişinin təyin olunması, yaxud ondan imtina edilməsi barədə qərar elektron qaydada verilir.

“Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.

Dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçularının sayı, ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etdikdə əsasları ilə işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - 6 ay müddətinə əsas sığorta ödənişi sığorta stajından asılı olmayaraq, şəxslərin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır”.

Son olaraq vurğulanıb ki, əmək müqaviləsinin müddətinin bitməsi halında isə 3 ay müddətinə minimum aylıq əmək haqqı məbləğində ödəniş təyin olunur. Cari ilin Yanvar-avqust aylarında 7182 nəfər işsizlikdən sığorta ödənişi təyin edilib.

 

Fidan Vəlisoy 

Seçilən
20
manset.az

1Mənbələr