AZ

Sabah Bakı trasında qəzalar ola bilər

Formula 1-də adrenalin yalnız mühərriklərin gücü ilə yox, bəzən göydən gələn sularla da artır. Tarix boyu F1 traslarında yağışlı hava ən təcrübəli pilotların belə səhv etdiyi, ən zəif bolidlərin belə podiuma yüksəldiyi dramatik anlara səbəb olub.

İndi isə bu ssenari Bakı Şəhər Halqasında da baş verə bilər.

Sabah - 20 sentyabr tarixində Bakıda yağış və şimşəkli hava şəraiti gözlənilir. Bu da o deməkdir ki, Azərbaycan Qran Prisinin növbəti günü yağışlı şəraitdə baş tuta bilər. Hava şəraiti pilotlar və komandalar üçün əlavə taktiki çağırışlar yaradacaq.

Bəs görəsən Formula 1 tarixinin ən yadda qalan yağışlı yarışları hansıdır?

Milli.Az həmin yarışları oxuculara xatırladır:

F1 tarixi göstərir ki, yağış hər şeyi dəyişə bilər. Bəzən sonuncu yerdə olan pilot qələbəyə yaxınlaşır, bəzən lider trasdan çıxaraq yarışdan məhrum olur.

2008 Braziliya Qran Prisi - Luis Hemiltonun son dövrədə dünya çempionluğu

Yağışın başladığı anda Hamiton təkcə trasla deyil, zamanla da yarışırdı. Sonuncu döngədə Timo Glocku keçərək karyerasının ilk titulunu qazandı.

1993 Doninqton (Avropa Qran Prisi) - Ayrton Senna fırtınası

Senna yağışlı şəraitdə 5-ci yerdən start götürüb ilk dövrədə 1-ci yerə yüksəldi. Bu performans Formula 1 tarixində "ən möhtəşəm açılış dövrəsi" kimi yadda qaldı.

2021 Belçika Qran Prisi - "Yarışsız yarış"

Güclü leysan və zəif görünürlük səbəbindən yalnız 2 dövrə "safety car" arxasında keçirildi. Ən qısa yarış kimi tarixə düşdü və ciddi mübahisələrə səbəb oldu.

Yağışlı yarış nəyi dəyişir?

Təkər seçimi: Komandalar adi təkərlərdən yağış və ya orta yağış təkərlərinə keçir

Yol tutumu azalır: Pilotlar daha ehtiyatlı və texniki sürmək məcburiyyətində qalırlar

Dramatik nəticələr: Daha zəif komandalar belə podium şansı qazana bilir

Qəzalar artır: Su yığıntısı və görünməzlik daha çox səhvə səbəb olur

Sabah Bakıda şimşək və yağış - yarış necə təsirlənəcək?

Ekstremal hava şəraiti yarışın təxirə salınmasına, gec başlamasına və ya Safety Car arxasında starta səbəb ola bilər. Formula 1 rəhbərliyi və komandalar hava proqnozunu diqqətlə izləyir. Belə hallarda azarkeşlərə isə yağış plaşları ilə gəlmək, tribunada təhlükəsiz dayanmaq və qapalı zonalara üstünlük vermək tövsiyə olunur.

Bakı bu dəfə yalnız mühərriklərin səsi ilə yox, bəlkə də şimşəyin gurultusu və yağışın ritmi ilə də yadda qalacaq. Görək, bu dəfə F1 ulduzları suda da parıldaya biləcəkmi?

Kənan
Milli.Az

Seçilən
13
1
milli.az

2Mənbələr