AZ

“Makler evləri” alanların nəzərinə Ekspert xəbərdarlıq etdi

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Adətən iqtisadi vəziyyəti aşağı olan şəxslər bu cür evlər almağa yönəlirlər. “Makler evləri” deyilən bu evlər tez bir zamanda satılması üçün planlaşdırılan, daha ucuz materiallardan inşa edilmiş, o cümlədən tikinti normalarına uyğun olmayan evlərdir. Bu evlər tezbazar, sürətli şəkildə tikilir, materialları ucuz olur, çox vaxt divarların qalınlığı sadəcə 1 daş olur, təhlükəsizlik üçün beton kəmər nəzərdə tutulmur. Əksər hallarda yerli və Çin istehsalı materiallardan istifadə edilir. Bu evləri alan şəxslər təbii ki, məcburiyyətdən alır, çünki daşınmaz əmlak günü-gündən bahalaşır. İmkanları normalara uyğun tikilmiş, daha təhlükəsiz evləri almağa şərait yaratmır”.Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, bu cür evləri alanları gələcəkdə bir çox problemlər gözləyir:“Birincisi, bu evlər tez sıradan çıxır, aşınır. Tikinti normativləri ona görə var ki, evin 50-75 il istifadə olunması mümkün olsun. Əks halda evin istismar ömrü daha qısa olacaq. İkincisi, hər hansı təbii fəlakət baş verərsə, bu evlərin davam gətirməsi mümkünsüzdür. Normal evlər 7-8 bal gücündə zəlzələyə tab gətirirsə, bu evlər 5-6 bal təkanda belə ciddi zərər görəcək.Ona görə düşünürəm ki, FHN-in tərkibində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu hallar üzrə xüsusi reydlər keçirməlidir. Düzdür, dövlət vətəndaşlarımıza azad tikinti aparmaq üçün imkan yaradıb. Amma bu, o demək deyil ki, təhlükə mənbəyi olan evlər tikilməlidir. Bu cür evlər həm ev sahibləri, həm də qonşular üçün təhlükə yaradır”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
demokrat.az

2Mənbələr