AZ

Lissabondakı tarixi zəfərə sözardı - "Kopenhagen" "yem" deyil

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Lissabonda "Benfika"nın qonağı olan "Qarabağ" ilk 16 dəqiqədə qapısında 2 qol görsə də, inanılmazı reallaşdararaq tarixi uğura imza atdı. Əlbəttə, Ağdam təmsilçisinin Portuqaliyada geridönüşlə qazandığı 3:2 hesablı qələbə sıradan zəfər deyil. Bu nəticə barədə danışılacaq çox şey var.

İnananlar da var idi, amma...

Oyundan öncə "köhlən atlar"ın qonaq qismində 3 xal qazanacağına yəqin ki, yalnız ən nikbin azarkeşlər inanardılar. Düzdür, Azərbaycan çempionunun layiqli mübarizə aparacağını, hətta evə heç-heçə ilə dönəcəyini güman edənlər də az deyildi, amma qələbə proqnozunu dilə gətirənlər gözə dəymirdi. Şübhəsiz, ağlasığmaz ssenaridən danışırıqsa, ehtimalları al-üst edən kollektivin Bakıya belə nəticə ilə qayıdacacağını ağlından keçirməyənləri qınamağa dəyməz. "Qarabağ"ın ÇL-in əsas mərhələsində ilk qələbəsinə bu şəkildə qovuşması həqiqətən fərqli gerçəklikdir. "Qartallar"la dueldən öncə saytımıza danışan iki mtəxəssisin fikirlərinə diqqət yetirməyə dəyər.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq müdafiəçisi Elşad Əhmədov: "Əvvəla, bir Azərbaycan təmsilçisinin ikinci dəfə Çempionlar Liqasında oynamaq hüququ qazanması böyük uğurdur. Futbol azarkeşləri üçün "Qarabağ"ın iştirakı ilə keçirilən bütün ÇL qarşılaşmaları bayramdır. Rəqib hansısa sıradan komanda yox, "Benfika"dır. Onların "Fənərbağça" ilə pley-off oyunlarını izlədik. Bildiyiniz kimi, İstanbul nəhəngini mübarizədən kənarlaşdırmış kollektivdir. Portuqaliya komandasının heyətində həqiqətən yüksək səviyyəli futbolçular cəmləşib. Buna baxmayaraq, biz "Qarabağ"a inanırıq. "Qarabağ" rəqib meydanında həmişə İnamlı oynayıb. İnanıram ki, komandamız Portuqalyada da bizi sevindirəcək. Axşamkı qarşılaşmada "Qarabağ"a uğurlar arzulayıram".

Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev: "Çempionlar Liqası nə Konfrans Liqasıdır, nə də Avropa Liqası. Çempionlar Liqası tamam başqa səviyyədir. Biz Avropanın qitənin ən böyük klublarının, ulduz futbolçularının çıxış etdiyi turnirdən danışırıq. Təbii ki, bu turnirdə sürət də, temp də başqadır. "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi özü bir uğurdur. 

"Benfika" xüsusi təqdimata ehtiyacı olmayan böyük klubdur. "Qarabağ" üçün bu rəqiblə Portuqaliyada oynamaq çətin olacaq. Amma "Qarabağ" əvvəllər də "Benfika" səviyyədə rəqiblərlə oyunlarda bütün Avropanı yaxşı mənada təəccübləndirməyi bacarıb. "Atletiko Madrid", "Bayer Leverkuzen", "Braqa" ilə matçları hamımız xatırlayırıq. Ümid edirəm ki, "Qarabağ" bu mövsüm də Çempionlar Liqasında layiqli mübarizə apararaq bütün Azərbaycanı sevindirəcək".

Yenilgini haqq etməyib qazandı

Futbolda heç də həmişə yaxşı oynayan qalib gəlmir. Bəzən bəxt amili ön plana çıxır və iki komandanın meydanda ortaya qoyduqları futbolla yekun hesab uzlaşmır. Tutaq ki, topu 68 faiz özündə saxlayan, 2 dəfə tiri, 2 dəfə dirəyi nişan alan tərəf matçın 10-cu dəqiqəsində penaltidən hesabı açan rəqibinin qapısına yol tapmağı bacarmır və uduzur. Lissabondakı matçda isə "Qarabağ"ın ifasında baxımlı və əzmkar oyun izlədik.

Təmsilçimizin Leandro Andrade 30-cu dəqiqədə qüvvətli zərbə ilə hesab arasındakı fərqi azaldandan sonra sərgilədiyi oyun stadiona toplaşan 68 min portuqaliyalı azarkeş başda olmaqla, bütün dünya futbolsevərlərini mat qoydu. İki topluq fərqi aradan qaldırmaq, görüşün sonlarında olduqca məzmunlu əks-hücumlar quraraq qələbə qolunu vurmaq, 90+5-ci dəqiqəyə qədər taktiki və fiziki planda sabitlik nümayiş etdirmək yeni inkişaf mərəhələsinin müjdəçisidir. Konkretləşdirsək, "Qarabağ" apardığı mübarizə, sərgilədiyi futbolla yenilgini haqq etmədiyi üçün qazandı.

Mütəxəssislər nə deyir?

Əlbəttə, təmsilçimizin oyun modeli, baş məşqçi Qurban Qurbanovun Lissabondakı qarşılaşmadan öncə və görüşün fasiləsində futbolçulara verdiyi motivasiya hər biri ayrıca yazı mövzusudur. Şübhəsiz, tanınmış mütəxəssislərinin Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılan gecə ilə bağlı təhlillərini sizlərə çatdırmağa da ehtiyac duyduq.

Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov: "Qarabağ" ötən gecəki qələbəsi ilə Azərbaycan xalqına sevinc bəxş etdi. Klub rəhbərliyinə, futbolçulara, Qurban müəllim başda olmaqla məşqçilər korpusuna təbriklərimi çatdırıram. Möhtəşəm qələbə idi. Təbii ki, bu qalibiyyət asan başa gəlmədi. Oyunun "içinə girsək", startda böyük təzyiqlə üzləşdik. Həm rəqib komandanın, həm də tribunaların, azarkeşlərin basqısı var idi. 16-cı dəqiqəyə kimi buraxılan 2 qol da bunun nəticəsi idi. Ancaq komandamız özündə güc tapa, xarakterini ortaya qoya bildi. Tədricən oyununu ortaya qoyan "Qarabağ"ın fasiləyə qədər fərqi azaltması dönüş nöqtəsi, hətta deyərdim "qırılma anı" oldu. Özünə inam qazanan futbolçular bu rəqibi cəzalandırmağın mümkünlüyünü, boşluqlarını hiss etdilər. Buraxdığı qoldan sonra "Benfika" da təşvişə düşdü ki, "Qarabağ" onlardan xal ala bilər. İkinci hissənin əvvəlində bərabərlik qolunun vurulmasından sonra portuqaliyalılar şoka düşdülər. Bundan sonra yerli azarkeşlər öz komandalarına təzyiq göstərirdi. Hər şey "Qarabağ"ın lehinə işləməyə başladı. Ümumiyyətlə, ikinci hissədə meydanda daha rahat, diqtə edən "Qarabağ" var idi. Gözlənilirdi ki, sona doğru rəqib irəli atılacaq və əks-hücum şanslarımız yaranacaq. Qurban müəllimin sürətli Addai ilə Kaşuku oyuna qoşması da bu plana hazırlığın tərkib hissəsi idi. Belə həmlələrdən birində, 86-cı dəqiqədə Kaşuk qələbə qolunu vurdu. Bu qələbə Portuqaliya futbol ictimaiyyətinə də bir mesaj oldu. "Qarabağ" "Benfika"nı yenməklə bir daha göstərdi ki, iki il əvvəl "Braqa" üzərində qalibiyyət təsadüfi deyildi. Həm də "Qarabağ" sübut etdi ki, Avropanın istənilən nəhəngindən xal alacaq, yenəcək  gücdə böyük klub, böyük komanda olub. Təmsilçimizə növbəti oyunlarda da qələbələr arzu edirəm".

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov: "İlk dəqiqələrdə rəqibin iki qol vurması bizim üçün şok idi, amma biz də fasiləyədək qollardan birinin əvəzini çıxa bildik. Leandro Andradenin yarım saatın tamamında rəqib qapısına yol tapması "Benfika"nı bir qədər sarsıtdı. Meydan sahibləri bəzən yarımmüdafiə xəttimizi rahatlıqla keçə bilirdilər, lakin sıx müdafiə olunduğumuz üçün son nöqtəni qoymağı bacarmırdılar. 0:2-dən sonra 3:2 hesabı ilə qalib gəlmək sözsüz ki, oyunçuların mübarizliyi anlamındadır. Futbolçularımız çox vuruşdular, çox qaçdılar. Düzdür, bəzi alınmayan alınmayan elementlər də oldu. Məsələn, biz əks-hücumlara çıxarkən rəqibi bəlkə də iki-üç dəfə cəzalandıra bilərdik, lakin həmlələrimiz yarımçıq qaldı. Müdafiədə mükəmməl deyildik, yenə yaralı yerimiz olan standart vəziyyətlərdən qol buraxdıq. Əvəzində, "Benfika"nın 21 yaşlı müdafiəçisinin yer aldığı cinahdan uğurla faydalandıq. Oyundan öncə də fikirlərim belə idi ki, "Qarabağ"ın bu görüşdə kifayət qədər qol imkanları olacaq. Çünki rəqibin daha öndə oynayacağı bəlli idi. Gözləntilərimiz özünü doğrultdu. "Benfika" müdafiədə həddindən artıq riskli oynayırdı. Portuqaliyalılar birinci zonada kombinasiyalı hücumlar təşkil etməyə çalışırdılar. İlk yarıdakı epizodların birində "Benfika"nın müdafiə xəttinə təzyiq edərək topu ələ keçirsək də, təəssüf ki, ilk yarıda ikinci qolu vura bilmədik. Kadinin zərbəsindən sonra top dirəkdən qayıtdı. Əlbəttə ki, Portuqaliya komandası hücumlar quran zaman müdafiənin arxasında boşluqlar yaranırdı. Xüsusilə "Benfika"nın sağ cinahında belə boşluqlar yarandığı görünürdü. Hesaba tarazlıq gətirəndən sonra imkan tapıb üçüncü qolu vurduq və tarixi qələbə qazandıq. Çempionlar Liqasındakı sonrakı matçlar da bu qədər çətin olacaq. "Kopenhagen"lə ev oyununda da qol imkanları yaradacağıq və mənə elə gəlir ki, "Danimarka" komandası da bizə çətinliklər yaradacaq".

"Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisiniun sabiq baş məşqçisi Füzuli Məmmədov: "Çempionlar Liqası top komandaların iştirak etdiyi turnirdir. "Benfika"nın əvvəlki oyunlarını da izləmişdik. Yüksək intensivlikdə pressinq tətbiq edən, topu qazandıqdan sonra çox sürətli keçidlərə üstünlük verən komandadır. Əlbəttə ki, Portuqaliya klubunun taktika anlayışı da olduqca yüksəkdir. Hamımız bilirdik ki, oyun "Qarabağ" üçün çətin alınacaq. Meydan sahibləri ilk dəqiqələrdən pressinq tətbiq etdilər. Davamlı basqı sayəsində komandamızın bəzən topu itirməsi başadüşüləndir. Belə həmlələrin birində künc zərbəsi qazanaraq hesabı açdılar. Buraxdığımız ikinci qola gəlincə, "Qarabağ" üçüncü zonada pressinq edərkən rəqib təzyiqdən qurtularaq sürətli keçid etdi və qapımıza yol tapdı. Bundan sonra bəlkə də hər kəs "Qarabağ"ın oyundan "qopacağını" düşünürdü. Amma Azərbaycan çempionu beynəlxalq təcrübəyə malik keyfiyyətli oyunçulardan qurulduğunu isbatladı. Komandamız "Benfika"nın pressinqinə rəğmən, topu özündə saxlamağı, hissənin sonlarına qədər dominantlıq etməyi bacardı. Öncə yarım saatın tamamında Leandro Andrade əla zərbə ilə komandamızı ümidləndirdi, fasiləyə yaxın isə Kadi dirəyi nişan alaraq tribunaya toplaşan azarkeşləri bərk həyəcanlandırdı. 

İkinci hissədə isə "Qarabağ" oyuna nəzarəti bir qədər də gücləndirdi. Komandamız topu özündə saxlayır, düşünülmüş hücumlar quraraq qol epizodları yaradırdı. Qurban Qurbanovun yetirmələri lazım olan anlarda kompakt müdafiə olunur, lazım olanda təhlükəli əks-həmlələrlə Portuqaliyada uduzmaq niyyətində olmadığını isbatlayırdı. Möhtəşəm geridönüşlə qazanılan qələbə təmsilçimizin layiqli oyununun nəticəsidir. Tarixi qələbə öz yerində, "Qarabağ"ın ortaya qoyduğu futbol ən xoş sözlərə layiqdir. Lissabonda "Benfika"nı oyun planında üstələyərək qələbə qazanmaq sıradan fakt deyil. Komandamızın heyətində meydana sonradan çıxan oyunçulardan həm Aleksey Kaşuk, həm də Toral Bayramov komandamızın gücünə güc qatdılar. Qələbə qolunun müəllifi olan Kaşuk hələ dördüncü qolu da vura bilərdi. Bütün "Qarabağ" camiəsini, Azərbaycanı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm, komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram".

"Kopenhagen" gəlir

"Qarabağ" ÇL-dəki növbəti matçını oktyabrın 1-də "Kopenhagen"ə qarşı keçirəcək. Danimarka təmsilçisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın olduqca gərgin alınacağı şübhə doğurmur. Bəli, "Benfika" ilə səfər qarşılaşmasının ardından ümidlənən futbol ictimaiyyətinin əksər nümayəndələri bu görüşdə də Qurbanovun yetirmələrinin adından söz etdirəcəyi qənaətindədir, lakin güclü Skandinaviya komandasının Bakıya qələbə dalınca gələcəyi də dəqiqdir. "Qarabağ"ın eyforiyaya qapılacağını güman etmirik. Məşqçilər korpusunun Avropa təcrübəsinə malik futbolçulara bu yöndə lazımi tapşırıqları verəcəyi bəlli həqiqətdir. Hərçənd "Kopenhagen"lə mərkəzi arenadakı qarşılaşmanın "Qarabağ" üçün ən azı Lissabondakı oyun qədər ağır keçəcəyi zərrə qədər də şübhə doğurmur. Dünən 1-ci tur çərçivəsində "Bayer Leverkuzen" üzərində qələbəni 90+1-ci dəqiqədə əldən verən və 2:2 hesablı heç-heçə sayəsində 1 xal qazanan danimarkalılar əla formadadırlar və olduqca səviyyəli futbolçulardan qurulmuş heyətə, istedadlı baş məşqçiyə malikdirlər. Hər şeyə real yanaşsaq, evdəki görüşdə 1 xal da "Qarabağ" üçün qazanc sayılacaq.

Yeri gəlmişkən, tərəflərin yolları ÇL-də daha öncə də kəsişib. Ağdamlılar 2017/18 mövsümündə məhz "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlmişdilər. Həmin vaxt evdə Mahir Emrelinin qolu ilə 1:0 hesablı qələbəyə nail olan təmsilçimiz Danimarkada yenilərək (1:2) Dino Ndlovunun səfər qolu sayəsində tarix yazmışdılar. Bakıdakı mübarizə həm də "Kopenhagen" adına bir imic mübarizəsidir. Danimarkanın adlı-sanlı çempionuna digərlərindən - "Liverpul"dan, "Çelsi"dən qismən münasib göründüyü üçün xal mənbəyi gözü ilə baxanlar çox yanılırlar. Ümid edək ki, hər şey arzuladığımız kimi alınacaq.

Nihat Ağasoy 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

Seçilən
3
2
fanat.az

3Mənbələr