AZ

Parisdə muzeydən 700 min dollarlıq qızıl oğurlanıb

Parisdə muzeydən 700 min dollarlıq qızıl oğurlanıb

Parisdə yerləşən Milli Təbiət Tarixi Muzeyinə edilən oğurluq zamanı təxminən 700 min dollar dəyərində xam qızıl nümunələri oğurlanıb.

Oğurluq çərşənbə axşamı səhər saatlarında muzeyin Geologiya və Mineralogiya Qalereyasında baş verib. Təhlükəsizlik işçiləri hadisənin fərqinə vararaq polis çağırıb.

Muzey rəhbərliyi bildirib ki, hadisə tamamilə peşəkar bir qrup tərəfindən həyata keçirilib və oğrular birbaşa qızıl nümunələrinin yerləşdiyi sahəni hədəf alıblar.

Muzeyin baş direktoru Emmanuel Skoulios Fransız BFM TV-yə açıqlamasında “Bu təsadüfi deyildi, haraya gedəcəklərini çox yaxşı bilirdilər” deyib.

Muzey rəhbərliyi oğurlanan qızılların maddi dəyərinin təxminən 600 min avro (710 min dollar) olduğunu, lakin elmi araşdırmalar, irs və ictimaiyyət üçün itkinin ölçülməz olduğunu vurğulayıb. Qalereyanın artırılmış təhlükəsizlik tədbirləri ilə ikinci elanadək bağlı qalacağı bildirilib.

Qeyd edək ki, Fransa son dövrdə oxşar oğurluqlarla sarsılıb. Sentyabrın əvvəlində Qərbi Orta Fransadakı Adrien Dubouché Milli Muzeyinə daxil olan oğrular milli xəzinə statusuna malik üç Çin əsərini oğurlamışdı. Bu əsərlərin ümumi dəyərinin təxminən 9,5 milyon avro olduğu açıqlanmışdı.

1793-cü ildə qurulan Milli Təbiət Tarixi Muzeyi dinozavr fosilləri və zəngin mineral kolleksiyası ilə dünyanın aparıcı elmi institutları arasında yer alır.

Rəsmi orqanlar muzeylərdəki oğurluq dalğasına qarşı təhlükəsizlik tədbirlərinin artırılacağını bildirib.

Seçilən
17
afn.az

1Mənbələr