AZ

Şagirdlər “Anadolu” liseyinin köçürülməsindən narazıdır

İllərdir metronun "Nizami" stansiyası yaxınlığında fəaliyyət göstərən Bakı Türk Anadolu Liseyinin yeri dəyişdirilir.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo.az-a övladı həmin liseydə təhsil alan bir qrup valideyn müraciət edib. 

Onların sözlərinə görə, liseyi Əhmədli ərazisi tərəfə köçürmək istəyirlər: "Bizə də cəmi bir həftə əvvəl xəbər ediblər. Uşaqlarımızın bütün hazırlıqlarını həmişəki yerə uyğun salmışıq, indi bütün planlarımız alt-üst olub...

Bu dəyişiklik xüsusən buraxılış siniflərinin şagirdləri üçün çətinlik yaradır. Uşaqlarımız çox çətin vəziyyətə düşüblər. Məktəbi Əhmədli qəsəbəsinə köçürürlər, həmçinin dərslərin saatını da dəyişiblər. Uşaqlar məktəbdən çıxıb kurslara çata bilməyəcəklər. Başqa məktəbə də keçmək olmur, çünki digər məktəblər qəbul etmir, dərslər başlayıb, şagird yerdəyişməsi dayandırılıb. Bütün valideynlər və şagirdlər bu vəziyyətə qarşı çıxır, hamı narazıdır".

Şikayətçilər şagirdlərin toplaşaraq məsələyə etirazlarını bildirdiyini, amma məktəb rəhbərliyinin bunu belə nəzərə almadığını bildiriblər. 

Yaranmış narazılıqla bağlı liseyinin direktoru Abdullah Yılmazla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. 

Xatırladaq ki, ötən il sözügedən liseydə oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı ilə bağlı iddialar yayılmışdı. Məktəb rəhbərliyi bunu təkzib edərək belə bir faktın olmadığını, azərbaycanlı şagirdlərin əvvəlki qaydada liseydə təhsil aldıqlarını açıqlamışdı. 

Milli.Az

Seçilən
23
2
milli.az

3Mənbələr