AZ

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ən ali dəyərdir

2020-ci il sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq başlamış Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan öz tarixi torpaqlarını 30 illik işğaldan azad etmiş və ərazi bütövlüyünün bərpasına nail olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu özü BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrini  yerinə yetirmişdir.

Tarixi Zəfərdən sonra Azərbaycan sülh çağrışları edir, dəfələrlə Ermənistanı sülhə dəvət edirdi. Lakin işğalçı dövlət hər dəfə müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırır, eyni zamanda suveren ərazilərimizdə terrorçu dəstələri ilə silahlı təxribatlarını davam etdirirdi.

2023-cü il sentyabrın 19-da Ermənistana aid silahlı dəstələr   tərəfindən  işgaldan azad edilmiş ərazilərimizdə növbəti dəfə terror aktları  törətmiş, bunun nəticəsində mülkü vətəndaşlarımız , hərbi qulluqçularımız   həlak olmuşdur. Elə həmin gün Azərbaycan Silahlı qüvvələri azad edilmiş ərazilərimizdə antiterror əməliyyatına başlamışdır. Məqsəd törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi idi.

Cəmi 23 saat ərzində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək öz məqsədinə nail oldu.  Antiterror əməliyyatı nəticəsində separatizmə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü   və dövlət suverenliyi    tam bərpa olundu. Ölkəmiz öz gücünü bir daha düşmənə, onların havadarlarına , eləcə də bütün dünyaya göstərdi.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”-deyən xalqımızın Ümummilli lideri Heydər Əliyevin bütün arzuları bu gün reallığa çevrilib, vəsiyyəti yerinə yetirilib. Ulu öndərin Azərbaycan xalqına bəxş etdiyi qətiyyətli Lider, böyük sərkərdə İlham Əliyevin   iradəsinin nəticəsidir ki,  bu gün Azərbaycan bir bütündür, suverendir. Müstəqilliyimiz heç zaman olmadığı qədər möhkəm və  sarsılmazdır. Məhz prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin sayəsində müstəqil, suveren Azərbaycan Ulu öndərin görmək istədiyi , arzuladığı kimi heç kimdən, heç bir ölkədən asılı deyil, güclü və qüdrətlidir.

Bu gün artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.

2025-ci il  Prezident İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm  hadisə kimi yaddaşlara yazıldı. Bu dövlət başçımızın müstəqilliyimizə , süverenliyimizə, Ana qanunumuza,  xalqımızın birliyinə nə qədər dəyər verməsinin göstəricisidir.

Bu gün üçrəngli ay ulduzlu, möhtəşəm  Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla, əzəmətlə dalğalanmaqdadır və   əbədi olaraq dalğalanacaq.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Seçilən
22
yeniazerbaycan.com

1Mənbələr