ain.az, Idman.biz saytına istinadən bildirir.
Bu ildən etibarən Bakı vertikal qaçış üzrə dünya turunun təqviminə daxil edilib. Sentyabrın 28-də “Flame Towers”də keçiriləcək “SkyWinD” turniri müxtəlif ölkələrdən idmançıları bir araya gətirəcək. Onlar 32 mərtəbəlik, 160 metr hündürlüyündə və 837 pillədən ibarət marşrutu qət etməlidirlər. Tədbirdə həmçinin bu idman növü üzrə Dünya Assosiasiyasının (TWA) prezidenti Daniel Çeçekta da iştirak edəcək.
İdman.biz-ə eksklüziv müsahibə verən Daniel Çeçekta yarışın əhəmiyyəti, vertikal qaçışın özəllikləri və qəhrəmanları barədə danışıb.
– İyulun əvvəlində Bakıya səfər etdiniz və həmin vaxt “Flame Towers”də yarış keçiriləcəyini elan etdiniz. Bu turnirdən gözləntiləriniz nələrdir?
– Əvvəlcə deyim ki, indiyədək heç vaxt Azərbaycanda olmamışdım. Halbuki, həmişə bu gözəl ölkənizi və paytaxtınızı görmək istəmişəm. Nəhayət bura gələndə ən xoş təəssüratları yaşadım. İyul səfəri çox zəngin və məhsuldar keçdi. Gənclər və idman naziri Fərid Qayıbovla, “Triterra” klubunun təsisçisi Rüfət Həsənovla görüşdüm, müxtəlif birgə layihələri müzakirə etdik. Həmin vaxt rəsmi olaraq elan olundu ki, sentyabrda “Flame Towers”da TWA bayrağı altında yarış keçiriləcək.
Təbii ki, müəyyən həyəcan var, bu da normaldır. Yarış bütün iştirakçılar üçün böyük sınaq olacaq və onu izləmək də çox maraqlı olacaq.
– Bakıda hansı vertikal qaçış ulduzlarını görmək mümkün olacaq?
– Yaxın günlərdə bununla bağlı açıqlama veriləcək. Amma deyə bilərəm ki, dünya reytinqinin aparıcı idmançılarından Kamilla Çomaniçova Bakıya gələcək. Slovakiyalı idmançı bu il artıq dünyanın müxtəlif ölkələrində 18 yarışda iştirak edib və hazırda reytinqdə beşinci yerdədir. Əminəm ki, yeni məkan iştirakçılar üçün çox maraqlı olacaq. Çünki bu, təkcə “Flame Towers”də yarışmaq deyil, həm də Bakını görmək, şəhərin ruhunu hiss etmək imkanıdır. Yarış ənənəvi hal aldıqca, gələnlərin sayı da artacaq.
– Dünya turunun təqvimi necədir, yarışlar hansı intensivliklə keçirilir?
– Təqvim kifayət qədər sıxdır. Demək olar ki, hər həftəsonu bir neçə yarış təşkil olunur. Məsələn, bu ayın əvvəlində Sinqapur, İndoneziya, Çin və Slovakiyada turnirlər keçirildi. Sentyabrın ikinci həftəsonunda isə Yaponiya, Avstraliya, Çexiya, Polşa, Almaniya və ABŞ-də mərhələlər baş tutdu. Göründüyü kimi, təqvim çox intensivdir və idmançıların geniş seçim imkanı var. Bundan başqa, təşkilatımızın xüsusi reytinq sistemi də mövcuddur. Bu sistem yalnız kişi və qadın idmançılar arasında deyil, həm də ölkələr üzrə hesablanır.
– Çətinlik baxımından “Flame Towers” yarışı necə qiymətləndirilir?
– Hər yarışın öz göstəricisi var. Bu, “faktor” adlanır – yarışa verilən rəqəmsal dəyərdir və onun çətinliyini, beynəlxalq statusunu əks etdirir. Bu göstərici həm də dünya turunda xal hesablanmasına təsir edir. Bakıda keçiriləcək mərhələnin faktoru 60-dır. Məsələn, Çinin Xarbin şəhərindəki turnirdə də eyni göstərici var. Bu isə kifayət qədər yüksək çətinlik dərəcəsidir.
– Siz idmançıdan beynəlxalq təşkilat rəhbərinə qədər yüksəlmisiniz. Bu təcrübə işinizə nə dərəcədə kömək edir?
– Əlbəttə, çox kömək edir. 2013-cü ildə ilk dəfə “Empire State Building” yarışında iştirak etdim və qalib gəldim. Hətta dostlarımla bunun üstündə iddiaya girmişdim. Bu, həyatımı tamamilə dəyişdi – heç gözləmədiyim halda. Elə həmin ildən TWA-ya qoşuldum və məqsədim vertikal qaçışı sağlam həyat tərzinə əsaslanan qlobal idman növünə çevirmək oldu. İndi görürəm ki, bu idman günü-gündən daha çox insanı birləşdirir.
Zəki Feyzullayev
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.