“Əminəm ki, həm sıralama turu, həm də bazar günü baş tutacaq yarış olduqca maraqlı keçəcək”.

Bunu Offsideplus.az saytına açıqlamasında Formula 1 şərhçisi Rəhim Əliyev deyib.

O, Bakıda 9-cu dəfə keçirilən F1 haqqında fikirlərini bölüşüb:

“Bu il ilk dəfə olaraq Azərbaycanda, mühəndislər kubokunda titulun taleyi həll oluna bilər. Bunun üçün "Maklaren" komandasının "Ferrari" üzərində 9 xal üstünlük qazanması lazımdır. Əgər bu nəticə olsa, komanda ardıcıl ikinci, tarixdə isə 10-cu dəfə çempion olacaq. Digər bir fərq ondan ibarətdir ki, əvvəllər bir, yaxud iki nəfərin qələbə üçün namizədliyini görürdük və mübarizə də əsasən onlar arasında gedirdi. Bakıda isə qələbəyə beş namizəd var”.

Şərhçi yarışa marağın artdığını da vurğulayıb: “Son illərdə müşahidələrimiz onu deməyə əsas verir ki, yarışı canlı olaraq tribunalardan izləməyə böyük maraq var. Bunun bariz nümunəsi tribunaların sayının artmasıdır. Yerlər hamısı tutulub, artıq qara bazarda da bilet tapmaq mümkün deyil. Bu da öz növbəsində həm yerli, həm də xarici azarkeşlərin Formula 1 marağından xəbər verir”.

Rəhim Əliyev favorit komandasını da açıqlayıb: “Ötən əsrin 80-ci illərindən Formula 1 azarkeşiyəm və o vaxtdan bəri yarışın ən güclü komandalarından olan "Maklaren" və “Uilyams”a azarkeşlik edirəm. "Maklaren" müəyyən dövrdə uğursuzluq zolağında olsa da, yenidən zirvəyə qayıdıb. Ümid edirəm ki, “Uilyams” da gələn il reqlament dəyişəndə bundan istifadə edib yenidən zirvəyə qayıda biləcək”.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.