AZ

Tələbə oğlan ərindən boşanan qadınla tanış oldu, onu şantaj etdi: “Məni ya sevəcəksən, ya da...” – TƏFƏRÜAT

BAKI, 19 sentyabr. TELEQRAF

Bakıda 26 yaşlı oğlan ərindən boşanan qadını şantaj edib, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul tələb edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1999-cu il təvəllüdlü Xırdalan şəhər sakini Əfqan bu il yanvar ayının sonlarında tanış olduğu Əfsanəyə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib.

O, qadını sosial şəbəkələrdə narahat edən İlqardan qorumaq adıyla nişanlı olmaları görüntüsünü yaratmaq üçün birlikdə səmimi fotoşəkil çəkdirib, fotonu mobil telefonuna yükləyib. Ardınca qadına fotogörüntünü internetdə yayacağı və ailə üzvlərinə göstərəcəyi, onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlib.

Rüsvayedici məlumatların yayılmaması üçün ondan 1000 manat tələb edib. Ertəsi gün qadından 300 manat alıb.

Daha sonra Əfqan aprelin 7-də “votsap”da Əfsanə ilə əlaqə saxlayıb və eyni qaydada hədələməklə ondan 500 manat tələb edib. Qadın başqa kişi ilə fotolarının yayılmasından qorxuya düşüb və tələb olunan pulu ona göndərib.

“Pul tələb etməmişəm”

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan özünü təqsirli bilməyib. Bildirib ki, Əfsanə ilə yanvarın 10-da saat 19:50-də “İnstagram” sosial şəbəkəsində tanış olub. Qadından 300 manat borca pul alıb və məbləği martın 4-də “Günaydın” restoranında geri qaytarıb:

“Mənim hədə-qorxu ilə pul tələb etmək niyyətim olmayıb. Aprelin 7-də Əfsanəyə nağd pul lazım olduğunu bildirdim. Buna görə bank hesabı vasitəsilə mənə 500 manat göndərdi. Pulu sonra geri qaytardım. Qardaşı münasibətlərimizi bildikdən sonra əlaqələrimiz bitdi”.

“Sevgili olduğumu bildirmişəm”

Təqsirsirləndirilən şəxs qeyd edib ki, yanvarın 19-dan Əfsanə ilə bir evdə yaşamağa başlayıblar: “Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yaşayış kompleksində Əfsanəyə məxsus mənzildə birlikdə yaşamışıq.

Onun 2 uşağı var. Əvvəllər uşaqlarına “ketotifen” adlı yuxu dərmanı verərək məni evinə çağırırdı. Təqribən gecə saat 2 radələrində onun evinə getmişəm. Uşaqları münasibətlərimizi öyrəndikdən sonra evində birlikdə yaşamağa başladıq.

Həftədə bir dəfə onun evində qalırdım. Lakin qardaşının gəldiyini öyrənəndə evdən getməyimi xahiş etdi.

Əfsanə mənə İlqar adlı bir nəfərin onu narahat etdiyini söyləmişdi. Mən də İlqarla danışıb Əfsanə ilə sevgili olduğumu bildirdim”.

“Görüşə getməmişəm”

Əfqan qeyd edib ki, daha sonra Əfsanə yenidən İlqarın onu narahat etdiyini söyləyib: “Daha məsələnin mənlik olmadığını dedim, bu barədə polisə məlumat verməsini məsləhət gördüm. Birlikdə Yasamal Rayon Polis İdarəsinə getdik.

İlqarın məni Əfsanənin evində görüb-görmədiyini bilmirəm, onun telefon nömrəsini də xatırlamıram. Əfsanə ilə mübahisə etdiyimiz zaman onun övladları dayısına zəng edib və “ögey atamla anam dalaşır” deyiblər.

Əfsanənin qardaşı gələndə evdən uzaqlaşmışam. Qadının qardaşı zəng edərək məni təhqir edib görüşə çağırsa da, çağırılan ünvana getməmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, tələbədir, heç yerdə işləməyib: “Beynimdə yarımkürələr arasında əlaqələrin pozulması xəstəliyi var, müalicə olunuram. Əfsanə ilə aramızla 14 il yaş fərqi var.

Mənə xərcləmək üçün atam pul verirdi. Valideynlərim harada olduğumu soruşanda onlara düzgün məlumat verirdim. Əfsanənin qardaşı onunla evlənməyimi tələb edir, əks təqdirdə məni həbs etdirəcəyini deyirdi.

Fevral ayında restoranda olanda Əfsanə vəzifəli şəxsin qızı olduğunu söylədi. Mən də ona hüquq-mühafizə orqanlarından birinin əməkdaşı olduğumu bildirdim”.

“Aramızda dini nikah olub”

Əfqanın ifadəsinə görə, Əfsanəni narahat edən İlqarı Yasamal Rayon Polis İdarəsində görüb: “Ona zəng edib Əfsanəni narahat etməməsini dedim.

Yanvarın 19-da Əfsanə çağırdığı üçün evinə getdim, evinin açarını mənə onda verib. 4 ay ərzində 5-6 dəfə onun evində qalmışam. Müxtəlif vaxtlarda Bakı Mühəndislik Universitetinin yaxınlığında oteldə gündüz vaxtlarında birlikdə olmuşuq. Əfsanədən hədə-qorxu ilə tələb edərək pul almamışam.

O, mənə dəfələrlə evlənməyi təklif edirdi. Mən də əvvəldən ona evlənməyəcəyimi bildirmişdim. Biz dini nikah kəsdirmişidik, bunu Əfsanə istəmişdi”.

“Məni narahat etməyə başladı”

İş üzrə zərərçəkmiş Əfsanənin sözlərinə görə, ailəsində olan problemlərə görə 2023-cü noyabr ayında boşanmağı qərarlaşdırıb:

“2024-cü ilin yanvar ayında boşandım. Boşanma prosesi zamanı “İnstagram” sosial platformasında hüquqşünas kimi tanıdığım İlqarla tanış oldum. O mənə vəkil tanışı olduğunu dedi, daha sonra məni vəkil ilə tanış etdi. Boşanma prosesində mənim hüquqlarımı həmin vəkil qorudu.

Boşanandan sonra İlqar məni tanışlıq üçün narahat etməyə başladı. Dəfələrlə belə bir fikrimin olmadığını bildirsəm də, əl çəkmədi”.

Əfsanə qeyd edib ki, bu ilin yanvarında telefonda İlqarla danışıb: “Məni çox narahat etdiyi üçün əsəbiləşdim, yüksək səs tonu ilə danışmağa başladım. Bu zaman Əfqan mənə yaxınlaşdı, özünü hüquq-mühafizə orqanlarından birinin kapitan rütbəsində olan əməliyyat müvəkkili kimi təqdim etdi.

Nə problemim olduğunu soruşdu, köməklik edə biləcəyini bildirdi. İnanıb ona məsələni izah etdim. Əfqan əlaqə saxlamaq üçün telefon nömrəmi aldı. Telefon danışıqlarımız zamanı təqsirləndirilən şəxs mənə İlqarın telefon söhbətlərini dinlədiyini, onun vəhabi təriqətindən olduğunu, həyatımın təhlükə altına düşdüyünü müəyyən etdiyini söylədi. Bu sözlərdən qorxdum.

Əfqan bildirdi ki, məni və ailə üzvlərimi öldürmək istəyirlər. O, guya məni qoruyacağını dedi”.

“Təkliflə razılaşdım”

Zərərçəkmişin bildirdiyinə görə, yanvar ayının sonlarında Əfqan üzbəüz görüşüb danışmaq lazım olduğunu bildirib:

“Evimin yaxınlığında görüşdük. Bildirdi ki, İlqara guya mənimlə nişanlı olduğunu, bir daha məni narahat etməməsini deyəcək. Təklif etdi ki, birlikdə şəkil çəkdirək, fotoları İlqara göstərsin. Əvvəl qəbul etmədim, amma Əfqan məni dilə tutmağa başladı. Onun dediyi yerin əməkdaşı olduğuna inandığım üçün razılaşdım.

Əfqanla yanvar ayının sonlarında birlikdə foto çəkdirdik. Bundan sonra bir neçə dəfə görüntülü zəng vuraraq İlqarla bağlı danışdı. Həmin vaxt ekran görüntüsünün fotoşəklini çəkdi. Mənim bundan məlumatım olmayıb”.

“Məlumat almışam ki, tanınmış ailədənsən”

Zərərçəkmiş qeyd edib ki, fevralın 10-da Əfqan təcili olaraq onunla görüşmək istədiyini deyib: “Mən evdə olduğumu bildirdim, o, yaşadığım evin həyətində olduğunu söylədi.

Həyətə düşdükdə bildirdi ki, əgər ona 1000 manat verməsəm, çəkdirdiyimiz fotoları ailəmə və iş yerimə göndərəcək, haqqımda rüsvayedici məlumatlar yayacaq.

Bildirdi ki, mənim tanınmış ziyalı ailəsindən olmağım barədə məlumat alıb, dediyi məbləği verməsəm, fotoları paylaşmaqla məni rüsvay edəcək. Əfqana o qədər pulumun olmadığını bildirdim. O isə sabaha qədər pulu çatdırılmalı olduğumu dedi”.

“Bildirdi ki, guya məni tapşırıb”

Əfsanənin sözlərinə görə, daha sonra Əfqanla danışıb, 300 manatı olduğunu bildirib: “Bununla razılaşdı, fevralın 11-də Əfqanın kart hesabına 300 manat köçürdüm. Bundan sonra bildirdi ki, guya həmin fotoları silib. Daha onunla əlaqə saxlamadım və mobil telefonlarına cavab vermədim.

Bundan sonra evimin qapısı tanımadığım şəxslər tərəfindən döyülməyə başladı. Məcbur qalıb Əfqanla əlaqə saxlamağa başladım. O, narahat olmamağımı, İlqarla bağlı mənə köməklik edəcəyini bildirdi. Guya Yasamal rayon Polis İdarəsində tanışlarının olduğunu dedi.

Martın 30-da İlqardan polisə müraciət etdim. Araşdırma zamanı o, polisə gəlib bir daha məni narahat etməyəcəyini bildirdi. Əfqan isə iddia etdi ki, məsələ tanışlıq vasitəsilə həll edilib və guya məni tapşırıb. Onun dediyinə inandım”.

“Kart hesabına 500 manat göndərdim”

Əfsanənin sözlərinə görə, tələbə yoldaşı Bəxtiyara 600 manat borc verib, pulun geri qaytarılması gecikdiyi üçün kömək məqsədilə Əfqana müraciət edib: “Əfqan pulu aprelin 1-də Bəxtiyardan aldı, 600 manatı mənim kart hesabıma göndərdi.

O, mənə yenidən bir neçə dəfə zəng etdi, mesaj yazmağa başladı. Mən məsələ həll olunduğu üçün aramızda hər hansı danışığın olmayacağını bildirdim və köməkliyə görə yenidən ona təşəkkür etdim.

Əfqan isə fotoların onda qaldığını, şəkilləri silmədiyini bildirdi. Mən fotoların silinməsi üçün ona 300 manat ödədiyimi xatırlatdım. O isə şərt qoydu ki, şəkilləri ailəm və iş yerimdə yayılmaması üçün daha 500 manat verməliyəm. Məcbur olaraq aprelin 8-də onun kart hesabına 500 manat göndərdim”.

“Məndən ələ çəkmədi”

Şantaj olunan qadın daha sonra ifadəsində göstərib ki, Əfqan vəhabilərin ondan əl çəkməyəcəyini deyib: “Bildirdi ki, buna görə daim onunla əlaqədə olmalıyam. Artıq onunla əlaqə saxlamayacağımı dedim. Bir neçə dəfə zəng etsə də, cavab vermədim. Buna görə də aprelin 9-da yaşadığım ünvana gəldi. Mesaj yazdı ki, burdayam, düş aşağı, söhbət edək, səni öldürəcəklər.

Həmin vaxt mən onlayn platformadan özüm və uşaqlarım üçün yemək sifariş etmişdim. Kuriyerin bizə gəldiyini bilən Əfqan onunla birlikdə binaya daxil oldu. Kuriyerə zəng edərək soruşdum ki, yanınızda başqa bir şəxs var, yoxsa yox? Cavab verdi ki, bir nəfər yanındadır. Bu səbəbdən qapını açmadım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.

Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.

Bundan əlavə onun davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilməsi qərara alınıb.

Seçilən
3
teleqraf.com

1Mənbələr