AZ

20 Sentyabr Azərbaycanın milli iradəsi və tarixi qələbəsi ŞƏRH

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və inkişaf etdirmək onun ən böyük nailiyyətlərindən biridir. Bu nailiyyət yalnız iqtisadi və siyasi müstəqilliklə ölçülmür, həm də milli kimlik, mədəniyyət və tarixi irsin qorunması ilə dəyərləndirilir. Azərbaycan xalqı tarix boyu müxtəlif sınaqlardan keçmiş, işğallara, məhrumiyyətlərə baxmayaraq heç bir qüvvə onun müstəqillik və dövlətçilik əzmini sarsıda bilməmişdir.Azərbaycanın dövlətçilik tarixi çoxəsrlik ənənələrə söykənir. Qədim dövrlərdən başlayaraq bu torpaqlarda formalaşan dövlət qurumları, xanlıqlar, müstəqil siyasi birliklər xalqımızın öz müqəddəratını həll etmək əzmini nümayiş etdirmişdir. Tarixi sənədlər göstərir ki, Azərbaycanın müxtəlif ərazilərində siyasi və mədəni mərkəzlər xalqın idarəetmədə iştirakını təmin etmiş, öz taleyini müəyyən etməsi üçün imkan yaratmışdır.XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti isə xalqımızın müstəqillik arzusunun ilk böyük təcəssümü oldu. Cümhuriyyət yalnız siyasi qurum deyil, eyni zamanda milli kimlik və dövlətçilik ideallarının gerçəkləşməsi idi. Cümhuriyyətin süqutundan sonra baş verən proseslər, sovet dövrünün məhrumiyyətləri bu iradəni zəiflətmədi, əksinə, daha da gücləndirdi. Hətta uzun illər boyu xalqımızın mədəniyyət, dil və tarixini qorumaq üçün göstərilən fədakarlıq milli suverenlik ideyasının inkişafında mühüm rol oynadı. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan ağır sınaqlarla üz-üzə qaldı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altında qaldı. Bu dövrdə yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü və məcburi köçkün həyatı yaşadı. Bu dövr milli tariximizin ən faciəli, amma eyni zamanda mübarizə ruhunu möhkəmlən-dirən mərhələsi oldu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyini qoruyub saxlamaq, müstəqilliyini möhkəmləndirmək istiqamətində tarixi addımlar atdı. Onun müəyyən etdiyi strateji kurs nəticəsində ölkə parçalanmaq təhlükəsindən xilas edildi və müstəqil dövlətçilik bünövrəsi möhkəmləndirildi. Bu dövr həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və milli birliyinin gücləndiyi zaman kəsiyi kimi tarixdə qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə yeni mərhələyə qədəm qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Dövlətimizin gücü, xalqımızın birliyi və ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu müharibə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Azərbaycanın suverenliyinin tam təmin olunması, milli iradənin qələbəsi kimi tarixi əhəmiyyət daşıdı. Daha sonra Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, 2023-cü ilin Antiterror əməliyyatı və Qarabağda dövlət suverenliyinin tam bərpası tarixi qələbənin məntiqi davamı oldu. Bu əməliyyatlar göstərdi ki, Azərbaycanın suverenliyi yalnız simvolik və hüquqi anlayış deyil, həm də praktik siyasət və təhlükəsizlik tədbirləri ilə qorunur.Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü”nün təsis olunması haqqında Prezidentin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı yalnız tarixi faktların təsbiti deyil, həm də dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Sərəncamda qeyd olunduğu kimi, “Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Bu günün dövlət səviyyəsində qeyd olunması həm də gələcək nəsillərə ünvanlanan ciddi mesajdır: suverenlik təsadüfi əldə edilmir, onu qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. 20 Sentyabrın rəsmi təqvimdə yer alması, eyni zamanda milli iradənin, dövlətçilik fəlsəfəsinin və hüquqi əsasların gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə 20 Sentyabrın əhəmiyyətini daha da artırır. Bu qərar Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsaslarını – hüquqi dövlətin möhkəmləndirilməsi, milli iradənin qorunması və demokratik prinsiplərin inkişafı – özündə əks etdirir. Konstitusiya dövlətin hüquqi dayağı, suverenlik isə siyasi dayağıdır. Bu iki anlayışın birləşməsi milli inkişafın strateji yol xəritəsini formalaşdırır.Bugünkü şəraitdə dövlət suverenliyi yalnız ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə məhdudlaşmır. O, həm də siyasi, iqtisadi, enerji, informasiya, mədəni və ideoloji müstəqilliyi ehtiva edir. Azərbaycanın müasir siyasəti də məhz bu prinsiplərə əsaslanır. Enerji layihələri, beynəlxalq əməkdaşlıq, informasiya müharibəsində əldə olunan uğurlar suverenliyin çoxşaxəli aspektlərini əks etdirir.

Azərbaycan bu gün yalnız öz milli maraqlarını müdafiə etmir, həm də regionda və dünyada sabitlik, əməkdaşlıq və inkişaf proseslərinə töhfə verir. Bu isə dövlətimizin gücünün və xalqımızın milli iradəsinin bariz göstəricisidir.20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız qürur mənbəyi deyil, həm də böyük məsuliyyətdir. Bu gün gənc nəslə aşılanan ən mühüm dəyərlərdən biri məhz dövlətə sədaqət, suverenliyin qorunması və milli iradəyə bağlılıqdır. Təhsil müəssisələrində, ictimai təşkilatlarda və gənclər hərəkatlarında aparılan işlər bu istiqamətdə mühüm rol oynayır.Gənclər anlamalıdırlar ki, bugünkü azadlıq və suverenlik şəhidlərin qanı, xalqın fədakarlığı və dövlətin güclü siyasəti hesabına qazanılıb. Onun qorunması isə gələcək nəsillərin ən böyük borcudur.20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələdir. Bu gün xalqımızın əzmini, birliyini və qələbəsini təcəssüm etdirir. Dövlət başçısının Sərəncamı ilə bu günün rəsmiləşdirilməsi Azərbaycan dövlətinin gələcək inkişaf yolunun ideoloji əsaslarını möhkəmləndirir.Azərbaycan xalqı artıq öz taleyinə sahib çıxmış, müstəqil dövlətini qurmuş və inkişaf etdirmişdir. Bu nailiyyətin davamlı olması üçün hər bir vətəndaş dövlət suverenliyinin qorunmasına öz töhfəsini verməli, milli iradəni gələcək nəsillərə ötürməlidir.20 Sentyabr – yalnız tarix deyil, həm də gələcəyə yönəlmiş strateji mesajdır: Azərbaycanın suverenliyi əbədi, müstəqilliyi dönməz, dövlətçiliyi sarsılmazdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
sesqazeti.az

1Mənbələr