AZ

ABŞ İraqın İran üzərindən Türkmənistan qazının idxalı planına razılıq vermədi

BAKI, 19 sentyabr. TELEQRAF

İraqın elektrik qıtlığını aradan qaldırmaq məqsədilə İran üzərindən Türkmənistandan qaz almaq cəhdi uğursuz olub.

Teleqraf xəbər verir ki, ABŞ İraqınTürkmənistandan ildə 5,025 milyard kubmetrlik qaz idxalı planına etiraz edib.

Qeyd edək ki, 2023-cü ildə təklif olunan ilkin razılaşmaya əsasən, Türkmənistan qazının İrana göndərilməsi, oradan isə İraqa ötürülməsi nəzərdə tutulurdu. Lakin bu sxem ABŞ sanksiyalarını poza bilərdi və Vaşinqtonun razılığı tələb olunurdu.

Razılaşmaya əsasən, qazın İranın dövlət şirkəti İran Milli Qaz Şirkəti (NIGC) vasitəsilə ötürülməsi nəzərdə tutulurdu. Bunun əvəzində Rəsmi Tehran gündəlik həcmin 23 faizi qədər pay alacaqdı.

Bağdad ABŞ sanksiyaları və çirkli pulların yuyulmasına qarşı qaydaların icrasına nəzarət üçün beynəlxalq monitorun cəlb edilməsini də təklif etmişdi. Lakin aylarla aparılan müzakirələrə baxmayaraq,sövdələşmə baş tutmadı.

Məlumat üçün qeyd edək ki, 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraq əhalisini enerji ilə təmin etməkdə çətinlik çəkir, əhali isə bahalı özəl generatorlardan asılı vəziyyətdədir.

Ölkə son on ildə elektrik enerjisinin üçdə birini İran qazı hesabına təmin edib. 2024-cü ildə ölkənin qaz idxalı 9,5 milyard kubmetrə çatıb.

Seçilən
20
teleqraf.com

1Mənbələr