AZ

“Ödəmə qabiliyyəti yoxlanılmadan kredit vermək risklidir” RƏY

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bankların kredit verməzdən əvvəl vətəndaşın ödəmə qabiliyyətini diqqətlə nəzərə almalı olduğunu vurğulayıb.

O bildirib ki, xüsusilə girovsuz istehlak kreditləri verərkən borcalanın gəlir vəziyyəti və ödəmə qabiliyyəti diqqətlə qiymətləndirilməlidir.

Əks halda, borcun qaytarılmaması həm bank, həm də borcalan üçün ciddi problemlər yarada bilər.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan “Liberal İqtisadçılar Mərkəzi”-nin sədri Akif Nəsirli  qeyd edib ki,  banklar kredit vermədən əvvəl vətəndaşın ödəmə qabiliyyətini (yəni kredit qabiliyyətini) qiymətləndirirlər:

“Bu qiymətləndirmənin məqsədi həm bankın risklərini minimuma endirmək, həm də borcalanın gələcəkdə borc yükü ilə bağlı problemlərlə üzləşməsinin qarşısını almaqdır.

Bu qiymətləndirmə zamanı bir neçə əsas meyar nəzərə alınır:

1. Gəlir və xərclər təhlili – Vətəndaşın rəsmi maaşı, əlavə gəlirləri və ailə dəstəyi nəzərə alınır. Həmçinin aylıq məcburi xərclər (kommunal ödənişlər, icarə, digər kreditlər) də qiymətləndirilir.

2. Borclanma yükü əmsalı – Vətəndaşın aylıq gəlirinə nisbətdə mövcud və gözlənilən kredit ödənişlərinin faiz göstəricisi müəyyənləşdirilir. Beynəlxalq təcrübədə bu göstərici adətən 40–50%-dən artıq olmamalıdır.

3. Kredit tarixçəsi (scoring) – Mərkəzi Kredit Reyestri və ya kredit bürolarından vətəndaşın əvvəlki kredit öhdəliklərini necə yerinə yetirdiyi barədə məlumat əldə olunur.

4. İş yeri və sabitlik – Vətəndaşın iş stajı, əmək müqaviləsinin daimi olub-olmaması və gəlirin sabitliyi qiymətləndirilir.

5. Təminat və girov – Vətəndaşın əmlakı, avtomobili və ya üçüncü şəxsin zəmanəti olub-olmaması nəzərə alınır”.

İqtisadçı qeyd edib ki, əgər vətəndaşın ödəmə qabiliyyəti kifayət qədər yüksək deyilsə, bank bir sıra alternativ variantlar təklif edə bilər:

“• Kredit məbləğinin azaldılması – Daha kiçik kredit təklif edərək aylıq yükü yüngülləşdirmək.

• Zəmanətçi tələb etmək – Kreditin qaytarılmasına təminat üçün əlavə şəxsin zəmanətini almaq.

• Girov əsasında kredit – Daşınmaz əmlak və ya digər aktivləri girov kimi qəbul etmək.

• Daha uzun müddət və az ödənişlər – Kreditin müddətini uzadaraq aylıq yükü azaltmaq (amma ümumi faiz yükü artır).

• Məqsədli dövlət dəstəkli kreditlərə yönləndirmək – Təhsil, biznes və ya ipoteka kreditləri kimi subsidiya mexanizmləri ilə verilən kreditlərdən istifadəni təklif etmək.

• Maliyyə savadlılığının artırılması və məsləhət xidməti – Vətəndaşa borc götürməmişdən əvvəl maliyyə idarəetmə, yığım və büdcə planlaşdırma üzrə dəstək göstərmək”.

Akif Nəsirli bildirib ki, əgər bütün bu variantlar da risk səviyyəsini yüksək saxlayırsa, bankın kredit verməməsi ən düzgün qərar hesab olunur.

“Bu, həm bankı zərərdən qoruyur, həm də vətəndaşı əlavə borc yükündən qoruyur”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
icma.az

1Mənbələr