AZ

"İmkan verin bir-iki oxumaq istəyən qalıb, onu da itirməyək" - Tanınmış müəllim

Yeni tədris ili bir neçə gündür ki, başlayıb, lakin təhsilə ardı-arası kəsilməyən hücumlar səngimir. Bu həm müəllimləri, həm də valideynləri demotivasiya edir. Nədir məqsəd? Sözsüz ki, müxalif tərəflərin şəxsi mövqeyi. Əgər olan problemi həll etmək məqsədi güdülsə, yanaşma fərqli olardı. Burda isə aydın görünür ki, hücumlar təhsildə birinci şəxsə - nazirə yönəlib.

Mən dəfələrlə yazılarımda da qeyd etmişəm, təhsildəki problemlər bir şəxsin fəaliyyəti ilə tamamlana bilməz. Çünki təhsildə yaranmış bu problemlər yarım əsrin üst-üstə yığılmış qalaqlarıdır. İndi kimdənsə bunun köklü həllini gözləmək absurddur.

Bundan başqa, hansı addım atılsa, o dəqiqə müəyyən əks tərəflər hücuma keçir, tənqid edir. Heç bir atılan addımı alqışlayan görmədim. Bu, istər quruma qarşı, istər fərdi olaraq müəllimlərə qarşı heç vaxt dəyişmədi. Onlara soruşsan, nöqsanları göstəririk, irad bildiririk ki, düzəldilsin deyəcəklər. Amma heç psixoloji tərəfini nəzərə alan yoxdur. Əgər siz cəmiyyətdə məktəbə, təhsilə qarşı bu qədər inamsızlıq yaratsanız, biz müəllimlər təhsilə necə təkan verə bilərik?! Necə cəlb edə bilərik uşaqları təhsilə?! Siz inanmadığınız həkimə gedərsiniz? Bu gün təhsilin bu vəziyyətdə olması yox, amma bu vəziyyətdən çıxa bilməməsi məhz birbaşa olaraq medianın mövqeyidir. Nəyi daha çox göstərir, təbliğ edirsinizsə, o da artır.

"Vaxtında, bizim zamanımızda belə şeylər yox idi" ilə başlayan cümləni istifadə edən kəslər onu başa düşməlidir ki, onların zamanında bu cümləni ancaq evlərində deyə bilirdilər. Dövr dəyişirsə, heç nə eyni qala bilməz. Necə ki, onlar sərbəst şəkildə çıxıb fikirlərini ifadə edə bilirlər, heç nədən çəkinmirlər, qorxmurlar. Bax, bizim zamanımızda bu da belə deyildi. Demokratiyanı düzgün istifadə etmək lazımdır. Bizim zamanımızda kimin həddi nə idi, evində kameranı açıb kiminsə şəxsinə təhqir ünvanlasın. Yəni mənfəətcil olmayın. İmkan verin bir-iki oxumaq istəyən qalıb, onu da itirməyək.

Səbinə ƏSƏDOVA,

Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Seçilən
3
1
redaktor.az

2Mənbələr