AZ

Qarabağ və Şərqi Zəngəzurun inkişafı regionda əməkdaşlığı gücləndirir MÜNASİBƏT BilDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

""Böyük Qayıdış" proqramı müstəqil Azərbaycanın dövlətçilik tarixində strateji əhəmiyyətə malik olan ən böyük layihələrdən biridir. Bu proqramın məqsədi təkcə işğaldan azad olunmuş torpaqlarımıza soydaşlarımızın dönüşünü təmin etmək deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma və inkişafını qlobal miqyasda nümunəvi modelə çevirməkdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, bu prosesdə beynəlxalq tərəfdaşlığın rolu olduqca mühümdür: "Genişmiqyaslı infrastrukturun qurulması, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin tətbiqi, yaşıl enerji zonalarının yaradılması, mədəni və təhsil mübadiləsinin inkişafı üçün xarici sərmayələrin, qabaqcıl texnologiyaların və müasir idarəetmə təcrübələrinin cəlb edilməsi zəruridir. Ölkə başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət sayəsində artıq bir çox ölkələr və beynəlxalq investorlar bu prosesə dəstək verməkdə maraqlı olduqlarını ifadə ediblər. Dost və müttəfiq dövlətlərin liderlərinin, aparıcı siyasi simalarının işğaldan azad olunmuş torpaqlara səfərlərinin təşkili, Prezident İlham Əliyevin onları burada qarşılaması və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili məhz bu məqsədə xidmət edir. Ən son olaraq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın səfəri bunun bariz nümunəsidir.

Təbii ki, bu proses olduqca həssasdır və müəyyən risklərin olması istisna deyil. Ümumi müstəvidə əsas risklərdən biri Ermənistanın bəzi revanşist dairələrinin, eləcə də regionda qeyri-konstruktiv mövqe nümayiş etdirən qüvvələrin informasiya təxribatları və siyasi manevrləri ilə bağlı ola bilər. Bununla yanaşı, beynəlxalq tərəfdaşlıq prosesində maliyyə və investisiya maraqlarının milli təhlükəsizliklə uzlaşdırılması da diqqətdə saxlanmalıdır.

Digər tərəfdən, bu əməkdaşlığın gətirdiyi imkanlar çox genişdir. Xarici dəstək “Böyük Qayıdış” proqramının daha sürətli və dayanıqlı icrasını təmin edəcək, bölgənin iqtisadi inteqrasiyasına yeni nəfəs verəcək. Eyni zamanda beynəlxalq tərəfdaşlıq Azərbaycanın regional liderliyini və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirəcək. Qarabağ və Şərqi Zəngəzurun inkişafı isə region xalqları arasında əməkdaşlığı gücləndirərək Cənubi Qafqazda uzunmüddətli sülhün əsasını möhkəmləndirəcək.

Beləliklə, “Böyük Qayıdış” proqramı həm milli həmrəyliyimizin təntənəsi, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq platformasına çevrilə biləcək bir inkişaf konsepsiyasıdır. Dövlətimizin güclü siyasi iradəsi, xalqımızın birliyi və beynəlxalq tərəfdaşlığın dəstəyi ilə bu tarixi missiyanın uğurla reallaşacağına əminlik tamdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
sia.az

2Mənbələr