AZ

Bu uşaqlara 2600 manat birdəfəlik müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman veriləcək birdəfəlik müavinətin həcmi müəyyənləşib.

Sitat.info-nun xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinətlə təmin ediləcəklər.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərar əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunublar.

 

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanuna əsasən, həmin uşaqlara birdəfəlik müavinət verilməsi nəzərdə tutulub. Nazirlər Kabineti qanunun icrasını təmin etmək məqsədilə belə qərar verib.

Seçilən
38
23
sitat.info

10Mənbələr