“Heydər Əliyev fenomeni dövlətin dağılmaqdan qurtuluşu, siyasi sabitliyin bərpası, milli dövlətçiliyin möhkəmlənməsi demək idi. Onun rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiya dövlətimizin hüquqi əsaslarını möhkəmləndirdi, ordu quruculuğu başladı, iqtisadiyyatımız inkişaf yoluna çıxdı. Özünündə vurğuladığı kimi, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, heç kəs bu müstəqilliyi əlimizdən ala bilməz”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı deputat Sadiq Qurbanov deyib.
Deputat bildirib ki, 2020-ci il 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, ordumuzun gücü və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə şanlı qələbə ilə başa çatdı. İşğal altında olan torpaqlarımızın böyük hissəsi azad olundu. “Şuşada dalğalanan bayrağımız müstəqilliyimizin ən möhtəşəm simvoluna çevrildi.
Amma suverenliyimiz tam olaraq yalnız 2023-cü ilin sentyabrında bərpa olundu. Dövlətimizin həyata keçirdiyi qətiyyətli əməliyyat nəticəsində Qarabağda qeyri-qanuni separatçı qurum birdəfəlik aradan qaldırıldı. Azərbaycan Konstitusiyasının qüvvəsi bütün ərazilərimizdə təmin olundu.
Bizim də borcumuz müstəqilliyi yalnız sənədlərdə deyil, xalqımızın şüurunda, gələcək nəsillərin qəlbində möhkəmləndirməkdir”, - o qeyd edib.
Deputat əlavə edib ki, müstəqilliyi qorumağın ən yaxşı yolu onu təhsildə, elmdə, iqtisadiyyatda və mədəniyyət və başqa sahələrdə inkişaf etdirməkdir:
“Ona görə bizim qarşımızda dayanan vəzifə aydındır:
• Güclü dövlət və güclü ordu quruculuğunu davam etdirmək;
• Müstəqilliyimizin dayağı olan milli birliyi qorumaq;
• İnsanlarımızın rifahını yüksəltmək, vətəndaşlarımızın hüquqlarını təmin etmək;
• Vətənimizin hər qarışında üçrəngli bayrağımızı uca saxlamaq.
Biz bu müstəqilliyi yalnız qorumaqla kifayətlənməməli, onu inkişaf etdirməliyik. Gənclərimizi milli ruhda, müasir biliklərlə yetişdirməliyik. Çünki gələcəyin suverenliyi bugünkü hazırlığımızdan asılıdır”.
Mürtəza