AZ

Cəlilabad deputatın gözü ilə “İcra başçısından şəxsi xahişim olmayıb”

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu günə qədər Azərbaycan mediasında millət vəkilləri ilə müsahibələr daha çox qanunvericilik, onların seçicilərlə bağlı, xarici təşkilatlarda, ayrı-ayrı ölkələrlərlə əlaqəli dostluq qruplarındakı fəaliyyəti, ictimai-siyasi məsələlər, gündəm mövzular və s. məqamlara bağlı olub.

Bu gündən Modern.az deputatlarla bağlı yeni layihəyə start verir. “Region deputatın gözü ilə” layihəsində bölgələrimizin bütün sferalarını deputatlarla müzakirə edəcəyik.

Nəzərə almaq lazımdır ki, hər bir deputat seçicilərini parlamentdə təmsil etməklə yanaşı, həm də rayonun problemlərinin həllində, nailiyyətlərdə və gələcək işlərdə ya iştirakçıdır, ya da ən azından bu nüanslara yaxından şahidlik edir.

İlk qonağımız Milli Məclisin 72 saylı Cəlilabad kənd seçki dairəsindən seçilən deputatı Elman Nəsirovdur.

Cəlilabadı necə tanıyırıq...

Tarixi mənbələrdə Cəlilabad Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi göstərilir. Burada mövcud olmuş Həməşərə şəhəri e.ə. II minilliyə aiddir. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində Astarxanbazar şəhəri bölgənin mərkəzinə çevrilib.

Cəlilabad rayon olaraq 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən isə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb.

Rayon şimaldan Biləsuvar, Şərqdən Neftçala, Cənubdan Masallı, Cənub-qərbdən Yardımlı, Qərbdən isə İranla həmsərhəddir. Kür-Araz ovalığının sərhədində olan bölgənin ərazisi düzənlik və alçaq dağlıqdır. Şərq hissəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Mülayim, isti yarımsəhra və quru çöl iqlimə malikdir.

Son statistikalara görə Cəlilabadda 219 min 200 nəfər yaşayır.

Zəhmətkeş insanlar, quru hava, böyüklərin yerini bilmək adəti…

Müsahibimiz deyir ki, bölgənin spesifik cəhətləri çoxdur:

- Cəlilabadın quru havası, çox zəhmətkeş insanları var. Vaxtilə Cəlilabad üzüm istehsalı baxımından Şamaxı ilə eyni səviyyədə olub. Yadımdadır, o vaxt kimin evində 3-4 qız var idi, xoşbəxt hesab olunurdu. 3-4 qız tarlada çalışırdısa, o ailə çox zəngin olurdu. Müstəqillik əldə etdikdən sonra müxtəlif problemlər, o cümlədən iqtisadi durğunluq yaşandı. Amma hazırda Cəlilabad kartof əkini ilə populyardır. Seçicilərimin də böyük əksəriyyəti bu sahə ilə məşğul olur. Tez-tez su problemləri və digər bənzər məsələlərlə bağlı görüşlərimiz, müvafiq qurumlarla danışıqlarımız olur. İnsanlar xeyli fərqlidir, xoşlarına gəldinsə, səni qəbul edəcəklər. Salamlı-kalamlı adamları xoşlayırlar. Kəndə yeni gələndə onlarla salamlaşdın, hal-əhval tutdunsa, elə bilirlər ki, məhəllənin adamısan, yox lal-dinməz, yaxud da özünü böyük tutub keçdinsə, heç vaxt səni qəbul etməyəcəklər.

Təmsil etdiyim kəndlərin böyük hissəsi İranla sərhəddə yerləşir. Burada yaşayanlar lap spesifikdir. Çünki İranla sərhəddə olduğu üçün bir növ diqqətdən kənar qalmışdılar. İndi isə cənab Prezidentin rəhbərliyi ilə ciddi işlər gedir. Dövlət sərhəddən başlayır və oradakı kəndlərə də xüsusi diqqət tələb edir. İndi bu, dövlətin əsas prioritetlərindəndir.

Cəlilabaddakı gənclər nə ilə məşğuldur?

Deputat deyir ki, indiki gənclik dəyişkən, enerjili, bəzən də tənbəl görünür:

- Gənclik olan yerdə dinamika, enerji var. Gənclik istəyir ki, tez-tez dəyişikliklər olsun, bu, onların mənafeyinə xidmət etsin. Gənclər xüsusi ilə asudə vaxtının təşkili, işsizlik kimi məsələlər barədə düşünür. Burada təhsil məsələsinə toxunmaq istəyirəm. Sovet dövrün son illərində bu bölgədən ali məktəblərə qəbul yüksək idi. Müstəqillikdən sonra bu tendensiya azalmışdı. Xüsusi ilə xanımların təhsili ilə bağlı ciddi problemlər var idi. Amma statistikaya baxsaq, son illərdə bu məsələlər həll olduğunu görə bilərik. Gənclərin çoxunda şəhərə üz tutmaq problemi var. Hesab edirəm ki, işsizlik, asudə vaxtının təşkili kimi məsələlər yerlərdə öz həllini tapandan sonra bu cür məqamlar qalmaz. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırmışam.

Gənclərdə tənbəllik hiss edirəm. Vaxtı ilə üzümçülükdə birinci yerdə olan Cəlilabadda 40 dərəcə istidə saatlarla işləyən adamlar olub.

Amma indi insanlar sanki tənbəlləşib. İki gənc qardaş işsizliklə bağlı bizə müraciət etmişdi. Elə onların yanında kartof əkini ilə məşğul olan sahibkara zəng etdim, məsələ həll olundu. Günə 30 manatdan iş təklif olundu. İkisi bir yerdə evə 1 ayda 1800 manat apara biləcəkdi. Bilirsiniz, bu təklifin cavabında gənclər mənə nə dedilər... "Günün altında kartof yığma bilmərik, bizim ona canımız yoxdur".

İnsanlar bəzən başlanğıc nöqtəsi üçün də işləmək istəmirlər, 3 ay işləyib sonra şəxsi biznesin də qura bilərdilər, etmədilər.

Mənim ilk təyinatım Bakı Dövlət Universitetinə baş laborant idi, mən həmin vaxt bundan imtina etsəydim, indi professor ola bilərdim?

Cəlilabadda nə iş görülür...

Elman Nəsirov bildirir ki, bir il ərzində 20 kəndin asfaltlanması həyata keçirilib, 60-cı illərdən qalan dirəklər sökülüb, 16 kənd tamamilə kabelləşdirilib:

Seçicilər məsələ qaldırdı ki, əgər 2- 3 il də Cəlilabadın İranla sərhəddində yollar çəkilməsə, sonra da çəkilməsin. Çünki belə olan vəziyyətdə onlar digər şəhərlərə köç edəcəkdilər. Bu, tək demoqrafiya deyil, ciddi siyasi əsasları olan məsələdir. Kəndlər elə idi ki, yaşlı insanlar deyirdi ki, vəfat edəndə onları qadınlarmı dəfn edəcək? Gənclər kəndləri tərk etdikləri üçün belə deyirdilər. Mən bunu da parlamentə qaldırmışdım. Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh müəllimlə görüşdüm. Nəticədə 1 il ərzində 20 kəndin asfaltlanması həyata keçirildi. Hətta orada Təklə kəndində körpü də bərpa olundu.

Ölkəmizdə qazlaşma prosesi də çox sürətlə gedir, ölkədə qazlaşmanın səviyyəsi təxminən 97 faizə qədərdir. Buna görə Azərbaycan dünyada birinci yerdədir.

Cəlilabadda qazlaşmanın səviyyəsi ürəkaçan deyildi, təxminən 50 faizə idi. Qonşu Biləsuvarda isə 100 faizdir. Bununla bağlı  Azəriqaz-ın ovaxtkı rəhbəri Ruslan Əliyevlə görüşdük. Daxili imkanlar hesabına 5 kənd qazla təmin olundu. Bu proseslər bizim növbəti dəfə seçilməyimizə də ciddi təkan verdi.

Eyni zamanda "Azərişıq" xüsusilə dəstək göstərir. Altmışıncı illərdə çəkilən işıq xətləri var idi, bu istiqamətdə "Azərişığ"ın rəhbəri Vüqar Əhmədovla görüşlərimiz, telefon danışıqlarımız oldu.

Nəticədə bu gün 16 kənd tamamilə kabelləşdirildi. Bir kənddə 7-9 transformator var. Keçən il 16 kənddə biz buna nail olmuşduq, indi isə bu siyahıya 21 kəndi salmışıq. Əsas məsələ vətəndaş məmnunluğunun yaranmasıdır.

Cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahıdır. Bunlar da sosial rifahla bağlı məsələlərdir ki, biz də gücümüz çatdığı qədər məsələyə dəstək verək.

Təkər satmaqdan təhsilə

Bir vaxtlar mənim oxumağıma gülən sinif yoldaşımı, sonradan işə düzəltdim

Həmsöhbətimiz qeyd edir ki, əvvəllər cəlilabadlılar İran bazarında təkər satmaqla varlanırdı, indi oxumağa meyl yaranıb:

Cəlilabadda olan varlı şəxslər biri-birinin bəhsinə eyni kənddə bir neçə məscid tikdirirlər, onun yerinə məktəb, bağça tikdirmək ağıllarına gəlmir.

Təhsilin səviyyəsi aşağı olanda və dinə həvəs artanda bu, bir nəticə doğurur – təhlükə. Hətta bir neçə dəfə seçicilərimlə görüşəndə açıq şəkildə bildirmişəm ki, bu kəndin fərqli ölkərində çalışan sahibkarları var və gəlib kəndində məscid tikdirirlər. Bir çox hallarda məscidi olan kəndə başqa cəlilabadlı gəlib yenidən məscid tikdirir. Orada gəlib bağça, məktəb, kitabxana, klub tikdirə bilər. Bu, xoşagəlməz haldır. Xüsusi ilə təhsildən uzaq adam bütün fikrini ancaq dinə və məscidə bağlayanda, məktəbdən uzaq düşəndə, bu artıq təhlükəli olur. Biz hər görüşlərimizdə bundan danışırıq.

Deyirəm din xurafat deyil, xurafatdan uzaq olaq. Bunu deyəndə ali təhsil alan gənclərin namaz qılmasını faktını ortaya qoyurlar. Deyirəm ki, bu, tamam başqa şeydir. Əvvəllər təhsildən uzaq adamlar gəlib molla qiyafəsində özünü təqdim edirdi, indi bunların hamısı imtahanladır. Bu gün Cəlilabadda bu istiqamətdə müsbət tendensiya müşahidə olunur. Gənclər təhsilli, öz iş və gücü ilə məşğuldur, mənəvi öhdəliyi kimi də Allaha dua edir. Amma əvvəllər İran bazarı deyilən yer var idi, bu da rayon gənclərini təhsildən uzaqlaşdırırdı. Əllərinə nə keçirdi gedib orada satırdılar, oradan nələrsə gətirib burada satırdılar. Bir də xurafatla məşğul olurdular. Nəticədə əllərinə pul keçirdi və məktəbə gedən, amma pulu olmayan uşaqlara təzyiq göstərirdilər, “Sən get kitabını oxu” – deyirdilər. Hətta bu, mənim də başıma da gəlib. Universitetdə oxuyan vaxt valideynlərim mənə kirayə üçün pul göndərirdilər. Amma alverlə böyük pullar qazanan sinif yoldaşım mən universitetdə işləyəndən sonra gülə-gülə valideynlərimə "yenə Elmana pul göndərirsiniz" deyirdilər. Sonra İran bazarı çökdü, məsələlər tənzimləndi. İş elə gətirdi ki, həmin uşaqlar atamdan xahiş etdi ki, onlara iş tapım. Demək istədiyim odur ki, zamanında elm və təhsilə münasibət pis idi, amma sərhədlərdə nəzarət artdı və gənclərdə inam yarandı ki, özünü təsdiq üçün yaxşı təhsil almalı və irəli getməlisən.

Cəlilabadda qızlar görür ki, başqa rayonun, qızları ali təhsil almağa can atırlar, onlar da elə olmaq istəyirlər

Statistikaya görə, 2024-cü ildə Cəlilabadda 18 yaşına çatmayan qızlar tərəfindən dünyaya gətirilən uşaqların sayı 80 olub. 2024-cü ildə isə bu rayonda 18 yaşına çatmayan şəxslər nikaha daxil olmayıb.

Deputat söyləyir ki, dəfələrlə olub, seçicisi qabağını kəsib, bildirib ki, qızını 17 yaşında ərə vermək istəyir, polis icazə vermir. Deyir ki, mən sənə səs vermişəm, deputat seçilmisən, ona görə bu problemimi həll et:

Mənsə dəfələrlə bildirmişəm ki, qanunsuz işlərlə məşğul olmayın.  İndi cəlilabadlılar artıq adının qanunsuz işlərdə çəkilməsini istəmirlər.

Cəlilabadda xanımların gəlib, Bakıda təhsil alması özü göstərici olmalıdır və sonrakı nəsil başını örtüb, erkən nikaha daxil olan həyat tərzini yox, o ali məktəbə daxil olub, yaxşı işlərdə çalışan xanımı təqlid etməlidir.  Bəli 2024-cü ildə 18 yaşına çatmayan qızlar tərəfindən dünyaya gətirilən uşaqların sayı 80 olub, 2024-cü ildə isə bu rayonda 18 yaşına çatmayan şəxslər nikaha daxil olmayıb. İlkin göstərici evliliklərin daha əvvəl olduğunu göstərir, son 2 ildə isə bu sahədə rayonda ciddi işlər görülür. Siz Cəlilabada getməsəniz də, ora haqqında kifayət qədər məlumata sahib olursunuz, eyni zamanda cəlilabadlılar üçün də bu belədir.

Bu gün Daxili İşlər Nazirliyi bu sahədə ciddi işlər görür. Mən rayonda olanda bir nəfər yaxınlaşdı ki, sənə səs vermişəm, indi problemimi həll et. Soruşdum ki, problemi nədir, deyir qızımın 17 yaşı olub, onu ərə vermək istəyirəm, oxumaq fikri yoxdur, heç universitetə də daxil ola bilməz, yaxşı da oğlan elçi düşüb, indi sən polislə danış imkan versin, biz bu qızı evləndirə bilək. Polis bu hallarda çox ciddi nəzarət mexanizmi aparır. Cəlilabadlılar da artıq bu kimi məsələlərdə adlarının hallanmasını istəmirlər. Faktlar da göstərir ki, bu tendensiya get-gedə səngiyir. Həmçinin əhali qanun da sərt üzünü görür, bu, artıq cinayət məsuliyyəti yaradır. Rayonda bu yöndə inqilabi dəyişikliklər baş verib, qızlar görür ki, başqa rayonun, şəhərin qızları ali təhsil almağa can atırlar, onlar da elə olmaq istəyir.

Narkomaniya - Cəlilabadın həll olunmalı problemi

Dövrümüzün ən böyük bəlasından biri də narkomaniyadır və bu, xəstəlik təəssüf ki, ölkəmizdən yan keçməyib. 

Elman Nəsirov əlavə edir ki, zamanında Cəlilabadın elə küçələri var idi ki, narkomaniya sahədə ad çıxartmışdı:

- İran bazarının, sərhədlərin açıq olduğu vaxt narkomaniya Cəlilabadda ciddi yayılmışdı. Bu təhlükə gənclərdən də yan keçmirdi. Hətta Cəlilabadda narkotiklərin qeyri-qanuni dövriyyəsi üçün daha münbit şərait olub. Səbəb isə İranla sərhəddə yerləşməsidir. İstər-istəməz birdən-birə pul qazanmaq, ondan istifadə və sair kimi məsələlər də özünü göstərirdi. İran bazarının, sərhədlərin açıq olduğu vaxt narkomaniya Cəlilabadda geniş yayıldı. Amma indi həmin insanların taleyi hər kəsə dərsdir: ya həbsxana, ya da ölüm. Son illərdə təbliğat-təşviqat, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti bu halın minumuma endirilməsinə səbəb olub. Amma tamamilə yox olub deyə bilmərəm. Bu, o qədər də obyektiv olmaz.

Cəlilabadda yas mərasimi ilə toy seçilmir

Cəlilabad dini ənənlərin güclü olduğu bölgələrdəndir. Millət vəkili maraqlı məqamları açır:

- Hazırda yas mərasiminin ləğvi haqqında kolleqalarımızla söhbətlər də etmişik, nəticə odur ki, hələ bu məsələ tam yetişməyib. Son zamanlar ayrı-ayrı rayonlarımızda bu məsələdə müsbət dinamika var. Yaxını, əzizini itirən insan başını onda itiri ki, bilmir yaxının dərdin çəksin, ya gələnlərin qarşısına necə çıxsın. Əvvəllər Cəlilabadda 7 gün yas mərasimi keçirilirdi. Cəlilabadda yas mərasimi toy mərasimindən seçilmirdi, ən azı iki cür yemək verilirdi, bozbaş, bir də ətlə plov, həmçinin stol müxtəlif şirniyyatlarla dolu olur. Bu ev sahibinə ikiqat zərbədir. Burada da əsas maraqlı mollalar idi.

Bazar günü Cəlilabada hüzr yerinə getmişdim, artıq 7 gün yerinə 4 gün yas mərasimi keçirilir. Mollalar imkan verməyib ki, 3 mərasimi ilə 7 birləşsin, yas mərasimi elə 3-cü gündə yekunlaşsın. Ona görə də 4-cü gün qədər yas mərasimi davam edir. Yenə də hər bir halda 4 günə endirilməsi, yas mərasimlərinin sadələşdirilməsi yaxşı haldır.

Rayonda dindarlıq problemə çevrilir:

“İnsanlar ürəklərində gəldiyinə görə yox, status qazanmaq üçün məşədi, həccə və kərbəlaya gedir”

Cəlilabadın bəzi kəndlərində məşədi, hacı və kərbəlayı olmayan tapmaq çətindir. Sanki bir bəhsəbəhslik də var. Hətta qadınların arasında da məkkəyə, kərbəlayıya getmək geniş yayılıb və səbəb bir çox hallarda digərlərindən seçilməkdir. Çünki rayonda yaşlılardan daha çox bu insanlara hörmət edilir.

Turizm, hotelçilik qonşu kəndlərdən aşağı səviyyədədir:

Deputat qeyd edir ki, coğrafi mövqeydən çox şey aslıdır. Lənkəran və Astara bu baxımdan daha çox inkişaf edib. Orada müxtəlif hotellər tikilib, istirahət mərkəzləri yaradılıb. Xəzərə çıxışı olmamağı isə Cəlilabadı bu baxımdan geri salır.

Siz Cəlilabada getsəniz normal hotel tapa bilmərsiniz, gedib Masallıda və digər qonşu rayonlarda qalmaq məcburiyyətiniz olacaqsınız. Sahibkarlara bunu deyəndə turistlərin bura gəlmədiyini bildirirlər, amma bu kimi məsələlərdə təklif tələbi qabaqlamalıdır ki, turistləri də çəkə bilsin.

Cəlilabadda Üçtəpə kəndi var. Bura atçılıq mədəniyyətinin Azərbaycanda mərkəzi hesab edilir. Qədim at sümükləri də Cəlilabadın qədim tarixə malik olduğunu göstərir. Eyni zamanda Əliköməktəpə qədim yaşayış məskənlərindən biridir. Rayonda Tarix muzeyimiz var ki, ora Cəlilabadın inkişaf tarixini özündə əks etdirir. Muzey, istirahət mərkəzləri, yaşıllaşdırmaya diqqət artırmaq lazımdır. Bunlar əsasən qonşu rayonlarda daha çoxdur, Cəlilabad bu baxımdan geri qalır.

Cəlilabadda çiyələk festivalı keçirilir. İkinci Dünya müharibəsində isə buraya ikinci Ukrayna deyirdilər. Taxılçılığın əsas mərkəzlərindən olub, müharibə əsnasında qonşu kəndlər Cəlilabaddan aparılan buğda maşınlarında tökülən buğdaları yığırdılar, amma bu baxımdan bizim rayonumuz müharibəni rahat keçirib. 1970-ci illərdə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə üzümçülük inkişaf etdi. Hətta Zeynəb Xanlarova bu rayon haqqında mahnı da oxudu.

Cəlilabadda musiqi sahəsində vəziyyət elə də pis deyildi. Buradan xeyli adlı-sanlı müğənni var. Bu da Cəlilabadın quru havası və ənənələrdən irəli gəlir. Rayonumuzdan olan Ağadadaşın balta məsələsi isə gözlənilməz oldu. Xüsusi ilə cəmiyyətdə seçilən və qəbul edilən müğənni idi. O dəfələrlə əməliyyat olunmuşdu, narkoz almışdı. Mən onun bu cür aqressiv hərəkətini bununla qiymətləndirə bilərəm.

Cəlilabadda şəhid ailələrinin evinə qədər yol çəkilib

E. Nəsirov xüsusi ilə vurğulayır ki, Cəlilabad İkinci vətən müharibəsində ən çox şəhid verən rayonlar içində idi. Bunun əsas səbəbi hərb sahəsinə maraq olub ki, həmin müharibədə ən ön cəbhədə getdilər.

- Bu gün rayonumuzda onların ailələrinə də xüsusi diqqət edirik. Evlərinin qarşısına yol çəkməyə, işlə təmin olunmaya qədər bir çox məsələlərdə həssas yanaşırıq. Hətta bəzən onlar yaxın qohumlarının işlə təmin olunması məsələsi də həll olunur. Baxmayaraq ki, ən yaxın qohum belə, şəhidin ailəsi kateqoriyasına aid edilmir.

İcra başcısı Rafiq Cəlilovdan şəxsi xahişim olmayıb

Deputatlar etiraf etməsələr də, onların böyük hissəsi təmsil etdiyi rayonun icra hakimləri və nümayəndələri ilə yaxşı münasibət qurmaqda çətinlik çəkir. Elman Nəsirov bu fikrə qatılsa da, özünün icra başçısı ilə probleminin olmadığını dedi.

- Bu sahədə mənim icra başçıları ilə problemim olmayıb. Bunun səbəbi təmsil etdiyim rayonun icra başçısına şəxsi heç nə istəməməyim olub. Belə olan vəziyyətdə insan dili uzun olur. Mənim icra başçısından tək xahişim seçicilərimlə bağlı məsələlərdi. Buna görə də Rafiq müəllimlə çox normal münasibətim var.

Kəndçilərə müxalifətlə bağlı sual versəniz gülərlər

Deputat deyir ki, seçki prosesində Cəlilabadda Yeni Azərbaycan Partiyası daha çox etimad qazanıb. Eyni zamanda Müsavat, Ümid Partiyasının namizədlərinə münasibət  ümumi ölkə göstəriciləri necədirsə, Cəlilabadda qat-qat daha aşağıdır. Hətta Göyçayda müxalif partiyalara Bakı ilə müqayisədə daha çox diqqət görürdü. Cəlilabadda kiməsə desəniz ki, seçkilərdə müxalifətdən kimə səs verəcəksiniz, sizə gülərlər ki, mən niyə müxalifətə səs verməliyəm.

Cəlilabadın özünəməxsus mətbəxi:

“Yarpaq dolması və bu ərazidə yetişən toyuğun çığırtması xüsusi ilə dadlı olur”

Cəlilabadda ən geniş yayılan yeməklərdən biri yarpaq dolmasıdır. Bunun da əsas səbəbi kəndçilərin əvvəllər üzümçülüklə məşğul olmaları ilə əlaqəlidir. Əvvəl Cəlilabadda hamının həyətində toyuq-cücəsi olurdu və onların dadı da şəhərdə, digər ərazilərdə olan toyuqlardan fərqli idi. Bu səbəbdən onlardan hazırlanan yeməklər xüsusi ilə dadlı olurdu. Bunun da səbəbi Cəlilabadın düzənlik olması və günəşli hava heyvanların əzələlərini çox sərtləşdirməməsi olurdu. Onlardan hazırlanan çığırtmalar xüsusi ilə dadlı olur.

Cəlilabadlıların onları təmsil edən Elman Nəsirovla bağlı fikirləri:

Cəlilabadlıların onları təmsil edən Elman Nəsirovdan razı olub olmadığını görmək üçün seçkilərin nəticələrinə baxmaq lazımdır. Seçkilərdə çox yüksək nəticələr göstərdik. İnsanlar gəlir, konkret görülən işə qiymət verirdilər. Mənə həmişə fəal deputat kimi qiymətləndirirdilər, xüsusi ilə mətbuatda çıxışlarım, müxalifətlə debatlarımı, qaldırılan və həll olunan məsələləri görürdülər. Birinci və ikinci seçkilərdə isə çox ciddi fərq var idi. Birincidə onlar məni  ilk növbədə Göyçaydan gələn deputat kimi qiymətləndirirdilər. İkincidə isə artıq gördüklərimiz işə görə qiymət verirdilər. Buna görə də ikinci dəfə Cəlilabadın deputatı kimi seçilmək daha rahat oldu.

Sosial media, Cəlilabad və Elman Nəsirov:

Mənim bir əqidəm var. Nə edəcəyəmsə, bu, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət edir. Mən bilirəm ki, bu dövlətin ayağının altını qazmaq istəyənlərlə mübarizədəyəm, onlarla bağlı açıq fikirlərimi söyləyirəm. Mən sakit yerimdə otursam, kimin mənimlə nə işi olacaq? Hətta bir neçə il bundan əvvəl - qızım 6-cı sinifdə oxuyanda ağlaya-ağlaya evə gəlib. Anası soruşub ki, niyə ağlayırsan. Sən demə, mənim debatlarımda klaviatura qəhrəmanları olan müxalifət söyüşlər yazır, uşaqlar da buna göstərib ki, bax, sənin atanı söyürlər. Mən də buna deyirəm ki, bax sənin atanı hamı tanıyır, onları, onların ataların kim tanıyır? Həm də sən sevinməlisən ki, atan dövlət üçün mübarizə aparır. Klaviatura arxasında qəhrəman olanlar, Allah etməsin, hakimiyyətə gəlsə, vay bu dövlətin, xalqın halına. Mən bunu başa düşdüyüm üçün onlarla mübarizə aparıram. Mən əminəm ki, cənab Prezidentin qazandığı tarixi qələbənin miqyasının insanlar zaman keçdikcə daha çox başa düşəcək. Bu gün Prezident, xalq və ordu sözləri simvola və bir-birinə sinonimə çevrilib.

Sosial mediada fəalam. Ondan ağıllı idarə etmək lazımdır. Amerikanların yaxşı sözü var, deyirlər hadisə baş verib və onu CNN göstərməyib, demək hadisə baş verməyib. Bu gün nəyisə etmək kifayət deyil, gərək onu göstərəsən də. Sosial mediada müxtəlif kateqoriyada adamlar var, biri də sırf qarayaxma kampaniyaları aparanlardır. Hansı ki, özləri uğursuz olduqları üçün uğurlu insanları da həzm edə bilmirlər. Bir dəfə Afrika ilə bağlı yazı oxuyurdum. Deyir Afrikaya səfər edərkən avtobusda oturarkən ehtiyatlı olun, çünki oturacaqlarda əyləşən zaman sizə nəyinsə batdığını görəcəksiniz. Qalxanda görəcəksiniz ki, bir vərəqdə yazılıb: “Bizim "SPİD" (QİÇS - red.) ailəsinə daxil olmağınız münasibəti ilə sizi təbrik edirəm”. Çünki o "SPİD"dir, bilir ki, öləcək və sağlam adamın paxıllığın çəkir. Bu gün sosial mediada qarayaxma üçün istifadə edənlər, cəmiyyətin "SPİD" daşıyıcılarıdır.

Cəlilabad dedikdə deputatın ağlına gələnlər:

Cəlilabad kənd təsərrüfatının inkişaf etdiyi rayon olub, burada insanlar çox zəhmətkeşdir. Ona görə də ilk növbədə zəhmətkeşlik ağlıma gəlir. Həmçinin Cəlilabadı populyar edən müğənniləri var idi. Bu rayonun adını çəkəndə Sabir Mirzəyev, Ağadadaş Ağayev, Qədir Məmmədov, Sabir Əliyevin adını sadalayırdı. İkinci baxımdan Cəlilabad belə yadımda qalıb. Üçüncü də özümün Cəlilabadlı olmağım həmişə ağlımdadır və o məsuliyyət üzərimdədir. Mən professor olandan sonra, həmişə mənə deyirdilər ki, sizin rayonunuzdan elm adamı çıxmayıb axı, sizdən əsas müğənni çıxır. Əsas da cəlilabadlılar dövlətə bağlı insanlardır. 2020-ci il seçkilərində Prezidentə səs vermək üçün sıraya düzülən saysız cəlilabadlılar var idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
modern.az

2Mənbələr