AZ

DTX Akademiyasının rəisi: “Konstitusiyamızın təkmilləşdirilməsi üçün addımlar atmağın zamanı çatıb”

“Azərbaycan Konstitusiyası öz dövrünün ən mütərəqqi sənədlərindən biridir. Zaman keçdikcə, cəmiyyətdə yeni münasibətlər formalaşdıqca, dövlət-cəmiyyət əlaqələri inkişaf etdikcə konstitusion münasibətlər də sürətlə dəyişir və bu münasibətləri tənzimləyən Konstitusiyanın özünün də təkmilləşdirilməsinə zərurət yaranır. 

Konstitusiyaya referendumla edilən əlavə və dəyişikliklər dövlət hakimiyyəti orqanlarının qarşılıqlı əlaqəsi, hakimiyyət bölgüsü mexanizminin təkmilləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının məzmun etibarilə zənginləşdirilməsi, müdafiə mexanizmləri və təminatlarının inkişafına xidmət edib”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün tam suverenliyini bərpa edən Azərbaycanda Konstitusiyanın yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb:

“Artıq Milli Məclis bu istiqamətdə ilk addımı atıb. Belə ki, iyunda Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı konstitusiya qanunu qəbul edilib. Həmin dəyişikliklər muxtariyyətin statusunda yenilənməni özündə əks etdirib. Naxçıvanın konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Azərbaycan Konstitusiyasında da müəyyən dəyişikliklərin edilməsi zərurəti meydana çıxacaq”.

E.Nəsirov vurğulayıb ki, bu gün ictimai həyata informasiya kommunikasiya texnologiyaları daxil olur:
 

“Artıq dövlət, məhkəmə hakimiyyətinin fəaliyyətində süni intellektdən istifadə edilir. Bu öz növbəsində insan hüquq və azadlıqlarına bu və ya digər formada təsir edir. Hazırda süni intellekt vasitəsilə informasiya kommunikasiyaları texnologiyaları insan hüquqlarına təsir edir, insanın şəxsi həyatına müdaxilə halları da artır. Bu, insan hüquqları sahəsində bir çox dəyişikliklərin edilməsi zərurətini yaradır.


Konstitusiyada həmçinin hakimiyyətin qolları arasında münasibətləri tənzimləyən, ərazi quruluşu nöqteyi-nəzərdən də müəyyən müddəaların dəyişdirilməsi zərurəti ortaya çıxa bilər. Naxçıvan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra Azərbaycan Konstitusiyasının təkmilləşdirilməsi istiqamətində addım atmağın zamanı çatıb”.

Günay Şahmar, Bizim.Media

Seçilən
27
2
bizim.media

3Mənbələr