AZ

Arzu Nağıyev: Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu gün regionun lider dövləti kimi tanınır

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması böyük rəmzi məna daşıyır. Bu qərar, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin suveren Azərbaycan dövlətinin qurulmasında, onun hüquqi-siyasi əsaslarının yaradılmasında gördüyü tarixi işlərin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

O qeyd edib ki, Azərbaycanın müstəqillik tarixi heç də asan olmayıb. İlk illərdə qarşılaşdığımız çətinliklər və böhranlar dövlətin dayaqlarını sarsıtsa da, xalqın iradəsi və Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyimiz möhkəmlənib, hüquqi dövlət quruculuğunun təməli qoyulub. “1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası artıq 30 ildən çoxdur ki, dövlətimizin hüquqi bünövrəsi kimi fəaliyyət göstərir. Bu sənəd qəbul ediləndə dünya və region tamamilə fərqli bir mərhələdən keçirdi. Lakin zaman dəyişsə də, çağırışlar artsa da, Konstitusiyamız öz aktuallığını qoruyub saxlayır və dövlətin bütün sahələrində qanunların aliliyini təmin etməyə xidmət edir. Bu, onun həm mükəmməlliyini, həm də müasirliklə uzlaşa bilən gücünü göstərir”.

A.Nağıyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Konstitusiyanı yalnız bir hüquqi sənəd kimi deyil, həm də milli təhlükəsizliyimizin, dövlət suverenliyimizin və milli maraqlarımızın təminatçısı kimi dəyərləndirirdi. “Ümummilli Lider Heydər Əliyevdən sonra Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu gün regionun lider dövləti kimi tanınır. Həm daxildə sabitlik və inkişaf təmin olunur, həm də beynəlxalq müstəvidə milli maraqlarımız qorunur. Bu, Konstitusiyanın mahiyyətində duran dövlətçilik ideyalarının real həyatda təcəssümüdür. Eyni zamanda, biz bu sahədə şəffaflıq prinsipini əsas prioritet hesab edirik. Hüququn aliliyi, ədalət və qanunların müdafiəsi dövlət siyasətimizin ayrılmaz hissəsidir. Bu prinsiplər Konstitusiyamızın ruhundan qaynaqlanır və müstəqil Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirir”, - deyə o əlavə edib.

Deputat Konstitusiyanı təkcə hüquqi sənəd deyil, həm də Azərbaycan xalqının birliyinin, gücünün və müstəqilliyə sadiqliyinin rəmzi kimi dəyərləndirib.

Seçilən
5
1
azertag.az

2Mənbələr