AZ

Suqovuşandan Kəlbəcərə çəkilən yoldan yeni - Video

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yol infrastrukturu layihələri uğurla icra olunmaqdadır.

Axar.az xəbər verir ki, bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.

Layihənin başlanğıc nöqtəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan qəsəbəsi, son nöqtəsi isə Kəlbəcər rayonu ərazisində yerləşən və Kəlbəcər–Laçın avtomobil yolu ilə kəsişən “Vəng dairəsi”dir. Ümumi uzunluğu 77.6 km olan avtomobil yolu II texniki dərəcəyə uyğun olaraq, iki hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 15 metr təşkil edir.

Layihə üzrə torpaq işləri çərçivəsində yolun ilk 24 km-lik hissəsində yararsız qrunt qazılaraq çıxarılmış, torpaq yatağı isə yolun alt və üst yamacları hesabına genişləndirilmişdir. Eyni zamanda, bu hissədə yol əsasının və ilk 20 km-lik sahədə asfalt-beton örtüyün alt laylarının tikintisi başa çatdırılıb. Yolun 21-25 km hissəsində isə mövcud qaya süxurları mexanizmlərlə parçalanaraq ərazidən kənarlaşdırılıb.

Bundan əlavə, 63-78 km-lik hissədə, xüsusilə sərt relyefə malik qayalıq ərazilərdə torpaq yatağının genişləndirilməsi və təhlükəsizlik üçün lazım olan görünmə məsafələrinin təmin olunması məqsədilə mexaniki qazma və partlayış işləri aparılır. Xüsusilə 68-78 km-lik sahələrdə bu işlər intensiv şəkildə həyata keçirilir.

Paralel olaraq, yolun təhlükəli yamac hissələrində sürüşmə və uçqunların qarşısının alınması üçün daş istinad divarlarının tikintisi aparılır. Layihə çərçivəsində müxtəlif ölçüdə suötürücü boruların, su keçidlərinin və körpülərin tikintisi və əsaslı təmiri işləri də icra olunur.

Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, texnoloji ardıcıllıq gözlənilməklə həyata keçirilir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün əraziyə zəruri sayda texnika və canlı qüvvə səfərbər olunub.

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq əsas infrastruktur layihələrindən biridir.

Seçilən
63
17
axar.az

10Mənbələr