AZ

Fransada kütləvi etirazlar:yüz minlərlə insan küçələrə çıxdı

Fransada hökumətin büdcə ixtisarlarına qarşı keçirilən kütləvi etirazlar ölkə boyu gündəmi silkələyib.

AzPost xəbər verir ki, yüz minlərlə insan küçələrə çıxaraq həmkarlar ittifaqlarının çağırışı ilə birgünlük ümummilli tətil aksiyasına qoşulub.

Etirazçılar yeni baş nazir Sebasten Lekornu üzərində təzyiq göstərməyi və maaşlar, pensiyalar, dövlət xidmətləri ilə bağlı daha ədalətli qərarlar qəbul olunmasını tələb ediblər. Aksiyalar nəticəsində ictimai nəqliyyatın fəaliyyəti ciddi şəkildə pozulub: qatar, avtobus və tramvay sürücüləri işə çıxmayıb. Xəstəxana işçiləri də həmrəylik nümayiş etdirərək tətilə qoşulublar.

The Guardian yazır ki, ölkə üzrə fəaliyyət göstərən apteklərin 90 faizi bağlanıb, minlərlə müəllim və məktəb işçisi dərsə çıxmayıb, bir sıra məktəblər isə şagirdlər tərəfindən blokadaya alınıb. Parisdən Marselə, Nantdan Lion və Monpelyeyə qədər 250-dən çox aksiya təşkil olunub.

CGT həmkarlar ittifaqının rəhbəri Sofi Bine etirazçıların adından çıxış edərək bildirib: “Qəzəbimiz böyükdür, qətiyyətimiz də güclüdür. Büdcəni küçələr müəyyən etməlidir”.

Qeyd edək ki, Fransa hazırda dərin siyasi böhran yaşayır. Prezident Emmanuel Makron cəmi bir il ərzində üçüncü dəfə baş nazir dəyişib. Əvvəlki baş nazir Fransua Bayru parlamentdə etimadsızlıq səsverməsi nəticəsində vəzifədən uzaqlaşdırılıb. Onun 44 milyard avroluq qənaət paketi və dövlət borcunu azaltmaq üçün sərt iqtisadi tədbirləri cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu.

Yeni baş nazir Lekornu bəzi təkliflərdən, o cümlədən dövlət təqvimindən iki bayram gününün çıxarılması planından imtina etdiyini açıqlayıb. Lakin həmkarlar ittifaqları ehtiyat edir ki, sosial xərclərin dondurulması kimi digər sərt addımlar qüvvədə qala bilər.

AzPost.az

Seçilən
19
1
azpost.info

2Mənbələr