AZ

Tarixi yaddaşdan qələbəyə-Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlər günü



Azərbaycan xalqının taleyində elə günlər var ki, onlar sadəcə təqvimdə bir tarix deyil, həm də milli qürurun, yaddaşın və gələcəyə inamın simvoluna çevrilir. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlər günü də məhz belə günlərdən biridir. Cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən bu günün qeyd olunması təsadüfi deyil. Bu, uzun illər ərzində aparılan qətiyyətli siyasətin, şəhidlərimizin müqəddəs qanının, qəhrəman əsgər və zabitlərimizin rəşadətinin nəticəsidir. Bu həm də 30 illik həsrətə birdəfəlik son qoyan gündür. Azərbaycan xalqı 30 ildən çox bir müddətdə işğal altındakı torpaqlarına qayıtmaq arzusu ilə yaşadı. Bu illər ərzində minlərlə ailə doğma yurdlarından didərgin düşdü, xalqın yaddaşına Xocalı soyqırımı kimi insanlıq faciələri həkk olundu. Amma xalqımız heç vaxt ümidi itirmədi – hər kəs inanırdı ki, gün gələcək bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucalacaq. Həmin gün isə 2023-cü il 15 oktyabrda yetişdi. Prezident, Ali Baş Komandan İlham Əliyev bu şəhərlərin hər birində Azərbaycan Bayrağını ucaltdı və xalqa tarixi müraciətində dedi: “Bu günü biz 30 ildən çox gözləmişdik. Mən Prezident kimi fəaliyyətə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum – bayrağımız işğaldan azad olunacaq bütün torpaqlarda dalğalanmalıdır. Bu gün o gün gəldi.” Bu çıxış əslində bir liderin xalqa verdiyi sözün yerinə yetirilməsi idi. Azərbaycan xalqının gücünü və əzmini nümayiş etdirən ən parlaq hadisələrdən biri də 2023-cü il noyabrın 8-də Xankəndində keçirilən hərbi parad oldu. Bu parad təkcə bir hərbi tədbir deyildi – bu, Azərbaycanın düşmən üzərində tam qələbəsinin, regionda yeni reallıqların təsdiqi idi. Cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi: “Beş il bundan əvvəl demişdim ki, Azərbaycan Bayrağı işğal altındakı torpaqlarda qaldırılacaq. Bu gün biz artıq həmin reallığı yaşayırıq.”

Qarabağda həyatın bərpası təkcə infrastrukturun qurulması ilə məhdudlaşmır. Cənab Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə yaradılan Qarabağ Universiteti azad edilmiş torpaqlarda elmin, təhsilin və mədəniyyətin yeni mərkəzinə çevriləcək. Bu ali məktəb gənc nəslin Qarabağda yetişdirilməsinə, regionun intellektual inkişafına xidmət edəcək. 2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdərə rayonu bərpa olundu. Bu, həm tarixi ədalətin bərpası, həm də Qarabağ bölgəsinin sosial-iqtisadi inkişafında yeni mərhələ idi. Xankəndində keçirilən ilk rəsmi futbol oyunu – “Qarabağ” komandası ilə MOİK arasında baş tutan görüş xalqın qələbə sevincinin başqa bir təzahürü oldu. 30 ildən sonra Xankəndi stadionunda baş tutan bu oyun Azərbaycan idman tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Cənab Prezident İlham Əliyevin həmin oyunu stadiondan izləməsi isə dövlətin idmana və gənclərə göstərdiyi xüsusi diqqətin göstəricisi idi. Azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə cənab Prezident İlham Əliyevin səfərləri sadəcə dövlət başçısının regiona baxışı deyil, həm də xalqla birliyin, torpaqlara sahib çıxmağın rəmzidir. Bu səfərlər hər kəsə göstərdi ki, Qarabağda yeni həyat yalnız sözlə deyil, əməllə bərpa edilir. 20 sentyabrın hər il qeyd olunması Azərbaycan xalqının yaddaşına qələbə, qürur və milli birliyin təntənəsi kimi həkk olunacaq. Bu günlər bizə göstərir ki, dövlət-xalq birliyi, uzaqgörən liderlik və qətiyyətli siyasət nəticəsində heç bir maneə aşılmaz deyil. Cənab Prezident İlham Əliyev tarixə yalnız bir dövlət başçısı kimi yox, həm də millətin qələbəsinin memarı kimi yazıldı. Bugünkü reallıqlar göstərir ki, Azərbaycanın gücü həm hərbi, həm siyasi, həm də mənəvi sahədə bərabər möhkəmdir. Qarabağ artıq azad və dirçələn bir torpaqdır. Bu dirçəlişin təməlində isə Ali Baş Komandanın dəmir iradəsi, xalqın dəstəyi və şəhidlərin müqəddəs qanı dayanır.


Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.



Seçilən
48
aia.az

1Mənbələr