AZ

FHN-in Aran Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi təşkil edilib. Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə FHN-in Aran Regional Mərkəzinin, həmçinin nazirliyin regionda fəaliyyət göstərən digər aidiyyəti qurumlarının nümayəndələri, Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Komissiyası və İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının üzvləri, rayonun ərazi və obyekt mülki müdafiə dəstələri, eyni zamanda, aidiyyəti idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi” mövzusunda keçirilən tədbirə ümumilikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan 202 nəfər əməkdaş və 49 ədəd texnika cəlb edilib.

Seçilən
12
9
sia.az

10Mənbələr