AZ

Dörd şəhərin mübarək günü

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur. Bu gün, təkcə hərbi qələbənin deyil, həm də bərpa, inkişaf və milli birliyin simvoludur. Azərbaycan xalqı bu torpaqlarda həyatın bərpası ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli kimliyin qorunmasına və gələcək nəsillərə güclü dövlət mirasının ötürülməsinə nail olur. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən iki il ötür.

Xatırladaq ki, 2023-cü ilin 19 sentyabrında Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədi bölgədəki qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycanın suveren hüquqlarının tam bərpa olunması idi. Qısa müddət ərzində həyata keçirilən əməliyyat yüksək peşəkarlıq və dəqiq planlaşdırma ilə icra olundu. Azərbaycan Ordusu Ermənistan ordusundan fərqli olaraq yalnız hərbi obyektləri, silah-sursat anbarlarını və qanunsuz mövqeləri hədəf aldı. Əməliyyat zamanı mülki əhali və yaşayış məntəqələri tam qorundu. Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti humanist prinsiplərə sadiqdir və heç vaxt dinc sakinləri hədəf almır.  Beləliklə, Ordumuzun keçirdiyi əməliyyat cəmi 24 saata yaxın davam etdi və separatçı rejim tam kapitulyasiyaya məcbur oldu. Qondarma qurum rəhbərliyi silahı yerə qoyaraq Azərbaycan hakimiyyətinə tabe olmağa məcbur qaldı. 

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Həmin tarixdə Azərbaycan lideri İlham Əliyev Xankəndidə çıxış edərək bildirdi ki, bu gün tarixi bir gündür: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.

Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev 30 illik fasilədən sonra Qarabağ bölgəsinin keçirilən ilk rəsmi oyunu izləmişdi.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və abadlıq işləri nəticəsində tikilən evlər göz oxşayıb, könül açır. Prezident İlham Əliyev tez-tez Qarabağa, eləcə də işğaldan azad olunmuş bölgələrə səfər edərək tikilib başa çatmış  yaşayış məntəqələrinin, müəssisələrin açılışlarını edir, yeni kəndlər və şəhərlərin bünövrəsini qoyur. Dövlətimizin başçısı uzun ayrılıqdan sonra doğma ocaqlarına dönmüş sakinlərlə söhbət edir, onların ürək sözlərini dinləyir. Əminliklə söyləmək olar ki, Azərbaycanın ayrılmaz hissəsi olan bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri 

Seçilən
36
yeniazerbaycan.com

1Mənbələr