AZ

Narkomaniya xəstəlikdir, cinayət deyil: Dövlət və cəmiyyət birgə mübarizəyə çağırılır

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Əliməmməd Nuriyev: “Narkomaniyadan xilas olmaq üçün müalicə, maarifləndirmə və dəstək vacibdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” nı təsdiq edib. Prezidentin bununla bağlı imzaladığı Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Dövlət Proqramında əks olunan müddəalar narkomaniya bəlasına qarşı mübarizənin çox ciddi xarakter aldığı, hökumətin bu istiqamətdə səylərini artıracağını göstərir.  Dövlət Proqramında ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə gənclər təşkilatları tərəfindən elmi-praktiki konfranslar və digər tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyi, digər icraçı qurumlar isə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və aidiyyəti dövlət orqanları – qurumlarıdır. Dövlət Proqramına əsasən tələbələr arasında antinarkotik təbliğat işinin təşkili məqsədilə elmi-praktik konfranslarla və digər tədbirlərlə bağlı təkliflərin hazırlanması, ali və orta ixtisas təhsili müəssisələrində gənclər təşkilatları nümayəndələrinin tədbirlərə cəlb edilməsi nəzərdə tutulub. 

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri və şagirdlər üçün seminarlar keçiriləcək. Bu tədbirlərin əsas icraçısı Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu digər icraçı qurumlar olaraq müəyyən edilib. Seminarların təşkilinə aidiyyəti qeyri-hökumət təşkilatları da cəlb ediləcək.

Bundan əlavə, narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq. 2026-cı ildə həyata keçiriləcək bu tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında” əksini tapıb. Tədbirin həyata keçirilməsində əsas icraçı qurum yenə də Elm və Təhsil Nazirliyi, digər icraçı qurum Səhiyyə Nazirliyidir. Ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün müvafiq təlimat layihəsi hazırlanacaq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılacaq və yekunda təsdiq ediləcək.

“Bu cür tutarlı Dövlət Proqramının təsdiqlənməsiylə aidiyyəti qurumların üzərinə böyük məsuliyyət düşür. Hər bir qurum üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir”. 

Bu sözləri Sherg.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun prezidenti  Əliməmməd Nuriyev bildirdi. 

Ə.Nuriyev qeyd etdi ki, cəmiyyət narkomaniyanın bir bəla, narkotik maddə aludəçiliyininsə  xəstəlik olduğunu bilməli və bunu belə qəbul etməlidir: 

- Narkotik maddə asılılığı bir xəstəlikdir. Bu xəstəliyin müalicəsi var. Amma bizim müalicə və reabilitasiya imkanlarımız məhduddur. İlk növbədə müalicə imkanları genişləndirilməlidir. Bəli, narkomaniyanın müalicəsi çox bahalıdır. Amma mümkünsüz deyil. Hansı dərmanlar ki bu müalicədə istifadə olunmalıdır, onların ölkəyə gətirilməsi təmin edilməli və müalicə mərkəzlərinə paylanmalıdır. Müalicə dövlət hesabına olmalıdır. Tibbi müalicə ilə yanaşı xəstələrə psixoloji dəstək də mütləqdir. Bu işlər çox ciddi şəkildə, bütün qurumların birgə fəaliyyəti, əməkdaşlığı çərçivəsində icra edilməlidir. Qanunlar, dövlət proqramının qəbulu  problemin həllində vacib elementlərdən biridir. Lakin bununla kifayətlənmək olmaz. Dövlət proqramında nəzərdə tutulan tədbirlər dəqiqliyi ilə həyata keçirilməlidir. Uşaq və gənclərin məşğulluğunun artırılması, asudə vaxtın təşkili, iş imkanlarının genişləndirilməsi lazımdır. Onların asudə vaxtlarını keçirmələri üçün mədəniyyət ocaqları, idman mərkəzləri açıq olmalıdır. Regionlarda biz idman komplekslərinin çox zaman qapalı olduğunu görürük. Əvvəllər hər bir məhəllədə stadion vardı. Onların yerini ticarət, iaşə obyektləri tutub. Orta və ali məktəblərdə şagird və tələbələrə maarifləndirici dərslər keçilməlidir. Bu, kiminsə mühazirə oxumasıyla məhdudlaşmamalıdır. Ən təsirli olan həyat hekayələridir. Vaxtilə narkomaniyaya qurşanmış, bundan əziyyət çəkmiş insanları, ailələri  maarifləndirici tədbirlərə cəlb etmək lazımdır. Uşaqlar da, gənclər də əyani şəkildə görsünlər ki, narkomaniya insanı, ailələri necə məhv edir. İmkan yaratmaq lazımdır ki, o insanlar danışsınlar, həyat hekayələrini anlatsınlar. Çəkindirsinlər gəncləri. Bu cür insanları cəmiyyətdən kənarlaşdırmaqla problemi həll edə bilməyəcəyik. Ancaq üzərini örtəcəyik. Problemsə qalacaq. Cəmiyyət, insanlarımız narkomanlara qarşı duyarlı, həssas olmalıdır, onlara cinayətkar kimi yox, xəstə, qayğıya, dəstəyə ehtiyacı olan insan kimi yanaşmalıdır. Onlar cəmiyyətdən təcrid olunmamalıdırlar. Təcrid olunmaq çox zaman bu insanların fəlakətinə səbəb olur. Özünü kimsəsiz, gərəksiz hiss edən adam təsəllini narkotikdə axtarır. Cəmiyyət olaraq biz bu iasanları əhatəyə almalı, onların qayğıları, problemləri ilə maraqlanmalı, xilas olmalarına çalışmalıyıq. Cəzaçəkmə müəssisələrində narkotik maddələrin daşınması, dövriyyəsi ilə məşğul olmuş məhbuslar var. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyaları üçün işlər görülməlidir. 

Ə.Nuriyev metropolitendə narkomaniya əleyhinə sosial plakatların böyük əhəmiyyət daşıdığını dedi: 

- Metroda bu cür sosial reklamlar var, bu, təqdir edilməlidir. Televiziyalarımız isə bu problemə o qədər də yer ayırmır. Hesab edirəm ki, narkomaniyadan çəkindirici plakatlar yaşayış məntəqələrində, ümumiyyətlə, insanların sıx olduğu bütün məkanlarda  vurulmalıdır. Plakatların məzmununa, insanlarda hansı emosiyalar yaradacağına, çəkindirmə əmsalının hansı dərəcədə olmasına da fikir verilməlidir. Plakatlar elə  tərtib edilməlidir ki, çəkindirmək əvəzinə, əksinə, maraq oyatmış olmasın.    

Qeyd edək ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin 2025-ci ildə dərc etdiyi “Dünya Narkotik Hesabatı”na görə, hazırda təqribən 316 milyon insan maddə asılılığının məngənəsindədir. THSA məlumatlarına görə, narkotik istifadə nisbətləri illər ərzində artıb. “NTV.com.tr”in məlumatında qeyd edilir ki, bu barədə danışan həkim-psixoloq Mehmet Dinç qeyd edib ki, narkomaniya yalnız başına deyil, siqaret, spirtli içki və qumar asılılığıyla birgə hərəkət edir: “Elmi araşdırmalar sübut edib ki, bir insanda narkotikə qarşı dözümlülük və asılılıq yarana bilər. Asılılığın bütün növləri təhlükəlidir. Təkcə qeyri-qanuni maddələrlə deyil, həm də siqaret və alkoqoldan istifadə, internetlə bağlı aludəçiliklə mübarizə aparılmalı, xüsusilə gənclər mühafizə edilməlidir”. M.Dinçə görə, asılılığın əsasında bioloji, Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
sherg.az

1Mənbələr