AZ

Xankəndi, Ağdərə və Xocalıda hazırda nə qədər adam yaşayır?

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xankəndi, Ağdərə və Xocalı rayonlarında ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilib.

Bu barədə adıçəkilən rayonlar üzrə Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin AzPost-a verdiyi məlumatda bildirilir.

Xankəndi şəhərində 14740 nəfər yaşayır. Bu sırada dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 11030 (onlardan orta məktəb şagirdləri – 1036 nəfər), Qarabağ Universiteti üzrə tələbə heyəti 2210 nəfər, hərbiçilər (ailə üzvləri ilə birgə) 1500 nəfərdir.

Ağdərə rayonu üzrə 1773 nəfər məskunlaşıb. Burada dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 248 (iş üzərində gələnlər) nəfər, məskunlaşmış keçmiş məcburi köçkünlər 1525 nəfərdir.

Xocalı rayonuna 2170 nəfər köçüb.

Köç planına əsasən 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun 11 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) əhalinin köçü  ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə müvafiq sayda qismən yararlı evlər müəyyən edilib. Ölkə başçısının iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində işlər başa çatdırılmış 200 ailə (912 nəfər), Xanyurdu kəndində 69 ailə (237 nəfər), Təzəbinə kəndinə 28 ailə (125 nəfər), Badara kəndində 14 ailə (56 nəfər), Daşbulaq kəndində 13 ailə (67 nəfər), Seyidbəyli kəndində 9 ailə (30 nəfər), Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində 159 ailə (566 nəfər), Vəngli kəndinə 51 ailə (188 nəfər) və Kolatağ kəndinə 26 ailənin (89 nəfər) köçü baş tutub.

Qeyd olunan kəndlərdə fərdi evlərin bərpası ilə yanaşı yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması, kənddaxili yolların təmiri və asfalt örtüyünün yenilənməsi, küçələrin işıqlandırılması, eləcə də müvafiq infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin  əlaqələndirilməsi kimi tədbirlər həyata keçirilir.

Ağdərə rayonunun Suqovuşan kəndində inşası başa çatdırılmış 5 ədəd 5 mərtəbəli yaşayış binasına 2025-ci ilin mart-aprel aylarında ümumilikdə 180 ailə (592 nəfər), Xocalı şəhəri üzrə isə 86 ailə (346 nəfər) məskunlaşıb. Ağdərə rayonunun Talış kəndində 20 ailə (90 nəfər) məskunlaşdırılıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
32
azpost.info

10Mənbələr