AZ

“Təsəvvür edirsiz, bazar günü keçirilən oyuna yalnız 44 bilet satılır” - “Araz-Saatlı”nın prezidentindən sərt irad

2-ci liqanın 2-ci turunda Saatlıda sensasiya qeydə alınıb: “Araz-Saatlı” “Şəki”dən 12 cavabsız top buraxıb.

Klubun prezidenti Ədalət Abdullayev biabırçı nəticə ilə bağlı “Football-plus.az”a bunları dedi:
“Əslində həm gözlənilən, həm də gözlənilməz oldu. Bir tur öncə beş saatlıq yoldan sonra "Göygöl"ə qarşı layiqincə mübarizə aparıb, uzaq səfərdən bir xalla dönmüşdük. Evdə daha yaxşı oynayıb, rəqibdən xal qoparacağımızı düşünürdük. Amma hər şey tərsinə oldu. Aparıcı futbolçumuz, komandanın kapitanı Həmzə Əliyevin oyun ərəfəsində xəstələnməsi böyük ölçüdə planlarımızı pozdu. Oyuna gəlincə, bildiyiniz kimi, bu mövsüm yerli baş məşqçi və gənc futbolçular ilə yola çıxmışıq. Heyət daha çox 15, 16, 17 yaşlı futbolçulardan qurulub. Sponsorsuzluq şəraitində gənclərə güvənmək və onlara inanmaq məcburiyyətindəyik. İlk dəqiqələrdə buraxdımız qollar toparlanmağımıza mane oldu. Ağır məğlubiyyət qaçılmaz oldu. Ən böyük təəssüf doğuran məqam isə oyunun bazar günü keçirilməsinə baxmayaraq, tribunaların boş olması idi. Oyunların həftəiçi keçirilməsindən narazı olan, Elşən Atakişiyevin təyinatını iki əlli alqışlayanlar tribunada yox, yenə onlara çoxdan doğmalaşmış sosial şəbəkələrdə boy göstərirlər. Təsəvvür edirsiz, bazar günü keçirilən oyuna yalnız 44 bilet satılır. Stadiona da toplaşan azarkeşlər 90 dəqiqə ərzində bir dəfə də meydandakı azyaşlı balalarımızı alqışlamırlar ki, onlar özündə güc tapıb, bu ağır psixoloji durumdan çıxsınlar. Elə sizin vasitənizlə klubumuza, bilet, forma, şərf alıb bu və ya digər şəkildə dəstək olan azsaylı məsuliyyətli azarkeşlərimizdən bu ağır məğlubiyyətə görə üzr istəyirik. Və onlara bu ağır və keşməkeşli yolda yanımızda olduqları üçün minnətdarlığımızı bildiririk”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
13
1
football-plus.az

2Mənbələr