AZ

Azərbaycan beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və  digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətində prioritet hesab etdiyi məsələlərdəndir. Sirr deyil ki, Azərbaycanın müstəqil dövlət olaraq dünyanın əksər dövlətləri, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı yüksək səviyyədədir. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bu sadaladığımız faktların arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə  çevrilib. Sözsüz ki, bu sadaladığımız uğurlar, dünya birliyi ilə inteqrasıya istiqamətində görülən düzgün işlərin nəticəsində mümkün olmuşdur. Məlumdur ki, bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz, bunun üçün konkret addımlar atır, bərabərhüquqlu əlaqələrin qarşılıqlı maraqların təmin edilməsi istiqamətində, bir-birinin işinə qarışmamaq prinsipləri çərçivəsində davam etdirilməsi işinə öz töhfəsini verir. Tam əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Onu da qeyd edək ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.
Azərbaycanın əməkdaşlığa üstünlük verdiyi beynəlxalq institutlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT) ki, ölkəmiz sözügedən qurumun tədbirlərində daim təmsil olunur. Başqa sözlə, bu nüfuzlu təşkilatın Zirvə görüşlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəvət edilir. Artıq  Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. 2024-cü il 3-4 iyul tarixlərində isə Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Prezidentimizin ŞƏT-in budəfəki sammitində iştirakı isə Çin Xalq Respublikasının lideri Si Cinpinin dəvəti əsasında baş tutub. Heç şübhəsiz ki,  Azərbaycanın belə mötəbər təşkilatın tədbirlərinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada  Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.
Məlumat üçün qeyd edək ki, təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. ŞƏT tədbirlərində təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edirlər. 
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır.  Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib.
Çox təəssüf ki, Azərbaycanı istəməyən qüvvələr ölkəmizin ŞƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmasıa əngəl törədirlər. Məqsədlərinə nail olmadan ötrü min cür planlar qururlar. Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində də Azərbaycanın bu təşkilata üzvlüyünə qəbul olunmasına maneəçilik törədənlər tapıldı. Bu dəfə Rusiya və Hindistan öz xislətlərini ortaya qoyublar. Məlumata görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistan tərəfindən deyil, həm də Rusiyanın bu prosesdə fəal iştirakı ilə baş verib. Bu prosesdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi əsas rol oynayıb. Belə ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında aparılan siyasi məsləhətləşmələr zamanı müzakirə edilib və tərəflər müvafiq razılığa gəliblər. Lakin Rusiya kölgədə qalaraq Hindistanı ön plana çıxarıb. Rusiya tərəfindən atılan bu addım Çinə qarşı hörmətsizlik kimi qiymətləndirilir. Çünki Pekin "Şanxay ruhuna" uyğun olaraq təşkilatın genişlənməsinin tərəfdarıdır və Azərbaycanın üzvlüyünü dəstəkləyirdi.
Lakin, bütün pozucu cəhdlərə baxmayaraq Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. Ölkəmiz Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. O cümlədən son illərdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, Transxəzər marşrutunun inkişaf etdirilməsinə böyük töhfələr verməsi, hazırda isə Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərməsi ŞƏT üçün ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırıb. ŞƏT ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın maraqlarına tam uyğundur və ölkəmizin beynəlxalq münasibətlərdə özünə yeni yol açaraq siyasi, iqtisadi və həmçinin digər mühüm məsələlərdə daha da güclənməsi deməkdir.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr