Ukrayna müdafiə qüvvələri Donetsk vilayətində Dobropolyе istiqamətində və Pokrovska ətrafında əks-hücum əməliyyatı həyata keçirir. 160 kvadrat kilometr ərazi azad edilib, Rusiya tərəfinin canlı qüvvə itkisi min nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“İndi biz Donetsk istiqamətində, Pokrovsk və Dobropolyе yaxınlığında əks-hücum əməliyyatımızı həyata keçiririk. Ağır döyüşlər gedir, amma ruslar əhəmiyyətli dərəcədə itki veriblər”, - deyə o bildirib.
Prezidentin sözlərinə görə, faktiki olaraq rusların Sumı istiqamətindəki hücum cəhdi dayandıqdan sonra onların həyata keçirməyi planlaşdırdıqları tammiqyaslı hücum əməliyyatını Ukrayna qoşunları poza bilib.
Zelenski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırski sentyabrın 18-də əks-hücum əməliyyatının ilkin nəticələri barədə məruzə edib.
“Əməliyyatın başlanmasından bu vaxta qədər əsgərlərimiz artıq 160 kvadratkilometr ərazini azad ediblər, daha 170 kvadratkilometrdən artıq ərazi də işğalçılardan təmizlənib. Bu istiqamətdə artıq yeddi yaşayış məntəqəsi azad olunub, daha doqquz məntəqə isə ruslardan təmizlənib”, - deyə bildirib.
Ümumilikdə əks-hücum əməliyyatları zamanı 2500-dən çox rus işğalçısı zərərsizləşdirilib. Belə ki, onlardan 1300-dən çoxu məhv edilib, əlavə təxminən yüz nəfər isə əsir götürülərək “mübadilə fondu”na daxil edilib. Dobropolye və Pokrovsk istiqamətlərinə daxil olan bütün rus qrupları məhv edilir.