AZ

20 sentyabr Dövlət Suverenliyi Günü: müstəqil Azərbaycanın siyasi iradəsinin təsdiqi! ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri məhz 20 sentyabr 2023-cü il oldu. Həmin gün həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olan qeyri-qanuni erməni silahlı birləşmələri tamamilə zərərsizləşdirildi, separatçı rejim birdəfəlik ləğv edildi və Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyi də tam şəkildə bərpa olundu. Bu səbəbdən 20 sentyabr Azərbaycan tarixində Dövlət Suverenliyi Günü kimi əbədiləşdirildi.

Dövlət suverenliyi hər bir xalqın milli varlığının və siyasi müstəqilliyinin təməlidir. Suverenliyi olmayan dövlət, nə beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt ola bilər, nə də xalqının azad iradəsini ifadə edə bilər.

Azərbaycan tarixində uzun illər boyu müstəqilliyimizin və suverenliyimizin qarşısına əngəllər qoyulmuş, işğal siyasəti ölkəmizin mövcudluğunu təhdid etmişdir. Lakin 44 günlük Vətən müharibəsi və ardınca 2023-cü ilin 20 sentyabr antiterror tədbirləri bu təhdidlərin sonunu gətirdi.

Bu gün Azərbaycan dövlətinin suverenliyi artıq yalnız konstitusion sənədlərdə deyil, faktiki reallıqda da tam təmin olunub. Dövlət Suverenliyi Günü bu baxımdan milli varlığımızın və institusional davamlılığımızın təminatına çevrilmişdir.

Suveren dövlət anlayışı yalnız siyasi sərhədlərin toxunulmazlığı ilə ölçülmür. O həm də daxildə və xaricdə iradə müstəqilliyini qorumaq bacarığıdır.

Azərbaycan bu gün, öz sərhədlərinə tam nəzarət edən, silahlı qüvvələrini müstəqil idarə edən, daxili təhlükəsizliyini təmin edən, beynəlxalq siyasətdə bərabərhüquqlu mövqe tutan, iqtisadi və siyasi qərarlarını heç bir təzyiq olmadan qəbul edən tam müstəqil və suveren dövlətdir.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr Azərbaycanın suveren dövlət statusunu gücləndirdi, xalqın öz dövlətinə inamını daha da artırdı.

Bir gündən az davam edən antiterror tədbirləri nəticəsində, Qarabağdakı separatçıların kökü birdəfəlik kəsildi.

Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, beynəlxalq hüququn əsas prinsipləri, ərazi bütövlüyü və dövlətlərin suverenliyi təmin olundu.

Azərbaycan regionda sülh və təhlükəsizlik naminə gücünü, həm də qətiyyətini bir daha nümayiş etdirdi. Bu əməliyyat təkcə hərbi uğur deyildi, həm də siyasi və diplomatik qələbə idi. Çünki beynəlxalq ictimaiyyət Azərbaycanın atdığı addımı öz suveren hüquqlarının icrası kimi qəbul etdi.

20 sentyabrın Dövlət Suverenliyi Günü elan olunması Azərbaycan xalqı üçün yalnız bir tarixi xatırlatma deyil, həm də gələcəyə mesajdır. Dövlətimizin əsası müstəqillik və suverenlikdir, heç bir təhdid bu prinsipləri sarsıda bilməz!

Azərbaycan öz gücü, iradəsi və qətiyyəti ilə regionun siyasi reallıqlarını müəyyən edən əsas qüvvəyə çevrilib.

Bu gün dövlətimizin gücünün, xalqımızın birliyinin və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dövlət Suverenliyi Günü gələcək nəsillər üçün milli qürur, mübarizlik və dövlətçilik dərsi olacaq.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
sesqazeti.az

1Mənbələr