AZ

Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elçin Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 18 aprel 2025-ci il tarixdə, saat 09 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan Elçin Məmmədov keçmiş arvadı, zərərçəkmiş T.Kərimilinin ondan xəbərsiz övladını rayona göndərməsi səbəbindən aralarında mübahisə yaranıb. O, qadının yaşadığı evə gedərək onun üzərinə fiziki zorakılıq tətbiq edib. Sonra təqsirləndirilən şəxs mübahisə zamanı başı ilə qadının burun nahiyəsinə zərbə endirərək onun burun sümüyünü sındırıb. Daha sonra Elçin azyaşlı övladının gözü önündə eks-həyat yoldaşını xüsusi amansızlıqla bıçaqlayıb. Nəticədə zərbə qarın boşluğuna nüfuz edərək sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirib.


Hadisədən sonra Elçin Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2025, 09:45   
Seçilən
21
pravda.az

1Mənbələr