AZ

Prezidentin iş tempinə uyğunlaşmayan məmurlar 

Deputatın tənqidinə reaksiyalar; “deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..”

Milli Məclisin İnsan hüquqları komitəsinin son iclasında deputat Səyyad Aranın səsləndirdiyi iradlar siyasi gündəmin müzakirə mövzularından birinə çevrilib. Deputat nazirlərin və komitə sədrlərinin millət vəkillərinin müraciətlərinə vaxtında və lazımi qaydada cavab vermədiyini bildirib.

Səyyad Aran deyib ki, seçicilərlə ünsiyyətdə olan, onların problemlərini birbaşa dinləyən şəxs deputatdır: “Seçicilər məndən soruşur ki, filan məsələ niyə həll olunmadı? Mən isə cavab tapa bilmirəm, çünki müraciətlərimizə nazirliklərdən ya cavab gəlmir, ya da çox laqeyd yanaşılır. Heç olmasa köməkçilərinə göstəriş versinlər. Təəssüf ki, nazirlərin iş sürəti ölkə Prezidentinin iş tempinə uyğun gəlmir”.

Azərbaycan qanunvericiliyinə əsasən, deputat sorğusu rəsmi sənəd hesab olunur və ona qanunla müəyyən olunmuş müddətdə cavab verilməlidir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında məmurların xalqla sıx təmasda olmasının vacibliyini vurğulayıb, vətəndaş müraciətlərinə dərhal reaksiya verilməsini tələb edib. Dövlət başçısının bölgələrə səfərləri, ictimaiyyətlə açıq dialoqu, vətəndaşların problemlərinin operativ həlli bu siyasətin nümunəsidir. Lakin deputatların iradları göstərir ki, bəzi nazirlər və komitə rəhbərləri Prezidentin bu iş üslubuna uyğunlaşa bilmirlər. 

İki

Aqil Abbas 

Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında bildirib ki, həmkarından fərqli olaraq belə halla qarşılaşmayıb: “Hesabat verirəm və cavab məktubları gəlir ki, nə həll olunub və ya niyə həll olunmayıb. Elə müraciətlər olur ki, ona haqq qazandıra bilmirəm. Məsələn, hazırda hamı məndən ev istəyir və bununla bağlı məktub yazır. Deyirlər ki, hökumət onlara Füzulidə, Ağdamda, Laçında ev versin. Bunların hamısını indi etmək mümkün deyil axı. Amma ev alıb verdiklərim də var. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm, müəyyən adamlar evlə təmin olunub. Evlə bağlı müraciətdən sonra işlə əlaqəli müraciətlər olur. Əgər adamın diplomu yoxdursa və həqiqi hərbi xidmətdə olmayıbsa, dövlət ona necə iş versin? Belə vəziyyətdə onlara restoranlarda, özəl şirkətlərdə işə düzəlməyə kömək edirəm.  

Məmurların mənə münasibəti bir az başqa cürdür. Onlar həm də yazıçı Aqil Abbas faktorunu da nəzərə alırlar, hörmət edir, tanıyır, sevirlər. Kimə zəng edirəm, deyir, Aqil müəllim, bu məqaləni oxudum və s. Səyyad Aran tam haqlı da deyil, haqsız da. Sahibə Qafarova dəfələrlə deyib ki, belə laqeydlik olanda bildirək, özü bu işlə məşğul olacaq. Mən and içərəm ki, belə laqeydlik olmayıb. Belə laqeydlik olarsa, həmin məmurun gözün çıxararam. İxtiyarımda o boyda qəzet var, heç məsələni parlamentə çıxarmaq lazım deyil".  

İlqar

İlqar Oruc

Təhsil Nazirliyi yanında İctimai Şurada 4 il təmsil olunan ekspert İlqar Oruc qəzetə mövzunu şərh edib: “Səyyad müəllimin çıxışında həqiqət var. O, bir ziyalı mövqeyi ortaya qoyur. Mən də ictimai xadim və təhsil-elm adamı olaraq bu kimi narazılıqları sadə vətəndaşlardan eşidirəm. Çox təəssüf doğuran məqamlardır. Hətta deputatın sorğusuna belə cavab vermirlər. O nazirlər unudurlar ki, bu vəzifə heç kimə babasından, atasından miras qalmayıb. Ölkə başçısı hər zaman məmurları xalqın qulluqçusu adlandırır. Hər zaman da deyib ki, məmurlar vətəndaşlarla təmasda olmalıdır. Biz bəzən hətta kiçik vəzifədə olan məmurların özbaşınalıqlarını görürük. Vətəndaşla rəftarında xüsusi ədanın, aqressiyanın şahidi oluruq. Sanki bu ölkə o məmurlara borcludur. Unudurlar ki, vəzifəyə təyin edildikləri kimi də oradan çıxarıla bilərlər. Onlardan narazı qalan sıravi vətəndaş yekunda dövlətdən narazı qalır. O necə nazirdir ki, deputatın sorğusuna cavab vermir? Sən o vəzifədə nə üçün oturmusan? Deputatın sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?”

Dini

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa deyir ki, bu cür açıqlamalar digər deputatlar tərəfindən də verilir: “Daha çox müraciət etdiyimiz qurumlardan alınan cavablar da yetərli deyil. Bu cavabların problemlərin həlli istiqamətində bir qayğı göstərdiyini ehtiva etməsi önəmlidir. Çox vaxt isə formal və standart cavab vermək vəziyyətin həlli demək deyil. Seçici yenidən millət vəkilinə müraciət edir ki, problem niyə həll olunmur. Bəzən buna görə deputatı qınayırlar. Biz çalışmalıyıq ki, koordinasiya işi yüksək səviyyədə qurulsun. Məsələn, Bizim Dövlət Miqrasiya Xidməti ilə indiyə kimi problemimiz yaşanmayıb. Hər dəfə müraciət etdikdə yazılı və ya telefon zəngi ilə dərhal reaksiya verilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nə zaman seçicinin müraciətini göndərsəm, dərhal reaksiya gəlir. Lakin elə qurumlar var ki, oraya müraciət etməyin bir mənası qalmır. Çünki elə hal yaşanır ki, birinci şəxslərə hətta hökumət telefonu ilə də düşmək mümkün olmur. 

Hər halda, bu sistem elə tənzimlənməlidir ki, əməkdaşlıq, iş birliyi vətəndaşın probleminin həllinə yönəlsin. Milli Məclisin rəhbərliyi səviyyəsində bu istiqamətdə konkret addımlar atılıb. Nazirliklərdə millət vəkillərinin sorğuları ilə məşğul olan müavinlər səviyyəsində vəzifəli şəxslər müəyyən olunub. Onlarla məsələni həll etmək olur. İstər Daxili İşlər Nazirliyi, istərsə də Dövlət Təhlükəsizlik Xidməti ilə bu istiqamətdə hər hansı problem yaşanmır.  Çünki bir çox hallarda ora yazılı müraciətdən çox, birbaşa telefonla müraciət etməli olursan və oradan da müəyyən dərəcədə seçicinin probleminə yönəlik uyğun cavabları almaq mümkün olur. Biz bu kimi məsələlərdə həm mərkəzi icra hakimiyyəti , həm də yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı müəyyən prosesləri doğru tənzimləməyə çalışmalıyıq ki, vətəndaş narazı qalmasın". 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”  

Seçilən
7
musavat.com

1Mənbələr