AZ

Antiterror əməliyyatından iki il ötür

Qarabağda aparılan və erməni separatizminə son qoyulan lokal xarakterli antiterror tədbirlərinin başlamasından iki il ötür.

Globalinfo.az xatırladır ki, lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.

Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmayıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".

Dövlət başçısı çıxışında Azərbaycana xor baxanlara və torpağımıza göz dikənlərə də növbəti dəfə xəbərdarlıq etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"

"Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.

Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.

Bir daha qeyd etmək istəyirəm ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır", - Azərbaycan Prezidenti çıxışında qeyd edib.

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib. Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə oktyabrın 2-si saat 18:00-a olan məlumata görə, atıcı silahlar (2608), qumbaraatanlar (235), top və haubitsalar (60), minaatanlar (64), tank əleyhinə silahlar (58), HHM silahları (165), zirehli texnika (31), avtomobil texnikası (265) qoşqular (23), yardımçı texnika (9), raketlər (1700), top və haubitsa mərmiləri (5177) zenit top mərmiləri (31771), minaatan mərmiləri (12806), qumbaralar (5880), əl qumbaraları (3068), patronlar (2009970) digər sursatlar (5778), optik cihazlar (314), digər cihazlar (38), fərdi təchizat vasitələri (1027), müxtəlif silahların qurğuları (15) və digər təchizat vasitələri (3323) aşkarlanıb.

2023-cü il sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Qondarma rejimin bütün qurumları və təşkilatları 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verib.

Bundan başqa Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Eyni zamanada, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Həmin tarixdə dövlət başçısı İlham Əliyev Xankəndidə çıxış edib. Prezident bildirib ki, bu gün tarixi bir gündür.

Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

Antiterror tədbirlərinin məntiqi nəticəsi olaraq Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılan 2024-cü il aprelin 26-dan etibarən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb.

Rusiya Sülhməramlı Kontingenti isə Azərbaycanı tam tərk edib.

Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət alıb. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
27
olaylar.az

10Mənbələr