AZ

Ekvadorun sabiq prezidentinə rüşvət ittihamı irəli sürülüb

Lenín Moreno hidroelektrik stansiya layihəsində korrupsiya qalmaqalında adının hallandığını rədd edir...

Poliqon xəbər verir ki, Ekvador Baş Prokurorluğu ölkənin sabiq prezidenti Lenín Morenoya qarşı rüşvət almaq ittihamı irəli sürüb. İttiham Coca Codo Sinclair hidroelektrik stansiyasının tikintisi ilə bağlı bağlanmış müqavilə ilə əlaqələndirilir.

İstintaq orqanlarının məlumatına görə, Moreno 2007–2013-cü illərdə – Rafael Korrea hökumətində vitse-prezident vəzifəsində çalışarkən Çin şirkəti Sinohydro-nun layihədə iştirakını təmin etmək üçün prosesi məqsədli şəkildə yönləndirib.

Ekvadorun baş prokuroru vəzifəsini icra edən Uilson Toainga açıqlamasında bildirib ki, yüksək vəzifəli məmurlar və iş adamları Sinohydro şirkətinin maraqları naminə gizli sövdələşməyə giriblər və bu prosesdə külli miqdarda rüşvət alıblar. Onun sözlərinə görə, şirkətin üç nümayəndəsi ümumilikdə 76,1 milyon dollar əldə edib ki, bu da müqavilənin ümumi dəyərinin 4 faizinə bərabərdir.

Lenín Moreno isə dəfələrlə bəyan edib ki, ona qarşı qaldırılan bu iş siyasi motivlidir və məqsəd onu təqib etməkdir. Hazırda o, Paraqvayda yaşayır və Amerika Dövlətləri Təşkilatında (OAS) fəaliyyət göstərir.

Ekspertlər hesab edirlər ki, bu qalmaqal Ekvadorda korrupsiya ilə mübarizənin siyasi rəqabət vasitəsinə çevrildiyini bir daha göstərir. Prosesin nəticəsi həm ölkənin daxili siyasi balansına, həm də Çinlə münasibətlərinə təsir edə bilər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr