Karakas Vaşinqtonu “kukla rejim” qurmaq və təbii sərvətləri ələ keçirmək cəhdində günahlandırır...
Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkə televiziyasına verdiyi açıqlamada ABŞ-ı Venesuelada dövlət çevrilişi planı hazırlamaqda ittiham edib. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi “kukla rejim” qurmaq və ölkənin zəngin təbii ehtiyatlarını – “dünyanın ən böyük neft, qaz və qızıl ehtiyatlarını” mənimsəməkdir.
Maduro bildirib ki, Venesuelanın “güclü dövləti, möhkəm hökuməti və qətiyyətli xalqı” ABŞ-ın bu planlarına qarşı çıxmaq gücünə malikdir. O əlavə edib ki, hazırda Bolivariya Respublikasının silahlı qüvvələri ölkənin ərazi sularında “Karib suverenliyi-200” adlı üçgünlük hərbi təlimlər keçirir.
Dövlət başçısı eyni zamanda ABŞ-nin Karib dənizinə hərbi gəmilər və nüvə sualtı qayığı göndərdiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton Venesuelanı narkokartellərlə əməkdaşlıqda əsassız ittihamlarla hədəf seçib.
Məlumata görə, sentyabrın 3-də ABŞ Silahlı Qüvvələri Karib dənizində Venesuelanın “Tren de Aragua” adlı qruplaşmasının nümayəndələrinə hava zərbəsi endirib və nəticədə 11 nəfər həlak olub. Bu hücumdan sonra Venesuela sərhəd bölgələrində silahlı qüvvələri və xalq milisini yerləşdirib.
Bundan əlavə, sentyabrın 16-da ABŞ prezidenti Donald Tramp Venesueladan olan “narkoterrorçulara” qarşı ikinci hərbi zərbənin endirildiyini elan edib. Karakas isə bunu ölkənin suverenliyinə qarşı açıq təhdid kimi qiymətləndirib və ABŞ-ın bölgədəki hərbi iştirakını gərginliyi artıran addım adlandırıb.
Poliqon.info