BAKI, 19 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Baqram aviabazası üzərində nəzarəti geri qaytarmaq planı Vaşinqtonun Əfqanıstana təkrar müdaxiləsi ilə nəticələnə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi sabiq və hazırkı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, aviabaza üzərində nəzarətin qaytarılması ABŞ rəhbərliyindən Əfqanıstana 10 mindən çox hərbçinin göndərilməsini, həmçinin müasir hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər.
“Nəticədə bu, ölkəyə təkrar müdaxilə kimi görünə bilər”, - “Reuters” yazıb.
Agentliyin mənbələri qeyd edirlər ki, ABŞ rəhbərliyi “Baqram aviabazasının hərbi yolla qaytarılması üçün aktiv planlaşdırma həyata keçirmir”.
Onların məlumatına görə, hətta aviabaza ABŞ-ninnəzarətinə qaytarılsa belə, "amerikalı hərbçilərə qarşı raket hücumlarının həyata keçirilməsi üçün bu ərazidən istifadənin qarşısını almaq məqsədilə onun ətrafındakı nəhəng perimetrin təmizlənməsi və saxlanılması" üçün xeyli səy tələb olunacaq.