AZ

Boşanmış valideynlərin övladlarının təhsil haqqı kim tərəfindən ödənilməlidir?

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanda boşanmış valideynlərin övladlarının ali təhsil xərclərinin kim tərəfindən ödənilməsi məsələsi tez-tez müzakirə olunur. Xüsusilə ödənişli əsaslarla universitetlərə qəbul olan tələbələr üçün bu məsələ ciddi çətinliklər yaradır.

Oxu.Az İTV-yə istinadən xəbər verir ki, həmin tələbələrdən biri də Aysu Məmmədlidir. O, 2021-ci ildə məktəbi bitirib və 327 bal toplayaraq universitetin jurnalistika fakültəsinə qəbul olub. Lakin ödənişli əsaslarla oxuduğu üçün təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini deyir:

"Mənim valideynlərim 8 yaşımda boşanıblar. Həmin vaxt aliment təyin olunmuşdu, amma iki bacı olduğumuz üçün ümumilikdə 50 manat alırdıq. Sonradan isə, 18 yaşım tamamlananda aliment tamamilə kəsildi. İstəyirəm ki, valideynlərdən biri hüquqi baxımdan illik təhsil haqqının ödənilməsində dəstək göstərsin".

Məsələ ilə bağlı fikirlərini bölüşən vətəndaşlar isə hesab edirlər ki, övladın təhsil haqqının ödənilməsi hər iki valideynin məsuliyyətidir. Onların sözlərinə görə, ümumilikdə bu yük daha çox atanın üzərinə düşməlidir.

Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, valideynlərin övladlarına baxmaq öhdəliyi yalnız bioloji ehtiyaclarla məhdudlaşmır:

"Bu öhdəlik övladın təhsil və inkişaf xərclərini də əhatə edir. Əgər övlad 18 yaşı keçsə də, ali təhsil alırsa, onun təhsil xərcləri də alimentə daxil edilə bilər. Bu halda birgə yaşamayan valideynə qarşı məhkəmə qaydasında aliment tələbi irəli sürmək mümkündür".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak qaydaları müəyyənləşdirilib. Lakin burada ali təhsil müəssisəsinə qəbul olunan şəxslərin təhsil haqqı ilə bağlı aliment ödənişi birbaşa təsbit edilməyib.

Komitədən verilən məlumata görə, yetkinlik yaşına çatmış şəxslərin təhsil xərclərinin ödənilib-ödənilməməsi yalnız məhkəmə qərarı ilə müəyyən edilir.

Ətraflı süjetdə:

Boşanmış valideynlərin övladlarının təhsil haqqı kim tərəfindən ödənilməlidir?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr