Son illərdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında əməkdaşlıq təkcə diplomatik çərçivədə məhdudlaşmır, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrini əhatə edən çoxşaxəli xarakter daşıyır. Bu əlaqələrin dərinləşməsi göstərir ki, Azərbaycan və BƏƏ arasında münasibətlər artıq sırf tərəfdaşlıqdan strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.
Xatırladaq ki, Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib. O vaxtdan bəri qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlarda dəstək və müxtəlif sahələrdə imzalanmış sazişlər iki ölkə arasındakı münasibətlərin möhkəm təməlini formalaşdırıb. Hər iki ölkə müsəlman dünyasının üzvü kimi İslam həmrəyliyinə böyük önəm verir və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsində BƏƏ-nin ədalətli mövqeyi Bakıda yüksək qiymətləndirilib, Əmirliklər daim beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bu amil münasibətlərin strateji xarakter daşımasına zəmin yaradıb. Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı ildə BƏƏ-yə ilk rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında dönüm nöqtəsi oldu. Ümumilikdə dövlətimizin başçısının BƏƏ-yə 6 səfəri baş tutub ki, bunlar əlaqələrin davamlı yüksəlişini göstərir. 2024-cü ilin yanvarında isə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri BƏƏ tərəfindən ölkəmizə ilk ali səviyyəli səfər kimi qeyd olunmalı mühüm hadisədir. Bu səfər iki ölkə arasında siyasi etimadın artmasının göstəricisidir. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana bu ay baş tutan səfəri isə əlaqələrin yeni mərhələsinə təkan verdi. Şuşada keçirilən görüşdə prezident İlham Əliyev bu səfərin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib: “Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub”. Görüş çərçivəsində müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb. Xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin siyasi əlaqələrini ən yüksək səviyyəyə qaldırıb. Bəyannamədə iki dövlət arasındakı iqtisadi və siyasi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanır və inkişafın tərəflər üçün faydalı olduğu nəzərə çatdırılır. Bəyannamədə ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın davam edəcəyi öz əksini tapıb. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na əsasən dövlətlər arasında miqrasiya məsələləri, müxtəlif sahələr üzrə mütəxəssislərin mübadiləsini və sair bu kimi məsələlərin həllini nəzərdə tutur. Hər iki dövlətin siyasəti sosial xarakterli olduğuna görə əhalinin işlə təmin olunmasını diqqət mərkəzində saxlayırlar. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması da tərəflər üçün mühüm xarakter daşıyır. Hər iki ölkə neft ixracatçısı olduğu üçün bu sahədə təcrübə mübadiləsi faydalıdır. Dövlətlərimiz arasında imzalanan “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında Anlaşma Memorandumu” hər iki ölkənin media qurumları arasında əlaqələrin qurulmasına yardım edəcək. “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı haqqında Anlaşma Memorandumu” isə xüsusilə əhəmiyyətlidir. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” tərəflər arasında iqtisadi ticarət əlaqələrinin inkişafına təkan verəcək. Ümumiyyətlə, Azərbaycanla BƏƏ arasında iqtisadi əməkdaşlıq genişlənməkdədir. Əmirliklər Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Neft-qaz, tikinti, energetika, kənd təsərrüfatı, logistika və turizm sahələri əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Presight” şirkəti arasında Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” isə yeni texnologiyaların inkişafına və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə imkan yaradacaq. Digər sənədlər də xüsusi əhəmiyyəti ilə seçilirlər.
Ümumiyyətlə, Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri iqtisadiyyatdır. BƏƏ şirkətləri Azərbaycana milyardlarla dollar həcmində sərmayə yatırıb, xüsusilə də energetika, infrastruktur, kənd təsərrüfatı və turizm sahələrində layihələr reallaşdırılıb. Azərbaycan isə BƏƏ üçün Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında etibarlı iqtisadi tərəfdaşdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və açıq investisiya siyasəti BƏƏ iş adamlarının marağını artırır. Bakıda və digər şəhərlərdə BƏƏ kapitalı ilə yaradılmış ticarət mərkəzləri, otellər və istehsal müəssisələri fəaliyyət göstərir. Neft-qaz sahəsində əməkdaşlıqla yanaşı, bərpa olunan enerji istiqamətində də yeni layihələr həyata keçirilir. 2023-cü ildən başlayaraq BƏƏ-nin aparıcı şirkətləri Azərbaycanda günəş və külək elektrik stansiyalarının inşasına sərmayə qoymağa başlamışdır. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, ölkəni “yaşıl enerji” ixracatçısına çevirməkdə mühüm rol oynayır. Azərbaycan və BƏƏ arasında strateji əməkdaşlığın digər mühüm sahəsi nəqliyyat-logistika sektorudur. Bakı beynəlxalq tranzit dəhlizlərinin kəsişməsində yerləşir və BƏƏ üçün Avropaya, Qara dəniz regionuna, Mərkəzi Asiyaya çıxış imkanları yaradır. Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin inkişafı fonunda Azərbaycan limanları və dəmir yolu xətləri BƏƏ şirkətləri üçün tranzit imkanlarını artırır. Bu, təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də qlobal ticarət axınlarının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan ilə BƏƏ arasındakı əməkdaşlığın perspektivləri olduqca genişdir. Enerji keçidi, “yaşıl texnologiyalar”, süni intellekt, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar sahəsində birgə layihələr strateji tərəfdaşlığın gələcək inkişaf istiqamətlərindəndir. Bu gün Azərbaycan Cənubi Qafqazın ən sabit və etibarlı ölkəsi kimi BƏƏ-nin regionda strateji tərəfdaşına çevrilib. . Eyni zamanda, BƏƏ-nin Yaxın Şərqdəki güclü mövqeyi Azərbaycanın bu bölgədə maraqlarının irəlilədilməsinə dəstək olur. Nəticədə münasibətlər strateji səviyyəyə yüksəlir. Beləliklə, Azərbaycan ilə BƏƏ arasındakı münasibətlər artıq sırf dostluq və əməkdaşlıq çərçivəsindən çıxaraq strateji xarakter qazanıb. İqtisadi, siyasi, təhlükəsizlik, mədəni və humanitar sahələrdə möhkəmlənən tərəfdaşlıq göstərir ki, iki ölkə arasındakı əlaqələr gələcəkdə daha da dərinləşəcək və həm region, həm də qlobal miqyasda sabitliyin, inkişafın təmin olunmasına xidmət edəcək.
Samirə SƏFƏROVA