Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026 mövsümünün əsas mərhələsinin oyununu idarə edib.
Arena.az xəbər verir ki, o, ÇL-in Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilmiş “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) matçının baş hakimi olub.
Əliyara yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş oyunda qalib müəyyənləşməyib. “Parken” stadionunda təşkil edilmiş görüş 2:2 hesabıyla yekunlaşıb. Azərbaycan çempionu “Qarabağ”ın ÇL-in Liqa mərhələsindəki rəqiblərindən olan “Kopenhagen” bu görüşdə iki dəfə hesabda önə keçsə də (9-cu və 87-ci dəqiqələr), “Bayer” 82-ci və 90+1-ci dəqiqələrdə buraxılmış topların əvəzini çıxmağı bacarıb.
Əliyar Ağayev bu görüşdə 5 sarı vərəqəyə əl atıb. O, meydan sahiblərinin 3, qonaqların 2 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, “Kopenhagen” ÇL-in Liqa mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq. Sözügedən komandalar oktyabrın 1-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.