“Ermənistan tərəfinin qadınlardan ibarət hərbi birləşmə və ya hərbi hissələr yaratmaq məsələsini qabartması indiki məqamda anlaşılmaz görünür. Bir neçə gün əvvəl ölkənin baş naziri bildirdi ki, ordunun hərbi heyətini, yəni canlı qüvvəni azaldmağı planlaşdırırlar — “Ermənistana hücum etmək niyyətində heç kim yoxdur, ona görə ordunun böyük canlı qüvvəsinə ehtiyac görmürük” kimi açıqlamalar verildi. Bu halda qadınlardan ibarət əlavə hərbi birləşmələr yaratmaq niyyəti necə əsaslandırılmalıdır — bunun aydın izahı olmalıdır. Mümkündür ki, belə fikir sadəcə media spekulyasiyasıdır; amma əgər bu, reallıqdırsa, onun əsaslandırılması Ermənistanın ordunu NATO standartlarına uyğunlaşdırmaq istəyi ilə əlaqələndirilə bilər. Dünya təcrübəsində bəzi ölkələr ordunu kütləvi səfərbərlikdən peşəkar hərbi sistemə keçirməyi üstün tuturlar: sayca çox, amma hazırlıq baxımından zəif ordular yaratmaqdansa, mənbələri peşəkar hərbi birləşmələrin, texniki bazanın və hazırlığın gücləndirilməsinə yönəltmək daha məqsədəuyğundur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Ermənistanda qadınlardan ibarət ordu yaradılması planları gündəmə gəlib. Bu məqsədlə ordu rəhbərliyi müəyyən vəsait ayırıb və potensial kadrların hazırlanması istiqamətində işlər aparılır. Eyni zamanda, prosesdə effektivliyi artırmaq üçün Qərb ölkələrinin hərbi təcrübəsi öyrənilir.
Siyasi şərhçi qeyd edib ki, hər kəsi uzun müddət orduda saxlamaq və böyük vəsait xərcləməkdənsə, hərbçi olmaq istəyənləri müqavilə əsasında cəlb etməklə peşəkar ordu formalaşdırmaq daha məqsədəuyğundur.
“Ermənistan bu sistemə keçmək istəyirsə, yalnız kişilər yox, həm də qadınlardan ibarət peşəkar birləşmələr formalaşdırmaq arzusunda ola bilər. Dünyada bu yanaşmanın nümunələrini xüsusilə böyük dövlətlərdə görmək mümkündür. Əgər belə niyyət varsa, onun yalnız Azərbaycana və ya başqa bir tərəfə qarşı hesablanmış addım olmadığını düşünmək olar. Bununla belə, Ermənistanın kişilərdən ibarət ordusu Azərbaycan ordusuna qarşı yetərsiz qaldığı halda, qadınlardan ibarət ordunun hansı nəticə verə biləcəyi də sual olaraq qalır. Paşinyanın bəyanatları da göstərir ki, o, fiziki ordunun azaldılmasını və təhlükəsizliyin iqtisadi və siyasi vasitələrlə təmin olunmasını vurğulayır; Paşinyan özü də başa düşür ki, Ermənistan fiziki baxımdan genişmiqyaslı müharibə apara bilməz və məğlubiyyət qaçılmazdır. Azərbaycanda qadınların orduda xidmətə cəlb olunması məsələsinə gəlincə, hazırda buna ehtiyac görmürəm. 44 günlük zəfərdən sonra orduda islahatlar və peşəkar hərbi birləşmələrin qurulması istiqamətində işlər aparıldı — komanda mərkəzləri yaradıldı və bu proses bir neçə ildir davam edir. Azərbaycanda qadınlardan ibarət peşəkar ordu və ya qadınların məcburi həqiqi hərbi xidmətə cəlb olunmasından söhbət belə getmir və ehtiyac da yoxdur; Azərbaycan ordusunun səviyyəsi Ermənistanla müqayisədə fərqlidir”.
Siyasi şərhçi əlavə edib ki, əgər bir gün kimsə Azərbaycan suverenliyinə qarşı addım atarsa, ordu buna tam hazırdır və müxtəlif komanda birləşmələri, xüsusi təyinatlı qüvvələr və digər bölmələr kifayət qədər yüksək hazırlıq səviyyəsinə malikdir:
“Gələcəkdə, dünya təcrübəsini öyrənmək və uyğunlaşma baxımından, hərbiyə marağı olan və özünü hərbçi kimi görən xanımların könüllü və müqaviləli şəkildə xidmətə cəlb olunması təcrübəsi Azərbaycanda tətbiq oluna bilər. Amma indi belə bir təklifin ortaya çıxmasını real saymıram və belə bir məsələ barədə hər hansı təklif olmadığını da müşahidə etmirəm”.
Rəfiqə Namazəliyeva,
AzNews.az