AZ

"Paşinyanın təşəkkür bəyanatı sülhə doğru mesajdır" - Millət vəkili

Ermənistan Baş Naziri Nikol Paşinyan X sosial şəbəkəsində Azərbaycanla tarixi sazişin bağlanmasına görə Donald Trampa təşəkkürünü bildirib.

Onun bu kimi bəyanatları və müsbət ritorikası fonunda sual yaranır: Paşinyan yaxın zamanda sülh masası ətrafında imzasını ata biləcəkmi? Əgər belə olarsa, Ermənistan üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması hansı siyasi və iqtisadi üstünlükləri təmin edəcək?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Metbuat.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın Azərbaycanla tarixi sazişin imzalanmasına görə təşəkkür bəyanatı onun ritorikasında müəyyən müsbət tonun yaranmasının göstəricisi kimi qiymətləndirilə bilər:

“Bu, Ermənistan rəhbərliyinin getdikcə regionda formalaşan yeni reallıqlarla barışmağının əlamətidir. Sülh müqaviləsinin imzalanması Ermənistan üçün yeni siyasi və iqtisadi perspektivlər vəd edir. Ermənistan uzun illər davam edən təcrid vəziyyətindən çıxaraq regional əməkdaşlıq mühitinə qoşula biləcək. Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması Ermənistanın beynəlxalq nəqliyyat və logistika şəbəkələrinə inteqrasiyasını təmin edəcəkdir. Bu həm iqtisadi artım, həm də əlavə tranzit gəlirləri deməkdir. Eyni zamanda, investisiya mühitinin yaxşılaşması Ermənistanın iqtisadi asılılığını azaldacaq”.

Günay Ağamalı hesab edir ki, siyasi müstəvidə isə sülh müqaviləsi Ermənistanı davamlı münaqişə atmosferindən uzaqlaşdıraraq, qonşularla normal münasibətlərin qurulmasına yol açacaq:

“Hesab edirəm ki, bu Ermənistanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasını da təsir edəcək, regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Artıq ölkəmizlə paralel qardaş Türkiyə ilə də dövlətlərarsı münasibətlərinqurulması istiqamətində müsbət siqnalların şahidi oluruq. Bu isə Vaşinqton görüşünün müsbət tablosudur”.

Günay Ağamalı xüsusilə vurğulayıb ki, Azərbaycan hər zaman bölgədə dayanıqlı sülhün tərəfdarı olub:

“Dövlət başçımız Cənab İlham Əliyevin hər zaman söylədiyi kimi, müharibəyə son qoyuldu və bu gün regionda tarixi fürsət yaranıb. Ermənistan bu fürsəti düzgün qiymətləndirməli, xalqlarımızın rifahı və gələcəyi naminə sülh müqaviləsini imzalanması üçün Azərbaycanın qoymuş olduğu tələblərə riayət etməlidir”.

 

Gülbəniz Hüseynli 

Seçilən
6
2
hurriyyet.az

3Mənbələr