AZ

Azərbaycan-Ermənistan “vahid əmtəə bazarı” - Azərbaycan dominant mövqeyə sahiblənəcək...


Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra sülh sazişinə doğru atılan addımlar Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaradır. Xüsusən də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan birgə bəyannamə və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini artıq daha dinamik hala gətriirb.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni inkişaf mərhələsinin əsasını qoyur. Bu addım regionun perspektivli turizm məkanına çevrilməsinə şərait yaradır. Məsələ ilə bağlı “Euronews” kanalı isə qeyd edir ki, sülh fonunda 42 kilometrlik Zəngəzur dəhlizi üzərindən planlaşdırılan “TRIPP marşrutu” Azərbaycanın Naxçıvanla birləşməsini və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxışını təmin edəcək. Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqştşmidkanala bildirib ki, sülh sazişi ilə sərhədlərin açılması Cənubi Qafqazı vahid turizm məkanı kimi tanıtmağa və çoxölkəli turlar təşkil etməyə imkan verəcək. Kanal qeyd edir ki, sülh sazişi Azərbaycanı daha təhlükəsiz, açıq və əlçatan turizm istiqaməti kimi təqdim edir. Əgər əvvəllər Avropadan gələn səyahətçilər regionun sabitliyi ilə bağlı tərəddüd edirdilərsə, indi Cənubi Qafqaz yeni baxış bucağından görüləcək. Amma bütün bunlardan Ermənistanda narahat olanlar var. Məsələn, bir sıra erməni ekspertlər Türkiyə və ya Azərbaycanın kənd təsərrüfatı məhsullarının irimiqyaslı idxalından daha çox, turizm sektorunun problemlərlə üzləşcəyini düşünürlər. onların iddiasına əsasən, sərhədlər açılandan sonra Türkiyə və Azərbaycanın Ermənistan iqtisadiyyatını nəzarətə götürəcəyi gözləntiləri erməniləri narahat edir. Erməni iqtisadçı Razmik Terteryan hesab edir ki, turizm sektorunda böyük güc olan Türkiyə Ermənistan iqtisadiyyatını da bu yolla ələ keçirə bilər: “Türkiyə turizm sektorunun ən yaxşıları sırasındadır. Sərhədlər açılandan sonra Türkiyə Ermənistanda otellər alaraq, yenilərini tikə bilər. Bu halda həm də tikinti sektoruna çıxış əldə edə bilərlər. Otellərdən sonra mənzil tikintisi, daha sonra dövlət tenderlərində iştirak edən istehsal sektoru, infrastrukturun tikintisi, dəmir yolu və magistral yolları nəzarətə götürə bilərlər”. Erməni iqtisadçı qeyd edib ki, xidmət sektoru zəncirin əsas halqasıdır: “Türkiyə və Azərbaycan müsəlman ölkələrindən ucuz işçi qüvvəsi cəlb edə bilər. Bu isə illər keçdikcə demoqrafik dəyişiklik riskini yaradır. Çünki vətəndaşlığa ən sürətli yol qarışıq nikahlardır, nəticədə Ermənistanda müsəlman əhalisinin sayının artması baş verə bilər”. Terteryan iddia etdiyi bu risklərin qarşısını almaq üçün təkliflər irəli sürür. Onun fikrincə, Ermənistan hökuməti Türkiyə və Azərbaycan şirkətləri üçün xüsusi lisenziya prosedurları və digər məhdudiyyətlər qoymalıdır: “Eyni zamanda, Rusiya, İran, Çin və Avropa şirkətlərinə daha böyük imtiyazlar verilməlidir. Buna paralel olaraq, Ermənistanın əmək bazarında əcnəbilərin məşğulluq şərtlərini, eləcə də onların ölkəmizdə qalma müddətini sərtləşdirmək lazımdır”. Maraqlıdır ki, bundan öncə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək.

O bildirib ki, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq. Ərdoğan, həmçinin Zəngəzurun bütün region üçün sülh layihəsi olduğunu deyib. Onun sözlərinə görə, təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacaq. O da faktdır ki, Türkiyə və Azərbaycan sərhədlərini bağladıqdan sonra Ermənistan otuz il ərzində, təcrid vəziyyətində idi. Ermənistan, regional enerji və nəqliyyat layihələrindən kənarda qaldı və dünya bazarlarına çıxmaq üçün Gürcüstan və İrandan keçən daha uzun ticarət yollarından istifadə etməyə məcbur qaldı. Amma ikinci Qarabağ müharibəsindən sonra durum dəyişir. Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin həlli, Zəngəzur dəhlizi vasitəsilə münasibətlərin qarşılıqlı yumşaldılması istiqamətində atılan addımlar və əməkdaşlıq çərçivəsində müzakirələr Cənubi Qafqazın daha sabit regiona çevrilməsinə və regionun rolunun artırılmasına xidmət edəcək. Ermənistan parlamentinin spikeri Alen Simonyanın “vahid Ermənistan-Azərbaycan əmtəə bazarı” iddiası isə ölkə daxilində kəskin və geniş müzakirələrə səbəb olub. Alen Simonyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistan mağazalarında Azərbaycan məhsulları satılacaq. Azərbaycan paytaxtı Bakıda və digər şəhərlərdə isə erməni məhsulları əlçatan olacaq. O, hətta “ermənilər daha ucuz Azərbaycan benzini alacaqlar” deyərək, iqtisadi əməkdaşlığın qaçılmaz olduğunu vurğulayıb. Azərbaycan bazarına çıxış imkanları Ermənistan üçün həm qiymət sabitliyi, həm də enerji təhlükəsizliyi baxımından, həyati əhəmiyyət daşıyır. Amma bütün bunları Ermənistanda doğru başa düşməyənlər də var. İstənilən halda proses irəliləyir və münasibətlərdə yeni mərhələnin qarşısının alınması mümkün hesab olunmur.

Ramil QULİYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr