AZ

Vətən müharibəsi Zəfərinin bəxş etdiyi Suverenlik

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Müstəqilliyin ilk illərində qarşılaşdığımız ağır sınaqlar, siyasi və hərbi təzyiqlər xalqımızın azadlıq iradəsini sarsıda bilmədi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində müstəqilliyimiz qorunaraq möhkəmləndirildi, dövlətçiliyimizin sarsılmaz təməlləri qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz suveren hüquqlarını tam şəkildə təmin etmiş, ərazi bütövlüyünü bərpa etmiş, regionun aparıcı dövlətinə çevrilmişdir.

XX əsrin sonlarında azadlıq hərəkatının güclənməsi, xalqın birliyi və siyasi iradəsi nəticəsində Azərbaycan öz müstəqil dövlətini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində torpaqlarımızın bir hissəsi işğal altına düşdü, yüz minlərlə soydaşımız öz yurd-yuvasından didərgin salındı. Buna baxmayaraq, xalqımız öz azadlıq əzmini qorudu, dövlətçiliyini möhkəmləndirdi və milli iradəsindən dönmədi. Tariximizin müxtəlif mərhələlərində xalqımız saysız-hesabsız sınaqlarla üzləşmiş, çətinliklərə, məhrumiyyətlərə və işğallara məruz qalmışdır. Amma heç bir qüvvə xalqımızın müstəqillik iradəsini, dövlətçilik arzularını sarsıda bilməmişdir. Çünki Azərbaycan xalqının ruhunda azadlıq sevgisi, müstəqillik əzmi və milli dövlətə sahib olmaq istəyini heç vaxt boğmaq mümkün olmayıb. Ermənistan silahlı birləşmələrinin 1990-cı illərin əvvəllərində baş verən hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal olunmuşdu. Bu vəziyyətə beynəlxalq reaksiya verildi: BMT Təhlükəsizlik Şurası 1993-cü ildə bir sıra qətnamələr qəbul edərək işğal edilmiş ərazilərdən qoşunların dərhal, tam və şərtsiz çıxarılmasını tələb etdi. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Lakin 2020-ci ilin payızında Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və dövlət rəhbərliyinin qətiyyəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Tarixi ədalət bərpa olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat isə bölgədə yeni siyasi reallıqların əsasını qoydu.

Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa, ədalətə və sülhə sadiq qalmışdır. Lakin uzun illər ərzində torpaqlarımızın bir hissəsində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu, təxribatlar və terror aktları ölkəmizin təhlükəsizliyinə, regionun sabitliyinə ciddi təhdidlər yaradırdı. Bütün dövlətlər, beynəlxalq təşkilatlar şahidilər ki, Azərbaycan dəfələrlə bu qanunsuz silahlı dəstələrin tərksilah edilməsini tələb etmiş, beynəlxalq tərəfdaşları vasitəçiliyə çağırmış, sülh çağırışlarını səsləndirmişdir. Təəssüf ki, bu çağırışlar cavabsız qalmış, terrorçu qruplar yeni təxribatlara əl atmaqdan çəkinməmişdir. II Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlət suverenliyini daha da gücləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il 23 aprel tarixində Azərbaycan hökuməti mühüm addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu. Belə bir şəraitdə Azərbaycan dövləti 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur oldu. Bu tədbirlərin əsas məqsədi ölkəmizin suverenliyini və konstitusiya quruluşunu bərpa etmək, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək idi. Qısa müddətdə aparılan bu əməliyyatlar yüksək peşəkarlıqla həyata keçirildi. Dinc əhaliyə zərər dəymədi, mülki infrastruktur qorundu. Azərbaycan bir daha sübut etdi ki, bütün addımlarında beynəlxalq humanitar hüquqa sadiqdir.

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Dövlət bayrağımız Qarabağın hər guşəsində ucaldıldı, qanunsuz silahlı qruplaşmalar tərksilah edildi. Bu, həm də bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində həlledici addım oldu. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və inkişaf etdirmək tarixi varlığının, milli iradəsinin ən yüksək zirvəsidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız hüquqi sənədin qəbul edilməsi faktı deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli özünüdərk prosesinin, dövlət quruculuğu əzminin təntənəsi idi. Bu gün bizə xatırladır ki, Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda bütün sınaqlardan keçərək öz milli dövlətini bərpa etmişdir. Bu, sadəcə siyasi hüquq deyil, həm də milli kimliyin, şərəfin və gələcək nəsillərə miras qoyulan ən müqəddəs dəyərdir. Azərbaycan xalqı əmindir ki, dövlət suverenliyi əbədi və dönməzdir. Bu, bütün vətəndaşlarımız üçün həm fəxarət mənbəyi, həm də gələcək inkişafımızın təminatıdır. Azərbaycan xalqı üçün də bu amal əsrlər boyu ən böyük hədəf olmuş, hər bir nəsil öz gücü, əzmi və mübarizəsi ilə bu yolun bir hissəsini qət etmişdir.

20 sentyabr 2024-cü il tarixi Azərbaycan üçün ikiqat önəm daşıyır: Dövlət Suverenliyi Gününün qeyd ediləcəyi gün və Qarabağ Universitetinin təmirdən sonra açılışı. Bu gün eyni zamanda, Azərbaycan dövlətinin torpaqlarının işğaldan azad edilməsi, suverenliyin bərpası və gələcək nəsillərin elm və təhsil yolu ilə inkişafı üçün yeni imkanların yaradılması kimi tarixi mərhələnin davamıdır. Prezident İlham Əliyev bu əlamətdar gündə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə çıxış edərək, dövlətin bu sahəyə olan yüksək diqqətini, tələbələrin və müəllimlərin üzərinə düşən məsuliyyəti və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu. Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam şəkildə təmin etmişdir. Bu uğur qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunmuşdur. Ərazi bütövlüyü və suverenlik sadəcə hüquqi anlayış deyil, xalqımızın milli sərvətidir. Bu sərvəti qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. 2025-ci ildə Azərbaycan xalqı ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platformadır.                                

Həbib Misirov,

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
yeniazerbaycan.com

2Mənbələr