AZ

Rəşad Bayramov: “Avropa heç kəsə Ukraynaya qoşun göndərməyib”

“Əvvəlcə qeyd edim ki, Ukraynaya qoşun göndərmək niyyətini dilə gətirən Avropa İttifaqı ölkələri, həmçinin ittifaqa üzv olmayan, lakin Ukraynanın təhlükəsizliyində iştirak etmək istədiklərini bildirən dövlətlərin — sayının 26 olduğu göstərilir — heç biri hazırkı mərhələdə Ukraynaya qoşun yerləşdirmək barədə konkret bəyanat verməyib. Bütün açıqlamalarda ortaq məqam odur: qoşun göndərilməsi yalnız atəşkəs elan olunacağı və ya sülh razılaşması əldə ediləcəyi təqdirdə, Ukraynanın gələcək təhlükəsizliyinin təminatı məqsədilə müzakirə edilə bilər. Başqa sözlə, aktiv döyüş şəraitində belə bir addım nəzərdə tutulmur. Beynəlxalq hüquq və suverenlik prinsipləri baxımından da Ukraynanın gələcəkdə hansı ölkələrin hərbi kontingentlərini qəbul edəcəyini müəyyən etmək haqqı var”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinə xəbərdarlıq edib. O bəyan edib ki, əgər Avropa Ukraynaya qoşun göndərmək barədə qərar versə, həmin qüvvələr legitim hərbi hədəf hesab olunacaq. Bununla yanaşı, Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazır olduqlarını bildirən 26 ölkənin adı çəkilir. Ekspertlərin bir qismi Rusiyanın hazırkı şəraitdə genişmiqyaslı müharibə aparacaq hərbi potensiala sahib olmadığını qeyd edir, digərləri isə Putinin “gizli silah” amilinə istinad edirlər.

Siyasi şərhçi bildirib ki, necə ki, Rusiya öz ərazisində Şimali Koreya qoşunlarını yerləşdirə bilir, eləcə də sülh dövründə Ukrayna təhlükəsizliyini möhkəmləndirmək məqsədilə xarici hərbi qüvvələri qəbul etmək hüququna malikdir.

“Sergey Lavrovun “belə qüvvələr legitim hədəfə çevriləcək” xəbərdarlığı əsasən aktiv döyüşlər dövrünə aid görünür. Sülh əldə olunduqdan sonra belə bir iddianın hüquqi və siyasi əsasları zəifdir və praktiki baxımdan tətbiq olunması çətindir. Bunu daha da gücləndirən iki fakt var. Birincisi, Ukraynaya təhlükəsizlik təminatı verəcək ölkələrin böyük hissəsi NATO üzvləridir ki, bu, Moskvanın əlavə cəbhə açmaq imkanını məhdudlaşdırır. İkincisi, Rusiya hazırkı mərhələdə əlavə cəbhələr üçün yetərli silah, texnika və canlı qüvvəyə malik deyil. Nüvə arsenalını xatırlatması isə siyasi siqnaldır, real əməliyyat variantı deyil — xüsusilə də təhlükəsizliyi təmin edəcək tərəflərin bir hissəsi nüvə dövlətləridirsə. Mövcud açıqlamalar arasında da fərqliliklər var: bəziləri yalnız kəşfiyyat və informasiya dəstəyi vəd edir, Birləşmiş Ştatlar isə qoşun göndərməyəcəyini, lakin hava hücumundan müdafiə və aviasiya dəstəyi ilə yardım edə biləcəyini bildirir; digərləri isə yalnız logistika və texniki təminat təklif edir. Bu cür müxtəlif mövqelər göstərir ki, hazırkı mərhələdə heç bir dövlət Ukrayna ərazisinə qoşun yerləşdirməyi düşünmür. Nəticə olaraq: Avropa ölkələri və tərəfdaşlar hazırda qoşun göndərmək niyyətində deyillər; gələcəkdə sülh əldə olunduqda Ukraynanın qoşun yerləşdirməsi Rusiyanın qadağan edə biləcəyi məsələ deyil; və belə bir kontingent yerləşdirilsə belə, Rusiyanın onları açıq hədəfə çevirməsi praktik olaraq reallaşa bilməz. Lavrovun açıqlamaları isə daha çox psixoloji və siyasi təzyiq xarakteri daşıyır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
13
aznews.az

1Mənbələr